4 İyul 2014 11:25
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərdar Cəlaloğlu: "İyul ayı ölü aydır"

Azərbaycan Demokrat Partiyası (ADP) yay tətilinə çıxıb. Bu haqda qərarı ADP İdarə Heyəti verib. Partiya iyul ayı ərzində fəaliyyət göstərməyəcək, üzvləri və rəhbər heyəti isə istənilən yerə gedə biləcək.
ADP sədri Sərdar Cəlaloğlu məlumatı təsdiqləyib.

Həmçinin əlavə edib ki, ADP rəhbərliyində təmsil olunan şəxslərin böyük əksəriyyəti oruc tutub. Onun sözlərinə görə, bəzi xəstə şəxslər var ki, onlar oruc tutmayıb və tutmaları da səhhət baxımından doğru deyil:

"Ancaq oruc tutmaq məsələsi partiya rəhbərliyinin qərarından asılı deyil. Yəni mən oruc tuturam deyə digərləri də tutmalıdır kimi bir anlayış yoxdur. Düşündük ki, üzvlərimiz orucunu rahat icra etsin, həm də işə gəlib burada nə edəcəklər ki? İyul ayı ölü aydır. Dedik ki, istirahət etsinlər. Bu ay ərzində ADP İdarə Heyətinin iclasları keçirilməyəcək. Əgər ortaya təcili bir hadisə çıxsa, İdarə Heyətinin toplantısını çağıracağıq. Amma belə baxıram ki, bunun üçün əsas olmayacaq. ADP hər il yay mövsümündə bir aylıq tətilə gedir. Ötən il avqust ayında getmişdik. Orucluq hansı aya düşürsə, biz də tətili həmin aya salırıq".

Sərdar Cəlaloğlu əlavə edib ki, onlar təmsil olunduğu "Qarabağ" blokunu da məzuniyyətə göndəriblər:

"Partiyada insanlar ictimai əsaslarla çalışsa da, onlar da insandır və Konstitusiya ilə istirahət hüququ var. Yoxsa, biz partiyanın başında dururuq deyə hər şeyi bildiyimiz kimi etmək doğru olmaz. Əmək Məcəlləsi və Konstitusiyaya əsasən hər bir vətəndaşın ildə bir dəfə istirahət hüququ var. Biz bu hüququ onların əlindən ala, müxtəlif bəhanələr irəli sürə bilmərik. Odur ki, son 20 ildə biz hər il ildə bir dəfə məzuniyyət veririk, şənbə və bazar günləri işləmirik. Yerdə qalan günlər isə səhər saat 10.00-dan axşam saat 18.00-a qədər işdə oluruq. Digər partiyalarda bu məsələlərin necə olduğu haqda dəqiq informasiyam yoxdur. Mənim təmasda olduğum partiyalarda əslində bu məsələyə ciddi yanaşmırlar. Biz hökuməti nədəsə tənqid etsək də, özümüz, adətən, o şeylərdə hökumətdən də çox uzağa gedirik. Bu Azərbaycan müxalifətində bir ənənədir. Hökuməti dialoqa gəlməməkdə ittiham edirik, amma özümüz öz aramızda dialoq aparmırıq. Vəziyyət bundan ibarətdir".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər