18 İyul 2014 10:54
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhəçilər İsa Qəmbərin müşavirinə cavab verdi

AXC-nin yaranmasının 25 illiyini qeyd etmək üçün AXCP-nin Bakının mərkəzindən xeyli uzaqda olan Əmircandakı mədəniyyət evinə üz tutmasını tənqid edən Müsavat funksionerinə cəbhəçilərdən cavab gəlib.

Müsavat başqanının müşaviri Səxavət Soltanlı AXC-nin 25 illik yubileyini Əmircanda keçirən AXCP haqqında danışarkən deyib ki, Müsavat Partiyasının qurultayını keçirmək üçün Əmircandakı mədəniyyət evinin zalına getməmələrinin səbəblərindən biri də Azərbaycan müxalifətinin tədbirlərinin daha yaxşı yerdə keçirilməsinə nail olmaq olub. Onun sözlərinə görə, bu, özünə hörmətdən irəli gəlir: “Lakin AXCP Əmircana getməklə qeyd etdiyim xarakteri aradan qaldırdı”.

AXCP-nin Əmircandakı Səttar Bəhlulzadə adına mədəniyyət mərkəzində yubileyi qeyd etməsini ciddi tənqid edən müşavir bildirib ki, vəziyyət qəlizdir: “Bəzi ”radikal" müxalifət partiyalarına ora get deyilən kimi gedirlərsə, deməli, vəziyyət qəlizdir".

“Təmtəraqlı tədbirimiz müsavatçıları qıcıqlandırır”

AXCP-də hesab edirlər ki, başqanın müşavirinin fikirləri qərəzdən doğur: “AXCP-nin təşkil etdiyi qurultayın təmtəraqlı keçməsi bəzi müsavatçıları qıcıqlandırır. O üzdən belə yanaşmalar ortaya atılır. Səxavət bəy iddia edir ki, guya Müsavat Partiyası uzaqda yerləşdiyi üçün Əmircandakı mədəniyyət mərkəzində qurultay keçirmir. Halbuki, partiyanın rəsmi açıqlamalarında qeyd olunur ki, həmin mədəniyyət mərkəzi balaca olduğu üçün orada min nəfər qurultay nümayəndəsinin yerləşdirilməsi mümkün deyil”.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl AXCP Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək AXC-nin 25 illik yubileyini keçirmək üçün müvafiq yer ayrılmasını istəyib. Bakı meriyası da AXCP-yə öz tədbirini keçirmək üçün Əmircandakı mədəniyyət mərkəzini təklif edib. Partiya bu mərkəzin şəhərdən kənarda olmasına baxmayaraq razılaşıb və ötən gün tədbirini təşkil edib. Eyni yer Müsavatın qurultayı üçün də təklif edilsə də, amma onlar razılaşmamışdı.

AXCP-nin tədbirində iştirak edən Müsavatın Divan üzvü Tural Abbaslı isə İsa Qəmbərin gənc müşavirindən fərqli olaraq AXCP-nin işini analiz etmək istəmədiyini söylədi: “Müsavat Divan üzvü kimi Rəsulzadə-Elçibəy yolunda olan istənilən partiyanın uğurlarına sevinirəm. Əgər cəbhəçilər tədbiri uğurlu sayırsa, buna mən də sevinirəm. Cəbhənin tədbirində hər hansı problem axtarmağın tərəfdarı deyiləm. Hər bir partiya addımına və keçirdiyi tədbirinə özü qiymət verir, qarşılığını da özü alacaq”.

“Qurultayımızın Əmircanda keçirilməsini istəmirəm”

O, Müsavatın qurultayının Əmircandakı Səttar Bəhlulzadə adına mədəniyyət evində keçirilmə imkanlarından danışıb: “AXCP-nin tədbirində iştirak edəndə içimdə burada qurultay keçirmək imkanının olub-olmadığını müşahidə etdim. O mədəniyyət evinin qurultay üçün əlverişli şəraiti yoxdur. Zal cəmi 400 nəfər tutur. Səhnə nasaz vəziyyətdə, havalandırma sistemi yox idi. 1 saatlıq tədbirdə insanlara su paylayırdılar. Qurultay hətta 8-9 saatlıq tədbirdir, məruzələr olur, müxtəlif orqanlara seçkilər keçirilir. Texniki baxımdan o zal şəraitsizdir. Mən də istəyərəm ki, Müsavat hansısa tədbirini Əmircanda keçirsin. Məsələn, İsa Qəmbərin əhali ilə görüşü, yaxud Müsavatın 100 illiyi ilə bağlı 2 saatlıq tədbirini 300-500 nəfər tutan zalda keçirmək mümkündür. Amma qurultay tamam başqa anlayışdır. Qurultayda texniki imkanlar vacibdir, səsgücləndirici sistem, səsvermə qutuları, kabinələrin qurulması üçün şərait olmalıdır. Mən şəxsən Müsavatın Əmircanda qurultay keçirməsini istəmirəm”.

Qeyd edək ki, AXCP-nin Ali Məclisinin sessiyasında partiyanın qurultayının noyabr ayında keçirilməsi barədə razılığa gəlinib. Partiya qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət edəcəklər.

AXCP-nin Müsavatın ziddinə gedib hətta Bakı meriyasının Əmircandakı mədəniyyət evində qurultay keçirəcəyini indidən müəyyən etmək elə də çətin deyil.

KƏMALƏ


Müəllif:

Oxşar xəbərlər