“Məhz bundan sonra hansısa qüvvələr NATO yox, ABŞ-ın hərbi bazası statusunda – həm də məhdud sayda - Azərbaycanda yerləşdirilə bilər”.
Bu sözləri politoloq Ərəstun Oruclu Qərblə Bakının hərbi müttəfiq olması ilə bağlı məsələni şərh edərkən deyib.
O, ABŞ-la Azərbaycan arasında onsuz da münasibətlərin yerində olduğunu söyləyib:
“Konqresdə qəbul olunmuş yeni qanunla bağlı ABŞ prezidentinə tövsiyə olunur ki, Azərbaycan və bir sıra digər ölkələrlə hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində səylər gücləndirilsin. Bu, daha çox tövsiyə xarakteri daşıyır. Həm də bu, Azərbaycanın ABŞ-ın hərbi müttəfiqi olması demək deyil. Müttəfiqlər yalnız Şərq Tərəfdaşlığı müqaviləsini imzalayan Gürcüstan, Moldova və Ukraynadır. Azərbaycanla ABŞ arasında onsuz da müəyyən əməkdaşlıq var və bunun səviyyəsi heç də aşağı deyil. Azərbaycanla ABŞ arasında hərbi məsləhətləşmələr proqramı var. Burada müəyyən işlər görülür. Bunların nədən ibarət olduğunu söyləmək bir qədər çətindir. Belə şeylər daha çox gizli saxlanılır”.
Politoloq Rusiya təhlükəsindən qorunmasından ötrü ABŞ bazalarının Azərbaycanda yerləşdirilməsinin gerçək olmadığını bildirib:
“Azərbaycan və ya Cənubi Qafqazda ABŞ bazalarının yerləşdirilməsi hələ asan məsələ deyil. Ona görə asan deyil ki, bunun hüquqi bazası olmalıdır. NATO və ABŞ hərbi bazalarının ümumiyyətlə Azərbaycanda yerləşdirilməsi yaxın zamanlarda planda olmayan, düşünülməsi planlaşdırılmayan bir məsələdir. Qeyd elədiyim qanun Azərbaycana da şamil olunmalıdır ki, Bakı ABŞ-ın hərbi müttəfiqi olsun. Məhz bundan sonra hansısa qüvvələr NATO yox, ABŞ-ın hərbi bazası statusunda - həm də məhdud sayda - Azərbaycanda yerləşdirilə bilər. Bunun üçün isə Azərbaycan öz xarici siyasət və təhlükəsizlik prioritetlərini müəyyən etməlidir. Rəsmi olaraq Gürcüstan, Ukrayna və Moldova bunu elədi. Bakı isə hələlik belə bir addımı atmaqda həvəsli görünmür. Nə qədər ki, Azərbaycan tərəfi belə bir addım atmayıb, bunun reallaşması uzun illərin problemi olacaq. Yaxın zamanlarda ABŞ hərbi bazalarının Azərbaycanda reallaşması qeyri-realdır”.
/axar.az/