5 İyun 2020 12:50
4 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur nəsildən olan musiqiçi, şairə, prodüser Zəhra Bədəlbəyli Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

- Zəhra xanım, sizi hər kəs xalq artisti Fərhad Bədəlbəylinin qardaşı qızı kimi tanıyır. Halbuki sizin əminiz yazıçı Çingiz Abdullayevdir. Buna səbəb nədir?

- Düzü, necə tanındığımı o qədər bilmirəm. Hətta soyadıma görə çoxları düşünür ki, Fərhad Bədəlbəylinin qızıyam. Halbuki Fərhad Bədəlbəyli dayımdır, qızı isə bacım kimidir. Qızı ilə birlikdə Bülbül adına Orta İxtisas Musiqi məktəbini bitirmişik. Sonra o musiqi sahəsinə getmədi, mən isə musiqiyə gəldim. Bakı Musiqi Akademiyasında təhsil aldım. O illərdə soyadım Bədəlbəyli kimi getmirdi.

Sonra "Avroviziya" mahnı müsabiqəsinə söz yazdığıma görə fikirləşdik ki, rəsmi olaraq Bədəlbəyli soyadı səslənsin. Çünki bu soyadın Azərbaycan mədəniyyətində sanbalı var. Ona görə bütün ailə üzvlərim məsləhət gördü ki, Bədəlbəyli soyadının qeyd edilməsi daha yaxşı olar. Bu baxımdan Çingiz Abdullayev birinci sırada idi, dedi ki, mütləq Bədəlbəyli soyadı getsin.

Çingiz Abdullayev və Fərhad Bədəlbəyli mənim üçün əziz insanlardırlar. Fəxr edirəm ki, onların qohumuyam. Mənim soyadımsa Rzayeva idi. Atamın soyadı Rzayevdir.

- Hansısa bir problemlə üzləşəndə Fərhad Bədəlbəyliyə, yoxsa Çingiz Abdullayeva müraciət edirsiniz?

- Ümumiyyətlə, düşünürəm ki, həyatda problem deyilən bir şey yoxdur. Sadəcə hansısa məqamlar olur ki, onu keçmək lazım gəlir. Onları da özüm həll etməyə, özüm keçməyə çalışıram. Bəzən dostlarıma da müraciət edirəm.

- "Avroviziya" komitəsinin üzvü olmusuz, müsabiqədə təmsil olunduğumuz ilk mahnının sözlərini yazmısız. Sizinlə birlikdə çalışanlar televiziyada fəaliyyətlərinə davam edirlər. Maraqlıdır, sizə televiziyadan təklif varmı? Aparıcı kimi fəaliyyət göstərmək istəyərsinizmi?

- Maraqlı sualdır. Əslində təkliflər də var. "Avroviziya" mahnı müsabiqəsinə qoşulanda bizim qrupumuz vardı. Onlar televiziyada işləyirdilər. Həmin vaxt Gənclər və İdman Nazirliyində də çalışırdım.

"Avroviziya" seçim turlarında resjissor kimi çıxış edirdim. 2010-cu ildə tədbirin quruluşçu rejissoru olmuşam. Əlbəttə, televiziya təcrübəsi də qazandım. Bununla yanaşı layihələrdə prodüser və münsif heyəti kimi də iştirak edirdim.

Dediyim kimi televiziyada təkliflər gəlir, sadəcə bu dəqiqə özümü orada görmürəm. Aparıcı kimi fəaliyyətimə gəlincə danışıq qabiliyyəti və tələffüzü düzəltmək lazımdır.

- Müğənnilər Nigar Camal və Eldar Qasımov da rus dillidirlər, AzTV-də veriliş aparırlar...

- Bunun üçün üzərimdə çalışmalı olacam. Bu məni qorxutmur. Amma hazırda başqa layihələrlə məşğulam. Ola bilər, fikrim dəyişdi və hansısa televizya layihəsinə qoşuldum.

- Hansı telekanalı seçərsiniz?

- Əslində, mənə dəqiq layihə təklif olunmayıb. Amma konkret layihəyə dəvət alsam icra edərəm. Hansısa pilləyə gələn insanlar təcrübələrini bölüşəndə maraqlı olur.

- Son zamanlar AzTV və İTV daha çox inkişaf edir. Bu iki kanaldan hansında fəaliyyət göstərmək istəyərsiniz?

- Çətin sualdır. Çünki 10 ilə yaxındır televiziyaya baxmıram. Ona görə seçimdə çətinlik çəkirəm. Amma seçim olsaydı, ya AzTV, ya da Xəzər televiziyası olardı. Çünki orada baş verənlər maraqlıdır, dostlarım orada işləyirlər. Başqa televiziyalarda da tanıdığım və hörmət etdiyim insanlar var. Düşünürəm ki, televiziya sahəsində son zamanlar çox müsbət dəyişikliklər baş verir. Bu, sevindirici haldır. Bunu isə sosial şəbəkələrdə görürəm. Maraqlı mövzu olsa, aparıcı, yaxud bədii rəhbər kimi çıxış edə bilərəm.

- "Avroviziya" mahnı müsabiqəsində son zamanlar sözə əhəmiyyət verilmir. Sizcə, bu nə ilə bağlıdır?

- Dünyada musiqi stilləri dəyişir. Trendə uyğun mahnı seçilir. Məsələn, "Kleopatra" mahnısını xoşlamadım. Mənə çox maraqsız gəldi, bu fikri Samirə Əfəndiyə də dedim. Onun yerinə daha uğurlu mahnı seçilə bilərdi.

"Avroviziya" mahnı müsabiqəsinə təqdim etdiyimiz bütün mahnılar maraqlı idi. Xüsusilə, Eldar Qasımov və Nigar Camalın ifa etdiyi "Running Scared", Elnur Hüseynov və Samir Cavadzadənin "Day After Day" mahnısı çox xoşuma gəlir.

- "Sənin əlindədir" adlı şeirlər kitabınız çıxıb. Maraqlıdır, şeir yazmaq üçün sizə təklik, tənhalıq lazımdır?

- Uşaqlıqda fikirləşirdim ki, insan şeir yazarkən mütləq qəmgin olmalıdır. Hansısa emosiyalar yaşamalıdır, gecə vaxtı, tənha otaqda, zəif işıqda oturub yaradıcılığa qapanmalıdı... Məndə də romantik fikirlər var. Sonra başa düşdüm ki, belə şərtlər o qədər də vacib deyil.

Hər bir emosional vəziyyətdə şeir yazmaq olar. Mənə sözlər gələn kimi yazıram. Şeir yazan adamın həyata sevgisi böyük olmalıdır. Mən belə ovqatda daha rahat yazıram. Konkret insanla sevgi münasibəti yaşamağım vacib deyil. Çünki fəlsəfi şeirlərə üstünlük verirəm. Sosial problemlərdən də yazıram.

- Həyatda bir qadın olaraq səhvə yol verməmək üçün nə edirsiniz? Tanınırsınız, tanınmış nəslin nümayəndəsiniz... Qadağa və çərçivələriniz nədən ibarətdir?

- Azadlığı sevən insanam. Öz valideynlərimə minnətdaram ki, məni belə böyüdüblər. Uşaqlıqdan mənə çox az qadağa qoyulmuşdu. Mən öz həyatımı necə istəyirəm, necə mümkün görürəmsə, elə də yaşayıram. Heç vaxt başqalarının sözü ilə oturub-durmuram. Yəni kimsə nəsə deyər deyə fikirləşmirəm.

- Necə bir ailədə dünyaya gəlmisiniz?

- Anam musiqi müəllimi, atam isə mühəndisdir. Bir qardaşım var. Çox şadam ki, uşaqlıqdan daxili sərbəstliyimə qadağa qoyulmurdu - nə valideynlər, nə qohumlar, nə də müəllimlər tərəfindən...

- "Azərbaycanlı qadınlar sevdiyi kişiləri sındırmaq istəyirlər" fikrini nəyə əsasən bildirmisiniz?

- Həmişə deyirəm, fikir zamanla dəyişə bilər, amma prinsiplər dəyişmir. Çevrəmdən görürəm ki, qadın və kişilər arasında münasibətlər düzgün qurulmur. Onların qız və oğlan uşaqlarını böyütməkdə çox böyük problemləri var. Küçədə də rastlaşmışam, bir də görürsən, ana övladını döyürlər. Bu, düzgün olmayan hərəkətdir. Çünki uşağı döyməyin faydası olmayacaq, elədiyini yenə edəcək.

Oğlanları "hər şey olar" missiyası ilə böyüdürlər. Qızlara da deyirlər, sən gözəlsən, mütləq şahzadəyə ərə getməlisən. Beləcə, o, ancaq özünün xarici görünüşü ilə məşğul olmağa başlayır. Buradan da çox böyük problemlər yaranır.

İki cinsin münasibətində böyük problemlərin əsası belə qoyulur. Qız istəyir ki, onu ancaq xarici görünüşünə görə sevsinlər və qəbul etsinlər. Daxili gözəlliyini göstərə bilmir. Oğlan isə istəyir ki, qız ona şahzadə kimi qulluq eləsin. Başqa problemlər də var, özü də çoxdur, amma ən əsası bunlardır.

- Müsahibələrinizin birində "Mən azərbaycanlı kimi düşünmürəm" demisiz, nəyi nəzərdə tutursunuz?

- Mentalitet, adət-ənənələr bizim qanımızdadır, onları inkar eləmək olmaz. Sadəcə bəzi fikirlərə görə belə demişdim. Çünki uşaqlıqdan ingilis dili kurslarına gedirdim, orada çoxlu xarici insanlarla qarşılaşırdım. Mən altı-yeddi yaşımdan əcnəbilərlə ünsiyyətdə olmuşam. 11 yaşımdan xaricə qastrol səfərlərinə getmişəm.

Caz musiqisi sərbəstlik deməkdir. Amma çox təəssüf ki, o zaman ünsiyyətdə olduğum insanların 80 faizi Bakını tərk ediblər. Onlar da mənim kimi düşünürdülər. Hər kəsi deyə bilmirəm, sadəcə bəzi insanlar var ki, milləti aşağı çəkirlər. Onları görəndə fikirləşirəm: Bax, mən belə azərbaycanlı kimi fikirləşmirəm...

- Zəhra xanım, niyə ailə qurmursunuz?

- Nə vaxtsa ailə quracam... Hazırda həyatımda heç kim yoxdur. Evlənmək üçün elə münasibət olmalıdır ki, bu qərar hər iki tərəfdən qəbul edilsin. İndi düşünürəm, həyatımdakı münasibətlər yaxşı ki, ailə qurmaqla nəticələnmədi. Çünki tam fərqli insanlar olmuşuq. Sadəcə hansısa hisslər, emosiyalar vardı.

- Necə bir insanla ailə qurarsınız? Məsələn, çox sadə bir bəylə...

- Sadəlik nəyə deyirsiniz? Çox təəssüf ki, bizdə sadəlik pulla ölçülür. Amma o qədər
insan tanıyıram ki, pulları yoxdur, sadə də deyillər. Əksinə, elələrini tanıyıram ki, bəlkə milyonçudu, dostlarım arasında da beləsi var, amma çox sadə insanlardır.

İş məsələsinə gəlincə, həmin şəxsin hələ də işi yoxdudsa, bu, qəliz məsələdir. Mənim 37 yaşım var. O insanın yaşı hardasa 35-dən yuxarı olmalıdır. O yaşdan sonra özünü tapa bilməyibsə, bu, başqa məsələdir. İnsan biznesini itirə, işdən çıxa bilər. Amma bir şəxsiyyət kimi bu vaxta qədər özünü göstərə bilməyibsə, o mənim üçün maraqlı insan ola bilməz. Elə insanla ailə qurmaq alınmaz.

- Musiqiçisiniz, sənət adamları ilə təmasda olursunuz. Ümumiyyətlə, şou-bines nümayəndəsi ilə ailə qurarsınızmı? Eşitdiyimə görə, bir müğənni ilə sevgili olmusunuz...

