Fransa PSJ-sinin sabiq futbolçusu Neymar Kilian Mbappe və Lionel Messi ilə münasibətlərindən danışıb.
Teleqraf.com xəbər verir ki, braziliyalı hücumçu Paris komandasında ikən fransalı forvardla fikir ayrılıqlarının olduğunu təsdiqləyib.
"Mbappe ilə bəzi problemlərim var idi. Biz bir qədər mübahisə etmişdik. Hərçənd, əvvəllər hər şey yaxşı gedirdi. O, evimə gəlir, birlikdə nahar edirdik. Lakin Lionel Messi də PSJ-yə gəldikdən sonra Kilian qısqanmağa başladı. Onun davranışları dəyişdi. İstəmirdi ki, başqası ilə münasibətim olsun. Bax, o zaman mübahisələr oldu".
Neymar Messinin İspaniya futboluna uyğunlaşmasına kömək etdiyi günü də xatırlayıb: "Barselona"ya 21-22 yaşımda gəlmişdim, Braziliya millisinin heyətində İspaniyanı udub Konfederasiyalar Kubokunu yenicə qazanmışdıq. Altı ay idi ki, heç kimə qarşı driblinq edə bilmirdim, hər şeyi səhv edirdim. Lakin Messi ilə söhbət yeni komandaya uyğunlaşmağıma kömək etdi. Məni tam ümidsizliyə salan bir gün oldu, "Atletik"lə oyunun fasiləsində çox əsəbiləşdim, ağlamağa başladım. Sonra Messi qapını döydü və niyə ağladığımı soruşdu. Cavab verdim ki, heç nə yoxdur. Mənə kömək etmək üçün orada olduğunu və "Santos"dakı futbolumu təzyiq etmədən oynamalı olduğumu, ona arxalana biləcəyimi söylədi. Nəticədə daha inamla, daha həyəcanla işləməyə başladım”.
Xatırladaq ki, Neymar PSJ-də 2017 - 2023-cü illərdə çıxış edib. Kilian Mbappe Paris komandasını 2024-cü ildə tərk edib. 2023-cü ildə isə Lionel Messi Fransa klubundan ABŞ təmsilçisi "İnter Mayami"yə yollanıb.