Teleqraf.com Rusiya-Türkiyə, İsrail-Türkiyə münasibətlərində müşahidə olunan müsbət tendensiyalarla bağlı Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə müsahibəni təqdim edir:
- Türkiyə səmasında Rusiyaya məxsus qırıcının vurulmasından aylar sonra prezident Ərdoğanın rusiyalı həmkarına məktub yazması, təəssüfünü bildirməsi münasibətlərdə hansı dəyişikliyə səbəb olacaq?
- Birincisi, bu məktub birdən-birə ərsəyə gəlməyib. Bu danışıqlar qapalı diplomatik kanallarla bir müddətdir aparılırdı və ilk dəfədir ictimaiyyət nəticəsini görür. Bu da, cənab Ərdoğanın Putinə göndərdiyi məktubdur. Ancaq Azərbaycan mediası bu məktubu yanlış olaraq Ərdoğanın Putindən üzr istəməsi kimi qiymətləndirir. Halbuki, məktubun mətnində belə bir ifadə yoxdur və Rusiya tərəfi də Türkiyənin üzr istəməsini qeyd etmir. Fikrimcə, məktubdakı mətn diplomatik kanallarla razılaşdırılıb və tərəflərə imkan verir ki, danışıqlar prosesinə başlasın.
- Hansı danışıqlar prosesinə?
- Təbii ki, söhbət münasibətlərin normallaşdırılmasından gedir. Eyni zamanda Rusiya hazırda Qara Dəniz Əməkdaşlıq Təşkilatının iclasına Türkiyəni də dəvət edib. Burada iki ölkənin xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu, bir başlanğıcdır və həm də yaxşı başlanğıcdır. Fikrimcə, bu iki regional dövlətin münasibətlərinin normallaşması regionda təhlükəsizlik mühitinin müsbət istiqamətdə inkişafına şərait yaradır. Türkiyə Azərbaycanın yeganə müttəfiqidir və yeganə dövlətdir ki, onunla strateji tərəfdaşlıq, habelə qarşılıqlı yardım haqda müqaviləmiz var. Eyni zamanda Rusiya Azərbaycanın böyük qonşusudur, Qarabağ konfliktinin arxasında durur. Hesab edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin siyasi-diplomatik baxımından yeni mərhələyə daxil olduğu bir məqamda, Rusiyanın Qarabağ danışıqlarında təşəbbüsü ələ aldığı və Türkiyənin bu prosesdən dışlandığı zamanda Ankara-Moskva münasibətlərinin normallaşması müsbətdir. Məktub başlanğıcdır və bu prosesin nə qədər davam edəcəyini söyləmək çətindir.
- Ərdoğanın məktubu, Rusiya tərəfinin məktuba isti yanaşması iki ölkə arasındakı münasibətləri əvvəlki səviyyəyə çatdırmağa imkan verəcəkmi?
- Bir daha qeyd edim ki, bu, başlanğıcdır. Lakin görünən odur ki, tərəflər bunda maraqlıdır. Türkiyə və Rusiya bu münasibətlərin pozulmasından çox itirirlər. Odur ki, hər iki tərəf münasibətlərin bərpa olunmasında maraqlıdır. Lakin bu prosesin hansı müddətdə və hansı səviyyəyə qədər inkişaf edəcəyini indidən söyləmək çətindir. Münasibətlərin bu dəqiqə düzəlməsini gözləmək sadəlövhlük olardı. Ancaq regional inkişaf, Ermənistan-Azərbaycan münaqişəsinin siyasi-diplomatik həlli baxımından müsbət haldır. Həmçinin TAP və TANAP-ın həyata keçirilməsi üçün əlverişli şərait yaranacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun bu il istifadəyə verilməsi nəzərdə tutulur. Regionda hərbi-siyasi şəraitin mürəkkəbləşdiyi, təhlükəsizlik mühitinin pisləşdiyi bir vaxtda bu iki dövlət arasında normal münasibətlərə dair ilkin siqnalların olması çox müsbətdir. Hər halda Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi, Türkiyə-Azərbaycan, Türkiyə-Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafı baxımından da müsbət qiymətləndirilə bilər.
- Ankaranın Moskva ilə yenidən dostlaşma siyasəti Türkiyə-Almaniya münasibətlərinin pisləşməsi, Ankara ilə Avropa Birliyi arasında yaranan anlaşılmazlıq mühiti, habelə ABŞ-ın Türkiyənin istəyinin əksinə olaraq PKK və PYD ilə hansısa formada münasibətlər saxlaması fonunda baş verir. Demək olarmı ki, Türkiyənin yaxın müttəfiqi olan Almaniya, ABŞ və Avropa Birliyinin ədalətsizliyi Ankaranı məcbur edir ki, Moskva ilə sıcaq əlaqələrə keçid etsin?
- Təbii ki, bütün bunların təsirləri var. Türkiyənin daxili vəziyyəti, habelə Türkiyə ətrafında yaranan vəziyyət və Ankaranın dostları tərəfindən lazımi dəstəyi almaması Türkiyə-Rusiya yaxınlaşmasının baş verməsində mühüm rol oynayıb. Ancaq bu proses, əslində, ABŞ-la İran arasında nüvə proqramı ətrafında razılığın əldə edilməsi ilə başlayıb. Həmçinin, Britaniya Krallığında referendumun keçirilməsi, ABŞ-ın Suriya və İraq siyasəti, Avropa Birliyi-Türkiyə münasibəti, Qərbin PKK-ya yanaşması və digər məqamlar regional siyasətin yenidən formalaşdırılması zərurətini ortaya çıxarır. Hazırda Türkiyə bu şəraitə uyğun olaraq xarici siyasətində yeniləşmə aparır. Buna müəyyən mənada Türkiyə xarici siyasətinin əvvəlki prinsiplərinə qayıtması kimi də baxmaq olar.
- Müşahidə olunan digər maraqlı məqam Türkiyə-İsrail münasibətlərinin istiləşməsidir. Bunu necə şərh etmək olar?
- Yuxarıda qeyd etdiyim ki, hər şey AB və İran arasında nüvə razılaşmasının əldə olunmasından sonra başladı. Orta Şərqdə münasibətlər sistemi dəyişilir. ABŞ-İran, ABŞ-Türkiyə, ABŞ-Səudiyyə, ABŞ-kürd siyasətində olan gəlişmələr Ankaranın Orta Şərqdə qonşularla siyasətinə yenidən baxmağa məcbur etdi. ABŞ-İran arasında razılıq əldə edilən kimi aydın idi ki, Ankara balansı təmin etmək məqsədilə Səudiyyə və Qətərlə münasibətləri inkişaf etdirmək, İsraillə isə münasibətləri normallaşdırmaq xətti seçəcək. Əslində, Türkiyənin İsraillə siyasətini normallaşdırması Azərbaycan üçün də əlverişlidir. Türkiyə-İsrail münasibətləri İsrail-Azərbaycan münasibətlərindən daha dərin tarixə malikdir. İndi Azərbaycan-İsrail münasibətlərinin inkişaf etdiyi vaxtda Türkiyə-İsrail münasibətlərinin normallaşması bu üç ölkə arasında əlaqələrin bir qədər də inkişafına stimul verəcək. Hətta Türkiyə-İsrail-Azərbaycanın birgə layihələri haqqında düşünmək də yersiz olmazdı. Türkiyə-İsrail münasibətlərinin inkişafı Azərbaycanın maraqları baxımından daha vacibdir, nəinki Türkiyə-Rusiya münasibətlərinin inkişafı.
- Niyə?
- Türkiyə-Rusiya münasibətlərinin inkişafından Azərbaycanın hansı faydalar əldə edəcəyini görmək üçün bir qədər gözləmək lazımdır. Amma Türkiyə-İsrail münasibətlərinin normallaşmasının faydasını görmək üçün biz uzun müddət gözləməli deyilik. Çünki bu, açıq şəkildə görünən məsələdir.
- Türkiyənin İsrail və Rusiya ilə münasibətlərini normallaşdırmaq istəyi bu ölkədə baş nazir dəyişikliyindən sonra baş verdi. Sizcə, son addımların Əhməd Davudoğlunun istefası və Binəli İldırımın yeni baş nazir təyin edilməsi ilə bağlılığı varmı?
- Təbii ki, yüksək vəzifə tutan şəxslərin şəxsi baxışlarının müəyyən rolu olur. Baxmayaraq ki, demokratik ölkələrdə dövlətin siyasətini ayrı-ayrı şəxslər təyin etmir. Əksinə, bu siyasət institutlaşmış olur. Başqa sözlə, Türkiyədə dövlət qurumları bu siyasətin formalaşmasında mühüm rol oynayır. Üstəlik buraya vətəndaş cəmiyyətini, medianı, QHT sektorunu əlavə etmək olar. Demokratik quruluşlarda dövlət siyasətinin dəyişməsi ayrı-ayrı şəxslərdən tam asılı deyil. Amma təbii ki, şəxslərin də burada müəyyən rolu olur. Xüsusən də, əgər o şəxs dövlətdə mühüm vəzifə tutursa və siyasi qərarların qəbul olunmasında əsas və həlledici fiqurdursa.
NEMƏT