UEFA Avropa Liqasında Türkiyənin daha bir təmsilçisi "Beşiktaş" bu gün VII tur matçında İspaniya "Atletik"ini qəbul edəcək.
Teleqraf.com-un məlumatına görə, İstanbuldakı "Tüpraş" stadionunda Bakı vaxtı ilə saat 19:30-da başlanacaq görüşü avstriyalı referi Yulian Vaynberger idarə edəcək.
Əvvəlki 6 qarşılaşmadan 2 qələbə və 4 məğlubiyyətlə ayrılan "ağ-qaralar" hazırda 6 xalla 28-ci yerdə gedir. Rəqib komanda isə 5 qələbə, 1 heç-heçə və 16 xalla İtaliya "Latsio"su ilə birlikdə ilk 2 yeri bölüşür. Cəmi 2 top buraxan "Atletik" bu göstəricidə 36 komanda arasında liderdir.
Bu görüş həm də Ule-Qunnar Sulşerin "Beşiktaş"ın baş məşqçi postunda ilk sınağı olacaq. Norveçli mütəxəssis "qartallar"la sonradan daha 1 il uzadıla bilməsi şərti ilə 2,5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, ilk oyun günündə Türkiyənin daha bir təmsilçisi "Qalatasaray" öz meydanında Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə heç-heçə edib - 3:3.