Rusiyanın “Zenit” klubu Braziliya "Botafoqo"sundan transfer etdiyi futbolçu Luis Enrike üçün 33 milyon avroluq ödənişi Fransa “Lion”unun hesabına köçürəcək.
Teleqraf.com Fransanın “L'Équipe” nəşrinə istinadən xəbər verir ki, bu, hər iki klubun eyni şəxsə - amerikalı sahibkar Con Tekstora məxsus olması ilə bağlıdır. Oyunçunun transfer hüququ isə "Lion"a məxsusdur. "Şirlər" bu qazanc sayəsində transfer qadağasından qurtula biləcəklər.
24 yaşlı cinah yarımmüdafiəçisi "Zenit”lə 4,5 illik müqavilə imzalayıb. Sankt-Peterburq təmsilçisi 33 milyon avro ödəməklə yanaşı, sözləşməyə daha 2 milyon avro bonus daxil edib.
Qeyd edək ki, 2024-cü ildə Luis Enrike “Botafoqo” ilə birlikdə Braziliya çempionatının və Libertadores Kubokunun qalibi olub. “Lion” isə UEFA Avropa Liqasının V turunda “Qarabağ”ın rəqibi olub. Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüş Fransa klubunun qələbəsi ilə yekunlaşıb - 4:1.