Xalq artisti Ənvər Həsənovun səhhəti ilə bağlı TƏBİB açıqlama yayıb.
Qurumdan Teleqraf.com-a verilən məlumata görə, xalq artistinin səhhətinin pisləşməsi səbəbilə o, Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.
17 yanvar 2025-ci il tarixində vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.
18 yanvar 2025-ci il tarixində vəziyyəti stabilləşən xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil ağır olaraq qiymətləndirilir.
***
11:07
İnsult keçirən Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib.
Bu haqda Teleqraf.com-a xalq artistinin qızı Aytən Həsənova məlumat verib.
O bildirib ki, səhhəti ağırlaşan Ənvər Həsənov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, yanvarın 10-da xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.