- Niyə də yox... Mənim üçün peşənin fərqi yoxdur. Yetər ki, o insan peşəsi ilə yaşasın, özünü insan kimi yaxşı göstərmək istəsin.

- Yaşca özünüzdən kiçik biriylə ailə qurarsınız?

- Fərq etməz.

- Hər hansı kriteriyalarınız varmı?

- Bu haqda heç nə deyə bilmərəm. Çünki sabah firkim dəyişə bilər. Ən əsası, məni başa düşən, hörmət edən insan olmalıdır.

- Sözlər zamanla bədənə çevrilir. Siz hansı sözsünüz?

- Mən eşq qadınıyam. Mən həyatı, insanları sevirəm. Bu o demək deyil ki, mütləq həyatımda hansısa insan olmalıdır. Özümüz eşqdən gəlmişik, Allaha, dünyaya özümüzə sevgimiz var.

- Ailə qurarkən sizinçün sevgi, yoxsa hörmət önəmlidir?

- Hər ikisi paralalel olmalıdır. Biri əksik olsa, münasibət alınmayacaq. Sevgi ehtiras deyil. Sevgini ehtirasla səhv salırlar. Amma dərin sevgidə hörmət də olur.

- Siz həm də biznes-ledi kimi tanınırsınız.

- Artıq biznes-ledi deyiləm. Tədbirlərin təşkil ilə məşğul olurdum. Nə mağazalarım, nə də restoranım olub.

- Aktrisa kimi filmlərə dəvət alırsızmı?

- Hazırda təkliflər yoxdur. Məlum səbəbdən ümumiyyətlə, kino çəkilmir. Onu da deyim ki, kinoteatrlar açılanda çəkildiyim "Siçan-pişik" filminin təqdimatı baş tutacaq. Düşünürəm ki, o filmdən sonra mənə təkliflər gələcək. Açıq-saçıq səhnələrə gəldikdə, obrazın fərqi çox böyükdür. Yəni ki, çox maraqlı obraz olsa fikirləşərəm. Bu dəqiqə deyə bilmərəm ki, razı olaram, ya yox.

Bizdə açıq-saçıq səhnələri səhv təqdim edirlər. Dəfələrlə demişəm, filmlərimizdə maraqlı qadın obrazları görmürəm. Baş rollarda hansısa həyasız, həyatından küsmüş, münasibətlərdə özünü tapmayan xanım obrazları təqdim edirlər. Dərin obrazlar yoxdur. Elə obraz olsa çəkilərəm.

- Ruhunuz bədəninizdən ayrılıb başqa cismə keçsə, necə sübut edərsiniz ki, siz həqiqətən də Zəhra Bədəlbəylisiniz?

- Mən həyatımda heç vaxt heç nəyi sübut etmirəm. Əgər elə olsaydı, yenə heç bir sübuta əl atmazdım.

- Elə bir şeiriniz varmı ki, oxucuya təqdim etməyə çəkinirsiniz?

- Xeyr... Ancaq bir şeirim var, söyüşlərdən ibarətdir. Onu heç vaxt ictimaiyyətə göstərməyəcəm. Amma şeirlər yazmağa davam edəcəm.

Belə bir fikir var, söyüşdən istifadə etməyən insan dilin bütün faydalarından istifadə etmir. Bəzi emosiyalar var ki, onun ancaq qəzəblə ifadə etmək olar. Həmin şeiri isə ancaq dostlarım oxuyub. Çox açıq insanam. Əvvələr ağlaşmalı şeirlər yazmışdım. Onları silmişəm. İstəyirəm ki, insanlar şeirlərimdən fayda götürsünlər.

Təəssüf ki, həyatımız şablonlarla doludur. Axır vaxtlar görürəm ki, insanlar 100 il əvvəl deyilmiş sözlərin təsiri ilə yaşayırlar. Mən şablonları sındırıram. Həmişə istəyirəm ki, yenilik olsun, inkişaf getsin.

- Bəs, həyatda necə, söyüşdən istifadə edirsiniz?

- Xeyr, söyüş söyən xanım deyiləm.

Foto: Pərviz Həşimi


Müəllif: Rəqsanə Həsənova