5 Noyabr 2014 10:51
2 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin keçmiş üzvü, tanınmış jurnalist Lalə Abbasova “Gündəlik Teleqraf”ın suallarını cavablandırıb. O, qadının cəmiyyətdə rolundan, vaxtilə millət vəkili kimi irəli sürdüyü təkliflərin bu gün reallaşmasından danışdı. Övladlarından bəhs edən Lalə xanım gənclərin ailə münasibətlərindən də söz açdı. Lalə Nikbin imzası ilə mahnılar bəstələyən sabiq deputat bizə piano arxasında mahnı da ifa etdi.

- Lalə xanım, uzun illər jurnalist kimi fəaliyyət göstərmisiniz, Milli Məclisin deputatı olmusunuz, “Qadın və tərəqqi” İctimai Birliyinin sədrisiniz. Azərbaycanda qadın önə çıxıb fikrini cəmiyyətdə çatdırmaq üçün hansı mərhələləri keçir, nə çətinliklər yaşayır?
- Şəxsən özüm böyük çətinliklər görməmişəm, lazım olanda sözümü demişəm. Cəmiyyətdə önə çıxan qadın daha mübariz olmalıdır. Dediyim fikirləri bəyənən də, bəyənməyən də ola bilər. Düşünürəm ki, işini qəti bilən insan qarşısına qoyduğu hədəf və istiqamət üzrə öz yolunu getməlidir. Cəmiyyətə xeyir gətirmək istəyən şəxs xalqın daha yaxşı yaşamasına, müəyyən çətinliklərin aradan qalxmasına can atmalıdır. Mütləq qaydada gərək öz millətini, Vətənini istəyəsən. İçəridə qığılcım olmayanda nəyəsə nail olmaq çox çətindir. Şəxsi və maddi maraqlar ikinci dərəcəli olmalıdır. Bacarığı olmayana əl uzadanda qadın yuxarı qalxmağa da qadir olacaq.

- İstərdim rəhbərlik etdiyiniz “Qadın və tərəqqi” İB haqqında məlumat verəsiniz. Hazırda hansı layihələr həyata keçirirsiniz?
- Bu təşkilatda 3-4 qadınla birgə əsas işi aparırıq. Rəhbərlik etdiyim QHT çərçivəsində həyata keçirdiyimiz layihələr bu gün aktuallaşıb. Hətta Milli Məclisin deputatı kimi verdiyim təkliflər indi qəbul olunur. Onlardan birisi ailə qurarkən gənclərdən tibbi arayışın tələb olunmasının zəruriliyi barədə idi. Vurğulayırdım ki, nikaha girən gənclər arasında mütləq qaydada müqavilə bağlansın. Müqavilələr fərdi olmalıdır. Müqavilə bağlamayan gənclərin məhkəmədə böyük narazılıqları yaranır. Ailə quran gənclər sonradan deyir ki, qız və ya oğlanın xəstə olduğunu bilmirdim, ona görə də ayrılıram. Hər bir gənc bilməlidir ki, o, kiminlə ailə həyatı qurur. Qanun həmçinin insanlara sərbəstlik verməlidir. Bir oğlan ailə quracağı qızın xəstə olduğunu bilib və onunla ailə qurmağı qəbul edirsə, qanun onun qarşısını kəsməməlidir. Bundan əlavə, qanunvericilikdə saxta tibbi arayış verən həkim mütləq məsuliyyətə cəlb olunmalıdır. Elə iş aparılmalıdır ki, insanlar tibbi arayışı dövlət hesabına və asan şəkildə əldə edə bilsin. İnsanların qeyri-nikaha düşmə halları kimi fəsadlara şərait yaratmaq olmaz. Ona görə də bu qanunla yanaşı, digər qanunlarda da paralel şəkildə dəyişiklik vacibdir. İndi kapitalist ölkəyə çevrilmişik, ölkəmiz 20 ildir müstəqildir. Bəzi insanlar Avropanı misal göstərir, amma nəzərə almaq lazımdır ki, Avropa neçə illərdir müstəqildir. Biz isə 20 il ərzində böyük uğurlar əldə etmişik. Bu gün sosial islahatları etməyə hazırıq. Ailənin maraqlarına xidmət edən qanun layihələri irəli sürülür. Çox şadam ki, parlamentin sosial siyasət komissiyası bu məsələni oxunuşdan keçirib və hazırda qəbul olunur. İnsanların səmimi ailə qurmasını istəyirəm. Vətəndaşlarımızın yaxşı yaşaması üçün unikal qanunlarımız olmalıdır.

- Parlamentdəki fəaliyyətinizi necə xarakterizə edərdiniz? Hansı təklifləriniz bu gün aktualdır?
- Mən Milli Məclisin üzvü olanda da QHT rəhbəri kimi layihələr icra etmişəm. Layihələri həyata keçirmək üçün maddi vəsait lazımdır. Elə alınıb ki, ayrılan vəsaitdən artıq pul xərcləmişəm, ona görə ki, yaxşı ideyanı həyata keçirməyi məqsəd qoymuşam və bacardığım qədər onun reallaşmasına çalışmışam. 2010-cu ildə Azərbaycana gətirilən genetik modifikasiya olunmuş məhsulların qarşısının alınması ilə bağlı fikirlər söyləyirdim. 2011-ci ildə deputat olmadığım dövrdə çox sevindim ki, cənab prezident bu barədə qərar qəbul elədi. Hətta mən təzəcə millət vəkili seçiləndə deputat həmkarlarıma söyləyirdim ki, süni mayalanma ilə meyvə, tərəvəzin ölkəmizə gətirilməsinə razı olmamalıyıq. Çünki öz sortlarımız var. Bundan başqa, kinematoqrafiyada olan, Amerika və Avropadan insanların beyninə film vasitəsilə ötürülən vəhşiliklərə, zorakılığa qarşı çıxmışam. Fikrimcə, o cür filmləri insanlara göstərmək düzgün deyil. Bu gün bütün bəşəriyyətdə olan vəhşiliklər, insanların bir-birinə işgəncə verməsi məhz o filmlərin təbliğatı nəticəsində artıb. Beynəlxalq konfrans təşkil etmişdim, Türkiyə və Moskvada kinorejissorlar dəvət etmişdim. Azərbaycanın bu cür filmlərin qarşısını almaq üçün bu kampaniyaya başlamasını istəyirdim. Elə qüvvələr var ki, bu filmlər üzərində küllü miqdarda pul qazanırlar. İnsan elə məxluqdur ki, pisliyi tez qavrayır, nəinki yaxşılığı. Sovet dövründə cizgi filmlər uşaqları daha çox mərhəmətə səsləyirdi. İndiki cizgi filmlərə baxmaq olmur. Bəşəriyyətin vəhşiliklərin aradan qaldırması üçün fəal mübarizə aparmasını arzu edirəm, yoxsa bəşəriyyət məhv ola bilər.

- Bəs başqa nə kimi layihələr barədə düşünürsünüz?
- Şəxsiyyət vəsiqələrində insanın evli və ya subay olduğu qeyd edilir. Vəsiqənin həmin bölməsində dəyişiklik olmalıdır. Çox insan ailəsindən boşanandan sonra vəsiqədə subay olduğu yazılır. Ancaq bu insanın ailəsi var axı, o, başqasını aldada bilər. Həmin insan yenidən ailə quranda təzə həyat yoldaşı sonradan bilir ki, ailəli imiş, söz-söhbətlər yaranır. Ona görə də şəxsiyyət vəsiqələrində insanların dul, yaxud boşanmış olduğu yazılsın. Belə bir layihənin ictimailəşməsini istəyirəm. QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyə əldə etsəm, belə bir layihəni icra edəcəyəm. Mən layihələrimi ancaq Bakıda həyata keçirməmişəm, rayonlara gedib orada təbliğat aparmışam. Bununla belə, məni bir məsələ də narahat edir. Düşünürəm ki, övladlarını məktəbdən saxlayan valideynləri məsuliyyətə cəlb etmək lazımdır. Bu gün kütləvi qətllər, təcavüzlər savadsızlıqdan irəli gəlir.

- Daim pozitiv ideyalarla çıxış etmisiniz. İdeyalarınınız çox olduğunu nəzərə alsaq, yəqin, gələn il parlament seçkilərində namizədliyinizi verəcəksiniz?
- Bu barədə düşünürəm. Qəti qərar verməmişəm, amma belə bir fikrim var. Çalışmışam ki, elə yaşayım ki, insanlara əl tutum, kömək edim. Əl tutduğum insanlar içərisində mənə xəyanət edənlər də olub. Amma heç vaxt qisas almaq fikrində olmamışam. Düşünmüşəm ki, Allah hər şeyi yerbəyer edəcək. Kim kimi şərləyirsə, üstü açılacaq, sadəcə olaraq, səbr etməyi bacarmaq lazımdır.

- Qadından, adətən, yaş soruşmazlar, amma bildiyimiz qədərilə gələn il yubileyiniz olacaq. Necə qeyd etməyi düşünürsünüz?
- Öz həyatım, ictimai işlərim, jurnalist kimi fəaliyyətim, musiqiyə meylliyim haqda rolik hazırlayacağam, məni səmimi qəlbdən istəyən dostlarımı ətrafıma yığıb yubileyimi qeyd etmək niyyətim var.

- Sizi xoşbəxt qadın və övladlarının xeyrini görən ana saymaq olar?
- Bəli. Zəhmətim əlimdə qalmayıb. Övlad böyüdəndə həm onu çox istəməlisən, həm də ona qarşı zabitəli olmalısan. Övladınla dost olmağı bacarmalısan. bir oğlum, iki qızım var. Çox şadam ki, övladlarım qlobal düşüncəlidirlər. Onlar o fikirlə yaşayırlar ki, özləri hər şeyi əldə etməyi bacarsınlar. Cəmiyyətdə öz yerini tapmağa qadir olsunlar. Mənə hörmət edirlər. Aramızda müəyyən mübahisələrimiz olub, bu da təbiidir. Görəndə ki, inadkarlıq edirlər, söyləyirəm ki, sən deyəndir, vaxtı gələndə özün başa düşərsən. Ona imkan yaradıram ki, öz həyatını yaşasın, nəticədə onsuz da başa düşəcək ki, valideyn haqlı idi. Elə valideyn var ki, uşaqlarına qarşı zorakılıqla yanaşır. İnsan heç nədən sığortalanmayıb. O, büdrəyib, səhv etdikcə, öyrənə-öyrənə həyati təcrübə yığır. Fəxr edirəm ki, cəmiyyət üçün gözəl insanlar yetişdirmişəm. 8 aylıq nəvəm var, Mikayıl mənim həyatımdır. Oğlumun 31 yaşı var, hələ evlənməyib, həmişə deyir ki, kiçik bacım ailə sahibi olsun, sənə kömək olum, sonra özüm evlənərəm. Mən də deyirəm, hər şeyin vaxtı var, sıxmıram, amma istəyirəm ki, evlənsin. Yaş keçəndən sonra uşaq böyütmək üçün insanda o qədər güc olmur. Gec ailə həyatı qurmuş insanlar istədiyini övladına verə bilmir.

- Adətən, ictimai şəxslər məmurlarla qohum olurlar. Bəs Siz öz qızınızı necə ailəyə gəlin köçürmüsünüz?
- Qızım özü sevib, seçib, ailə həyatı qurub. Çox insanlar deyir ki, yeznədən, gəlindən övlad olmaz. Mən o cür düşünmürəm. Öz yeznəmlə dostam. Ona demişəm ki, sən mənim dördüncü balamsan, hansısa səhvlərin olacaqsa, təkbətək oturub səninlə söhbət edəcəyəm, amma hər zaman bil ki, qızım haqlı olsa da, həmişə sənin tərəfində olacağam. Öz övladıma da deyirəm ki, səbrli olmalısan, ayrı ailədə böyümüsünüz, xırdaçılığa getməyin. Bəzi analar düşünmədən öz övladını bədbəxt edir. Oğluma da demişəm ki, ailə quranda gəlinimin tərəfində olacağam. Mən gəncləri çox sevirəm. Mən qudamdan da çox razıyam. Qudam müəllimədir, yeznəmin atası həkimdir. Orta səviyyəli ailədirlər. Övladım maddi imkanı çox yüksək olan oğlanla da ailə qura bilərdi. Amma buna qarışmamışam, həmişə düşünürəm ki, oğlan özü pul qazanmağı bacarmalıdır. Valideyn bu gün var, sabah yoxdur. Şükürlər olsun ki, yeznəm savadlı və ağıllıdır, ailəsini halal yolla dolandıra biləcək. Qızımla yeznəm əl-ələ verib özləri qalxacaq.

- Lalə xanım, mahnılar da bəstələyirsiniz, yaradıcılığınızda nə yeniliklər var?
- Mən hansısa şeiri oxuyuram, o, mənim ürəyimə yatırsa, ona mahnı bəstələməyə başlayıram. Sonuncu mahnım Heydər Əliyev haqqında olub.

- Konkret əməkdaşlıq etdiyiniz yazıçılar var?
- Yoxdur. Bu gün ürəyimə yatan şeir tapa bilmirəm. Musiqi alınırsa, sonra müəlliflə əlaqə saxlayıram. Elə insan olur ki, onunla əlaqə yarada bilmirəm, sonra kiminsə köməkliyi ilə o insanı tapıram ki, şeirinizi bəyənmişəm, belə bir mahnı yaratmışam.

- Mahnılarınız hansı müğənnidə daha yaxşı alınır?
- Flora xanım Kərimova professionaldır, onda mahnılar çox yaxşı alınır. Almaz Ələsgərova bir neçə mahnımı ifa edib. Ancaq onu da qeyd etmək istəyirəm ki, hər bir müğənni mahnını öz stilində oxuyur, düşündüyüm kimi alınmır. Mən o boğazları müğənnilərdə ala bilmirəm.

- Bəs gənclərdən kimləri bəyənirsiniz?
- Bəzi gənc müğənnilər məşhurlaşan kimi özlərindən razı olurlar. Hələ az qala deyəcək ki, yalvar, sənin mahnının oxuyum. Bu, cılızlıq əlamətidir. Əfsuslar olsun ki, incəsənətdə olan insanların 70 faizi o cürdür. Bu gün zəng edib Flora xanımla rahatlıqla danışa bilərəm. Bu, keçən əsrdə olan tərbiyədir. Bizdə böyük-kiçik yeri vardı. İnsanlara pulla hörmət etmək olmaz. Ətrafımda elə insanlar var ki, maddi imkanı aşağıdır. Amma mən onlarla sıx ünsiyyətdəyəm, bayramlaşırıq, keçmiş seçicilərimə minnətdaram ki, məni unutmurlar.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər