23 İyul 2014 11:16
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Əliyev: "İsa Qəmbər Müsavatı AXC-dəki liberallarla qurdu"

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Azərbaycan Xalq Cəbhəsinin 25 illik yubileyi ilə bağlı maraqlı fikirləri ilə diqqəti cəlb edib.

Əli Əliyev xatırladıb ki, ötən həftə AXC-nin yaranma günü qeyd edildi: "Bizim nəslin şüurlu həyatının həmyaşıdı olan bu nəhəng tarix yaddaşlarda təzələndi. Amma AXC-də iki fərqli düşüncə hökm sürürdü. Bu fərqli düşüncənin daşıyıcıları bir tərəfdə SSRİ-nin mövcudluğu dönəmində Milli-Azadlıq hərəkatını başladanlar, digər tərəfdə isə imperiyanı, onun vasitəsilə hakimiyyətlərini və statuslarından doğan imtiyazlarını qoruyub saxlamaq istəyən partnomenklatura. Ötən əsrin 89-91-ci illərində bu 2 təbəqənin dəyərlər sistemi arasında gedən savaş Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə nəticələndi. Son həftə ərzində hər iki düşərgənin təmsilçiləri çox yaxın tariximizə öz münasibətlərini, qiymətləndirmələrini təqdim etdilər. Düşünürəm ki, hər təqdimatda yanlışlıqlar var idi. Məhz AXC-nin fəaliyyəti nəticəsində gerçəkliyə çevrilmiş dövlət müstəqilliyimizin bərpası tariximizin ən şanlı səhifələrindəndir".

Ə.Əliyev təəsüflə deyib ki, keçmiş AXC-çilər də tarixi hadisələrə ədalətli yanaşmır, o dövrdə xalqın hərəkatın rəhbərliyi altında əldə etdiyi nailiyyətləri öz adlarına çıxarmağa cəhdlər göstərirlər:

"Belə ki, 1989-cu ilin iyulunda keçirilmiş təsis konfransından sonra, AXC ölkənin yeganə leqal siyasi təşkilatı olaraq, iyul ayının 29-dan etibarən silsilə mitinq dalğasına start verdi. O dövrdə təşkilatın sıralarında müxtəlif siyasi baxışlara, mentallığa, məqsədlərə sahib olan insan və qrupların təmsil olunması bir fakt idi. 1990-cı ilin yanvarın 6-7-də AXC-nin səlahiyyətli III konfransı keçirildi. Həmin konfrans təşkilat daxilində ilk ideoloji fikir ayrılığına başlanğıc verdi. Konfrans ideoloji olaraq, AXC İdarə Heyətini, onun da nümunəsində təşkilatı əsasən üç yerə böldü. Solçular faktiki olaraq, Zərdüşt Əlizadə və Leyla Yunusun timsalında kənara çəkildilər. İdarə Heyətinin daxilində 2 əsas qrup: liberal və radikal şərti adlandırılan qruplar formalaşdı. Qrupların mübahisə tezisi sadə idi. "Radikallar"milli dövlət quruculuğundan demokratik cəmiyyətə, "liberallar" isə SSRİ-ni demokratikləşdirmək yolu ilə milli dövlətə sahiblənməyi mümkün sayırdılar".

VİP sədri əlavə edib ki, AXC-nin 3-cü konfransında başlamış fikir ayrılığı həmin dövrdən hərəkatın daxilində gələcəkdə bərpa olunmayacaq çata başlanğıc verdi: "Fikrimcə, AXC-nin bütöv hərəkat olmasına ideoloji baxımdan həmin konfransında xitam verildi. Həmin dövrdən başlayaraq, sosial-demokratlar cəbhədən uzaqlaşdılar. AXC-nin I qurultayından sonra bu qəlpələnmə vüsət aldı. Hərəkatın bazası üzərində öncə ADP, 1992-ci ilin iyulunda AMİP, daha sonra VHP və digər partiyalar təsis edildi.

1992-ci il hakimiyyət dəyişikliyindən sonra, spiker postu ilə bərabər prezident səlahiyyətlərini icra edən İsa Qəmbər, əsasən, AXC İdarə Heyətinin liberalları ilə birlikdə inzibati resurslardan geniş faydalanmaqla Müsavat partiyasını qurmağa başladı. Bir illik hakimiyyətin sonuna yaxın iqtidar komandasının əhəmiyyətli hissəsi artıq Müsavatın üzvləri idi.

Yalnız bu nümunələr əsas verir ki, yubileyi qeyd olunan təşkilatın bütün hərəkatçılara aid olduğu qənaətinə gələsən. 25 illik təşkilatın uğuru bütün hərəkatçıların uğuru, məğlubiyyəti də hamının məğlubiyyətidir. Azadlığı vətənimizə əlahiddə bir partiya deyil, bütöv hərəkat gətirib. Keçmiş hərəkat yoldaşlarımıza səslənərək deyirəm ki, özlərini tarixi hər addımda saxtalaşdırmağa cəhd edən digərlərinə oxşatmasınlar. Bu yubiley bizləri bir araya gətirə bilmədi. Çünki hisslərimizin əsiriyik".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər