10 İyun 2015 12:37
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məni aktrisa kimi çox filmlərə, seriallara dəvət ediblər. Amma razılıq verməmişəm. Çünki bəyəndiyim ssenari olmayıb”.

Bunu Teleqraf.com-a açıqlamasında müğənni Sevda Ələkbərzadə deyib. Onun sözlərinə görə, filmlərdən təkliflər yalnız rolla bağlı deyil:

“Musiqi ifa etmək üçün də mənə təkliflə gələnlər çox olub. Sonuncusu ”Arzuların ardınca" filmi idi. Sözün açığı filmin rejissoru Ramil Ağasiyevi öncə tanımırdım. Amma bu filmin kadrlarını görəndən sonra bəyəndim və çox təəccübləndim. Çünki çox nadir hallarda belə bir iş görmək olur. Ramil məndən xahiş etdi, “Getmə, gəl” musiqimi bu filmdə istifadə etməyə icazə verim. Razılıq verdim, daha sonra klip çəkmək ideyası yarandı. Əslində, “Getmə, gəl” mahnısını mən 2009-cü ildə ifa etmişəm və əsər mənim “Sevdalı dünya” albomunda da yer alıb. Ona klip çəkmək yəqin bu günə qismət imiş.

Əslində mən bir çox filmlərin soundtrekini ifa etmişəm, amma onları çox tamaşaçı görməyib. Çünki onları əksəriyyəti festival filmləridir. Son zamanlar film çəkmək ənənə olub və bu məni çox sevindirir. Getdikcə daha yaxşı olacaq. Mənə gələn təkliflər də çoxdur. Aralarında seçim edib, inandıqlarımla işləyirəm. Təki filmlər çəkilsin, bu bizim rejissorlarımız üçün stimuldur".

Müğənni həmçinin bildirib ki, Azərbaycanda istedadlı həm kinorejissorlar, həm də klipmeykerlər var. Və əlavə edib ki, müğənnilərin hazırda əcnəbi rejissorlara müraciət etməsi heç də ölkəmizdə istedadlı rejissorların olmaması anlamına gəlməməlidir: “Sadəcə insan hər gün eyni yeməyi yemək, eyni geyimi geyinmək istəmir. Hamı istəyir rəngarənglik olsun. Ona görə ara-sıra əcnəbi rejissorlara müraciət olunur. Amma bu o demək deyil ki, bizimkilər digərlərindən pisdirlər”.

Nərmin


Müəllif: