14 Noyabr 2016 14:04
1 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gənclər çayxanalarda oxumadıqları əsərləri müzakirə edirlər”

Teleqraf.com Milli Məclisin deputatı, yazıçı və dramaturq Hüseynbala Mirələmovla müsahibəni təqdim edir.

- Akademik Milli Dram Teatrında sizin "Axirətdən gələn zəng" pyesiniz əsasında “Vəsiyyət” tamaşasının premyerası olub. Tamaşa sizi qane etdimi?
- Bəli, tamaşanın təqdimatına çoxlu sayda insan gəlmişdi. “Vəsiyyət”in quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Xalq Rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Səhnə əsərində əməkdar artistlər Abbas Qəhrəmanov, Mirzə Ağabəyli, Münəvvər Əliyeva, Almaz Amanova, Aslan Şirin, Sevinc Əliyeva, Kazım Həsənquliyev və başqaları çıxış etdilər. Bədii rəhbər də Azərpaşa Nemətovdur. İctimai baxışda mən özüm həyəcanlı idim. Düşünürdüm ki, görən teatr tənqidçiləri necə reaksiya verəcək. Çünki bir müəllif və yazıçı olaraq məsuliyyət hissim var. Ancaq şükürlər olsun ki, insanlar tamaşanı alqışlarla qarşıladı. Tamaşaya baxanlar razı getdilər. Sonra bir gün də tamaşa göstərildi və hamı razı qaldı. İndi hər kəs tamaşaya maraq göstərir, sifariş edən təşkilatlar olur. Teatrdan xahiş edirlər ki, tamaşaya kollektiv baxsınlar. Məncə, uğurlu iş oldu. Bəlkə də, pyes o qədər təsir bağışlamadı, amma rejissor və aktyor işi yüksək səviyyədə idi. Fikrimcə, rejissorun, bədii rəhbərin və aktyorların hesabına şedevr bir tamaşa alındı. Mən, bu tamaşada zəhməti olan hər kəsə təşəkkür edirəm.

- İlkin reaksiyalar, mütəxəssislərin qiymətləndirməsi necə oldu?
- Sizə deyim ki, tamaşaya çoxlu sayda alimlər, professorlar gəlmişdi. Çoxu müsbət fikirlər səsləndirdi, dedilər ki, yüksək əsərdir. Himalay müəllim, Elman Quliyev baxdılar və təbrik etdilər. Dedilər ki, bu Azərbaycan teatrında bir hadisədir.

- Ancaq o da həqiqətdir ki, artıq insanlar teatrlara maraq göstərmir. Müəyyən bir təbəqəni çıxmaq şərti ilə insanlarımız kollektiv olaraq teatrlara getmirlər. Buna səbəb nədir: zəif əsərlər, sosial problemlər, yoxsa vaxt qıtlığı?
- Burada bir az tamaşaçıların, bir qədər də mühitin təqsiri var. Dünən mən dostum Cavanşir Paşazadə ilə şəhərdə gəzirdik. Kitab pasajının qarşısından keçdik. İndi hətta ali təhsilli insanlar kitab pasajını tanımır. Bu insanların günahı deyil. SSRİ dağılan gündən sonra kitab pasajını etdilər mayka–paltar mağazası. Hətta araq da satırlar. Vaxtilə orda böyük kitab mağazaları fəaliyyət göstərirdi. İndi kitab pasajı yoxdur, yerində pal-paltar, araq-pivə satılır. Bu mənəvi iflasdır. Bunu necə əsaslandırsalar da, mən qəbul etmirəm. Kitab pasajı qorunmalı idi. SSRİ dağılandan sonra insanlar birdən-birə çaşdı, keçid dövrü yaşandı. Qəfildən böyük bir sistem dağıldı və insanlarımız kitabın hayında olmadı. Bunun da təsiri hər yerdə, o cümlədən teatrlarda özünü göstərdi. İndi şükürlər olsun ki, vəziyyət dəyişir. Bəzən mən kitab mağazalarına gedirəm. Yaşlı nəsil, gənclər çox həvəslə kitablar alırlar. Bu, çox gözəldir. Kitabsız millətin gələcəyi olmaz. Həm də tamaşa, kino özü də kitabdır. Bunlar insanların maariflənmə yeridir. Biz tələbə olanda dostlarla teatra gedirdik. Deyirdilər ki, biletlər 1 həftə əvvəldən satılıb. Kinoya getmək istəyirdik. Nizami kinoteatrında eşidirdik ki, biletlər satılıb qurtarıb. İndi biz tədricən bu ərəfəyə qədəm qoyuruq. Bir tamaşaya gedəndə və bilet tapmayanda özümü xoşbəxt hiss edirəm. Düşünürəm ki, millətimiz yenidən teatrlara, kinolara meyl edir. Bu, gözəl tendensiyadır.

- Tənqidçiləri izləyəndə belə qənaətə gəlirsən ki, son zamanlar 30-40 il əvvəlki dövrlə müqayisədə güclü əsərlər yazılmır. Bəlkə insanları teatrlardan, kitab mağazalarından uzaq tutan səbəb budur...
- Bəlkə də, burada bir qədər həqiqət var. Ancaq bir məqamı deyim. 40 il əvvəl yazıçı ən varlı adam sayılırdı. Yadıma gəlir, mən uşaq idim və orta məktəbdə oxuyurdum. Bizim qonşumuz adi müəllim idi və balaca bir romanı çıxmışdı. Həmin müəllim o vaxt özünə “Volqa” aldı, ev tikdi. Bir kitabın pulu ilə. Hər yerdə deyirdilər ki, filan müəllimin kitabı çıxdı, özünə “Volqa” aldı və s. İndi isə əksinədir, bədbəxt yazıçı öz pulu ilə kitabını nəşr etdirir. Daha bu kitabı satılacaq, çap xərcini çıxarıb-çıxarmayacağı sual altındadır.

- Güclü əsər olsa, satılmazmı?
- Əlbəttə, satılar. Ancaq fərz edək ki, mən güclü bir əsər yazdım. Axı bu əsəri nəşr etmək üçün mənə maliyyə lazımdır. Bu pulu mən haradan tapım? Özü də, bu pul 5-10 manat deyil. Bilirsinizmi, kitabı azı 2-3 min tirajla buraxmalısan. Bunun üçün azı 10 min manat pul lazımdır. Hələ infilyasiyadan sonra bəlkə də kağızın qiyməti də artıb. Bu mənada kimin imkanı varsa, kimin dostları kömək edirsə, nəsə edə bilir. Kimin imkanı yoxdursa, bəlkə də roman və povestləri sandıqda qalır. İmkan olmadığı üçün çap edə bilmir.

- Güclü əsərlərin sandıqlarda qalması ədəbiyyat mühiti üçün ədalətsiz durumdur. Siz çıxış yolunu nədə görürsünüz?
- Müəyyən təcrübələr var. Məsələn, qardaş Türkiyədə nəşriyyat müəlliflə müqavilə bağlayır. Daha sonra nəşriyyat öz hesabına kitabı çap edir və satışdan xərcini çıxarır, üstəlik müəllifə qonorar da verir. Məncə, bizdə belə yanaşma olsa, çox yaxşı olar, böyük ədəbiyyat yaranar. İnandırım sizi bunu etmək lazımdır. Hələ indiyə qədər bir yazıçımız yoxdur ki, Nobel mükafatı alsın. Demək istəyirəm ki, ədəbiyyat elə bir sahədir ki, ora diqqət və qayğı lazımdır. Yazıçının başqa dərdi olmamaldıır. Daha yazıçı oturub əsər yazanda gündəlik problemləri deyil, yazdığı əsərin qəhrəmanları haqda düşünməlidir, fikirləşməməlidir ki, evdə çörək, qaz və ya işıq pulu yoxdur. Demirəm ki, yazıçı böyük pullara sahib olmalıdır. Amma heç olmasa, minimum səviyyədə təmin edilməlidir ki, məişət qayğıları haqda düşünməsin. İnanın ki, böyük ədəbiyyat üçün bu vacibdir. Baxın, Tolstoy qraf idi, varlı insan idi, malikanələri vardı və s. Tolstoyun fikri yazıb-yaratmaq və həyatdan zövq almaq olub. Bizim yazıçılarımızın minimum şəraiti olsa, inanın ki, böyük ədəbiyyat nümunələri ortaya qoya bilərlər.

- Gənc ədəbiyyatçılar əvvəlki nəsli ciddi tənqid edir, ortaya ciddi əsərlər qoymamqda günahlandırır, hətta onların ədəbiyyata yollarının qapandığı deyirlər. Bəzən sizin də adınızı çəkirlər. Eləcə də yazıçı Anarın və ya Fikrət Qocanın...
- Mən tənqidin əleyhinə deyiləm. Sağlam tənqidin özü güzgüdür. Amma bizim bəzi iddialı gənclərimiz var ki, az qala Məhəmməd peyğəmbəri bəyənmirlər. Görün iddiaları nə qədərdir. Şübhəsiz ki, tənqid gözlədir, lakin sağlam və yerində olan tənqid. Baxın, mənim kitablarımın müzakirəsi olan zaman kimsə durub əsaslandırılmış formada məni tənqid edəndə, deyərəm ki, sizə minnətdaram. Bir də var hikkədən, eqozmdən, iddiadan. Bəzən oxumadan çayxanalarda toplaşıb həmin kitabı müzakirə edirlər. Mən bunun əleyhinəyəm. Amma hesab edirəm ki, biz gənclərimizi qorumalıyıq. Baxmayaraq ki, onların bəziləri hikkəlidir, eqoistdir, çayxanalarda oxumadıqları kitabları tənqid edirlər. Gənclikdir də.

- Sizlər də zamanında əvvəlki nəslə belə münasibət bəsləmisiniz?
- Heç vaxt. Bizim dövrümüzdə belə gənclik yox idi. Biz daha çox ədəbiyyatla yaşayırdıq, ədəbi dərnəklərə gedirdik. Orada bir-birimizi tənqid edirdik, ədalətli polemika olurdu. Müəllif də inanırdı ki, bu detal belə olsa, daha yaxşı olardı. Məncə, gəncliyə hər şeyi bağışlamaq olar. Fikrimcə, zaman onlara obyektivliyi öyrədəcək.

- Rüstəm Behrudi də Yazıçılar Birliyindən getdi. Sanki ildə 1-2 yazıçı bu qurumu tərk edir və tənqidi fikirlər səsləndirir. Bu prosesin sonu necə olacaq?
- Məncə, bundan faciə düzəltmək lazım deyil. Gedibsə, canı sağ olsun. Hesab edirəm ki, bu heç nəyi dəyişmir. Əgər söhbət yazıçı Anardan gedirsə, bu addım nə Anarın istedadını azaldır, nə də çoxaldır. Bu, onların şəxsi fikridir. Bəlkə də, belə addım atmaq onlara lazımdır, odur ki, atırlar. Mən belə addımlara qiymət verə bilmərəm, bu, şəxsi qərardır.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər