"Azərbaycanın daxilində çox az qüvvə tapmaq mümkündür ki, Bakıda keçiriləcək Birinci Avropa Yay Olimpiya Oyunlarına qarşı çıxsın. Onlar barmaqla sayılacaq insanlardır və onların arxasında kimlərin durduğu, kimlərin bu insanları ortaya atdığı da məlumdur. Ancaq bütün ölkə ictimaiyyəti, xalqımız fəxr edir ki, Azərbaycanda belə mühüm beynəlxalq tədbir keçirilir. Azərbaycan böyük sayda idmançılar və idmançılardan da bir neçə dəfə böyük sayda qonaqları qəbul edəcək. Bunların da Azərbaycan xalqı üçün xeyri var. Bu oyunların xalqımız üçün heç bir pis tərəfi yoxdur. Odur ki, ümumi ictimai-siyasi fikir, ona reaksiya da kifayət qədər səviyyəlidir. Biz bunu həmişə görmüşük, müdafiə etmişik. Bundan sonra da belə prosesləri bir millət və xalq olaraq müdafiə edəcəyik. Ona görə ki, Azərbaycan dövləti xalqın iradəsini ifadə edir".
Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov bildirib. Müsahibəni təqdim edirik.
- Nizami müəllim, Avropa Yay Olimpiya Oyunlarının keçirilməsinə az müddət qalır. Sizcə, bu tədbirin məhz ölkəmizdə keçirilməsinin hansı dividentləri olacaq?
- Bu idman yarışı Azərbaycanın dünyada tanınması üçün mühümdür. Mən siyasi, iqtisadi və mədəni tanışlığı nəzərdə tuturam. Bu, elə bir böyük hadisədir ki, heç bir digər idman forumu bununla müqayisə edilə bilməz. Başqa sözlə, mühüm idman forumları dünyada bir ölkəni məşhurlaşdıra da bilər, mənfi təsəvvürlər də yarada bilər. Azərbaycan dövləti bu gücdədir ki, birinci Avropa Yay Olimpiya Oyunlarını keçirir. Nəzərə almalıyıq ki, bu, Avropa məkanında ilk oyunlardır. Ən mühüm cəhət ondan ibarətdir ki, bu yarım ay və ya iyirmi gün müddətində keçiriləcək tədbir deyil. Bu tədbirin aylardır dünyanın müxtəlif dövlətlərində təqdimatı keçirilir. Şübhə etmirik ki, tədbirin özü də yüksək səviyyədə baş tutacaq. Bundan sonra da belə nəhəng bir foruma ev sahibliyi etdiyi üçün Azərbaycan illər boyu gündəmdə olacaq. Bu, həm də Azərbaycanın gücünün qiymətləndirilməsi deməkdir. Azərbaycan miqyasında olan ölkələrin heç biri Avropa Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək iddiasında deyil. Amma Azərbaycan bu iddiada olub. Burada söhbət Azərbaycanın imkanlarının görünməsindən və təqdim olunmasından gedir. Bu mənada, kim düşünsə ki, birinci Avropa Yay Olimpiya Oyunları ilə bağlı Azərbaycanın bu təşəbbüsündə hansısa qüsurlu cəhət var, deməli, həmin adam Azərbaycanı sevmir. Söhbət bu qədər konkretdir.
- Bəzi beynəlxalq hüquq müdafiə təşkilatları Avropa Yay Olimpiya Oyunlarının boykot edilməsinə dair çağırışlar edir. Buna münasibətiniz necədir?
