Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, martın 28-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 269, o cümlədən borclu şəxs qismində axtarışda olan 217 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 39 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
Bundan başqa, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Martın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 12 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 13 qumbara, 4 alışdırıcı, 25 tüfəng, 7 patron darağı və 97 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 28-də ümumi çəkisi 50 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,8 kiloqramdan artıq heroin, 39 kiloqrama yaxın marixuana, 2,7 kiloqramdan çox tiryək, 2 kiloqramdan artıq metamfetamin, həmçinin 2155 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 28-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 2 avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 20 patron darağı, 3640 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.