- Buna da təbii baxmaq lazımdır. Biz dəqiq bilirik ki, Azərbaycanın düşmənləri var, ölkəmizin müstəqilliyinə, inkişafına, ayaq üstə durmasına qarşı olan ciddi qüvvələr var. Təbii baxmaqla yanaşı, həm də buna qarşı mübarizə aparmaq lazımdır. Hazırda dövlətimiz, ideoloqlarımız, məsələnin mahiyyətinə yaxşı bələd olan insanlarımız tərəfindən mübarizə aparılır. Bu, əslində, bütün dünyada belədir və bizdə də belə olması təbiidir. Əgər xatırlayırsınızsa, "Eurovision" öncəsi də bu tip söhbətlər, münasibətlər ortaya qoyuldu. Bəlkə də, indi ondan da böyük səs-küy yaradacaqlar, kampaniya aparacaqlar. Çünki bu "Eurovision"dan da böyük tədbirdir. Burada maraqlı olan qüvvələr var, təbii ki, bizim adları üstündə olan düşmənlərimiz var, onlar həmişə Azərbaycanın əleyhinə olublar. Azərbaycanın torpaqları boş yerə işğal edilməyib. Bu işğalı edənlər, prosesə dəstək verənlər, indiyə qədər işğalın aradan qaldırılmasına imkan verməyənlər bizim dostlarımız deyil ki. Onlar ya birbaşa, ya da dolayısı ilə bizə daima maneə olmağa çalışacaqlar.
- Bu qüvvələrin apardığı təbliğat və kampaniyanın nəticəsi ola bilərmi?
- Heç bir effekti olmayacaq. Ona görə ki, boykot çağırışı edənlərin əsaslandığı "motivlər" və "hədəflər" əsassızdır. Təbii ki, bir şeyə etiraz edəndə onun səbəbini ortaya qoymalısan. Onların ortaya qoyduğu səbəbləri bizlər görürük. Müəyyən edirik ki, bütün bunlar tamamilə əsassız və mənasız şeylərdir, sadəcə, suyu bulandırmaq naminə kampaniya aparırlar. Əminəm ki, bu kampaniya aparanların özləri də bilirlər ki, müvəfəqqiyətli bir nəticə əldə edə bilməyəcəklər. Sadəcə olaraq, bu, düşmənin xarakteri və xislətidir. Ancaq bu idman forumunun keçirilməsi prosesində düşmənlərimiz dostlarımızdan çox az olacaq.
- Boykot çağırışına ölkə içində bəzi qrup və qüvvələrin dəstək verməsini necə qiymətləndirmək olar?
- Əlbəttə, Azərbaycanın daxilində çox az qüvvə tapmaq mümkündür ki, Bakıda keçiriləcək Birinci Avropa Yay Olimpiya Oyunlarına qarşı çıxsın. Onlar barmaqla sayılacaq insanlardır və onların arxasında kimlərin durduğu, kimlərin bu insanları ortaya atdığı da məlumdur. Ancaq bütün ölkə ictimaiyyəti, xalqımız fəxr edir ki, Azərbaycanda belə mühüm beynəlxalq tədbir keçirilir. Azərbaycan böyük sayda idmançılar və idmançılardan da bir neçə dəfə böyük sayda qonaqları qəbul edəcək. Bunların da Azərbaycan xalqı üçün xeyri var. Bu oyunların xalqımız üçün heç bir pis tərəfi yoxdur. Odur ki, ümumi ictimai-siyasi fikir, ona reaksiya da kifayət qədər səviyyəlidir. Biz bunu həmişə görmüşük, müdafiə etmişik. Bundan sonra da belə prosesləri bir millət və xalq olaraq müdafiə edəcəyik. Ona görə ki, Azərbaycan dövləti xalqın iradəsini ifadə edir. Bunu da dəfələrlə çox böyük və mühüm tədbirlərlə sübut edib. Ölkə daxilində deyil, dünya miqyasında dövlətimiz sübut edib ki, Azərbaycan xalqının iradəsini, onun idmanının, mədəniyyətini, iqtisadiyyatını, siyasi gücünü ifadə edir.
- Belə mühüm beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi zamanı siyasi müxalifətin bundan daxili siyasi mübarizə müstəvisində istifadə etmək cəhdləri nə dərəcədə etik davranışdır?
- Düşünmürəm ki, bu gün sözü eşidilən bir siyasi müxalifət var. Çünki müxalifət getdikcə nüfuzdan düşür. Əslində, 2000-ci ilin əvvəllərindən Azərbaycanda yeni, tamamilə ayrı tipdə, dövlətçiliyi müdafiə edən, amma iqtidarla polemikaya girməyə hazırlıqlı müxalifət yaranmalı idi. Təəssüflər olsun ki, yaranmadı. Köhnə müxalifətin arsenalı ilə Azərbaycanda siyasi qüvvə tarazlığını aparmaq asan deyil. İndiki müxalifətə baş qoşulsa, səviyyə o qədər aşağıdır ki, iqtidar ideoloqları vaxt itirəcək. Çünki qarşı düşərgədən səviyyəli və konstruktiv təklif gəlməyəcək. Elə hər şeyə "yox" deməklə olmur. Müxalifət artıq hər şeyə "yox" və "pis" deməyə adət edib. Əlbəttə, bu, doğru yanaşma ola bilməz. Əslində, Azərbaycan müxalifətinin dediyi ilə oturub-durulsa, onda gərək ölkəmiz günü-gündən geri gedə, absurd təkliflər üzərində düşünməklə məşğul ola. Artıq on ildən çoxdur müşahidə edilir ki, bu müxalifətlə uzağa getmək olmaz. Amma yenə də çox müsbət hal oldu ki, müxalifətin böyük hissəsi durumu anladı və nisbətən normal mövqe seçdi.
- Nəyi nəzərdə tutursunuz?
- Azərbaycan iqtidarının təklifi ilə müxtəlif partiyalar bir yerə toplandılar, məsləhətləşmələr keçirildi və sonda da qərara alındı ki, bu prosesi davam etdirmək lazımdır. Yəni, bu addımlar atılır. Hər halda Azərbaycanda daha konstruktiv, səviyyəli müxalifətin meydana gəlməsi üçün iş, plan və layihələr iqtidarın üzərinə düşəcək. Çünki indi müxalifət bütöv bir orqanizm deyil.
- Müxalif Milli Şuranın martın 15-nə təyin etdiyi mitinq haqqında nə deyə bilərsiniz?
- Bu, mənasız şeylərdir. Keçirərlər, biz də fikrimizi deyərik. Müxalifətin əsas nöqsanı ondadır ki, davamlı və ardıcıl deyil. Baxın, dünyada bir balaca vəziyyət çətinləşən kimi müxalifət bundan istifadə etmək istəyir. Bu da prinsipial və sistemli fəaliyyət deyil. Həm də müxalifət dünən bir şey, bu gün ayrı şey deyir. Sabah da tamam fərqli fikirlər deyəcək. Yəni, müxalifətdə düşüncə təmərküzləşməsi mövcud deyil. Həm də ən mühüm cəhət odur ki, bu müxalifət qurucu deyil. Azərbaycan cəmiyyəti bunu artıq neçə illərdir hiss edir. Qurucu olmaq üçün isə mütləq konstruktiv olmaq, ümumi problemləri etiraf etmək lazımdır, hər şeyi iqtidarın boynuna atmaq, onu qaralamaq olmaz. Dünyada gedən proseslər Azərbaycana da hansısa təsirlər göstərə bilir. Bu cür hallarda çox dar şəkildə deyil, dünyada gedən proseslər fonunda düşünmək lazım gəlir. Çünki bugünkü Azərbaycan cəmiyyəti və Azərbaycan insanı artıq on il bundan əvvəlki deyil. Bu gün mitinq, etiraz qəbul edilmir. Çünki indiki Azərbaycan vətəndaşı kifayət qədər analitikdir, yaxşı təhlil qabiliyyətinə malikdir. Yəni, baş verən hadisələri vətəndaşımız müxalifətdən daha dərin təhlil edə bilir. Bir halda ki, müxalifət öz nüfuzunu itirib, inanmıram ki, nəsə bir mitinq alına.
Nemət Hüseynli