Son zamanlar tatu və yaxud bədənin müxtəlif hissələrinə şəkil döydürmək bəzəmə sənətinin ən məşhur növü kimi yayılmaqdadır.
Hələ qədim zamanlardan hindlilər, yaponlar, Amerikanın yerli əhalisi və Afrikadakı bəzi qəbilələr tatudan xəstəliklərə, pis ruhlara qarşı qoruyucu tilsim kimi, eləcə də, insanların təbəqə və vəzifələrini müəyyənləşdirmək üçün istifadə ediblər. İndi isə adamlar bu işi daha çox zövq üçün gördürürlər.
Biz də döymə prosesini müşahidə etmək üçün şəhərdəki tatu salonlarından birinə baş çəkdik. Salonda ilk diqqətimizi divarlara vurulan müxtəlif tatu növlərinin şəkilləri çəkdi. Daha sonra 10 ildir professional döymə ustası işləyən Tuncay Hasanoğlu ilə söhbətləşdik.
"Müəllimlik mənim işim deyildi"
Tuncay Hasanoğlu 1986-ci ildə Bakıda anadan olub. Uşaqlıqdan dərs oxumaqla heç arası olmayıb: "Müəllimlərim həmişə mənə deyirdilər ki, sənin savadın var, dərs oxu. Amma mən dərs oxumağı xoşlamırdım. Hamı sinifdə kitab oxuyub imtahana hazırlaşanda mən özüm üçün şəkil çəkirdim.
Orta məktəbi birtəhər bitirdim və əsgər getdim. Əsgərlikdən qayıdanda məlum oldu ki, atam xərçəng xəstəliyindən əziyyət çəkir. O, məndən xahiş etdi ki, universitet oxu, arzumu yerinə yetir. Mən də atamın arzusunu yerinə yetirmək üçün hazırlaşdım, Qafqaz Universitetinin türk ədəbiyyatı fakültəsinə daxil oldum. Oxuyanda bizi praktikaya apardılar. Həmin vaxt anladım ki, müəllimlik mənim işim deyil".
Məqsəd "küçə sənəti"ni yaşatmaqdır
10 ildir usta işləyən Tuncay Hasanoğlu deyir ki, tatuya həvəsi insanların bədənlərində döymə izlərini görəndə yaranıb: "Məktəb vaxtı daha çox şəkil çəkməyə marağım vardı. Metrolarda, avtobuslarda kişilərin barmaqlarında, bədənlərində döymə görəndə tatuya maraq göstərdim. O cür şəkilləri görən kimi tez evə gəlib markerlə şəkillər çəkirdim. Əsgər getməzdən əvvəl həvəskar kimi boyalardan tatu edirdim. Daha sonra atam dünyasını dəyişdi.
Müəllim işləyə bilməyəcəyimi dəqiq bilirdim. Düşündüm Amsterdama gedim və orada tatu sənətini öyrənim. Bir il tatu kursu keçdim. Sonra Bakıya qayıdıb bu işlə məşğul oldum. 2005-ci ildən bu sənətlə məşğulam".
Həmsöhbətimiz deyir ki, Bakıda tatu etdirənlərin say məhdudluğunun izahı müxtəlifdir: "Bu, əslində, küçə sənəti sayılır. Azərbaycan da müsəlman ölkəsi olduğuna, mentalitetə, ictimai qınağa və sair hallara görə döyməni bir o qədər tanımır və sevmirlər. Məsələn, bir gənc tatu etdirmək istəsə, ətrafı onu səhv başa düşəcək, bir çoxları onun həbsxanadan çıxdığını düşünəcək.
Mən və mənim kimi insanlar sadəcə küçə sənəti deyilən tatunun Azərbaycanda qanuni şəkildə inkişaf etdirilməsini istəyirik. Mən sənətimlə bağlı fəaliyyətimə görə vergi ödəyirəm, müvafiq lisenziya almışam. Başqalarına da bu işlə qanuni şəkildə məşğul olmağı məsləhət görürəm".
Bədənin ağrısına dözməlisən
Tuncay Hasanoğlu deyir ki, tatu etdirənlərin əksəriyyəti onu başqalarına göstərməyi düşünürlər: "Bakıda tatuya tələbat var, lakin tatu etdirməyə gələnlərin 70 faizi bunu başqalarına nümayiş etdirmək və qürurlanmaq istəyirlər. Yerdə qalan 30 faiz bədəninə nəyisə həkk etdirməyi üstün tuturlar.
Çox zaman tatuya həvəs kiminsə bədənində görəndə yaranır. Gəlirlər ki, filan şəkli bura həkk elə. Öz beynində arxa plan yaradıb gəlmir ki, usta, mən bu tatunu istəyirəm. Təkcə Rəssamlıq Akademiyasının uşaqları öz fantaziyaları ilə bizə yaxınlaşırlar. Öz fikri olanlarla işləmək daha rahat olur. Çünki, tautunu çəkdirmədən əvvəl düşünmək lazımdır".
Usta tatunu həkk eləmə prosesindən də danışdı: "İlk öncə insan hansı şəkli döydürmək istəyirsə, onu kənarda çəkirik. Sonra xüsusi yapışqanla şəkli bədənə yapışdırırıq. Şəklin izi bədənə düşdükdən sonra tatu maşınları ilə həmin izin üzərində birdəfəlik istifadə olunan iynəni boyaya batırmaqla işləyirik. Proses on dəqiqə ilə yeddi saat arası davam edir.
Əslində, bədənin çox hissəsini əhatə edən rəngli tatular bir seansın işi deyil. Bir seansa həm mən yoruluram, həm də bədən çox ağrıyır. Bəzən müştəri olur, deyir, mən sabah xaricə uçuram, bu gün tatu etdirmək istəyirəm. Mən müştərimdən, pulumdan qaçmıram. O da bədənin ağrısına dözür və biz yeddi saat müştərinin istədiyi kimi döymə edirik".
"Futbol klubunun emblemini boynumun arxasına döydürəcəm"
Həmsöhbətimiz deyir ki, gənclər əlləri üzərinə tatu etmir: "Mənim öz əllərimin üstündə göy rəngli tatu olsa da, gənclərin əllərinin üstünü bəzəmirəm. Çünki əllərimin üstündə göy rəngli tatuya görə dəfələrlə mənə: "Sən həbsxanada olmusan" deyə sual veriblər. İstəmirəm gənclər o suallarla qarşılaşsınlar, valideynləri onları danlasınlar.
Ümumiyyətlə, dirsəyə, diz qapağına, dirsəyin içəridən bükümünə, buruna, başa tatu etmək olmaz. Tatu etdirməyə gələn insanların əksəriyyəti xanımlardır. Onlar daha çox yazılara, şəkillərə üstünlük verirlər. Əllərinə, boyunlarının arxasına, sinə hissələrinə tatu etdirirlər".
Usta bizimlə söhbətləşən zaman üçüncü dəfə tatu etdirmək istəyən qız otağa daxil oldu. Onun da fikirlərini öyrəndik.
Asya Mahmudova deyir ki, tatunu ilk dəfə estetik gözəllik üçün etdirib: "İlk öncə tatunun görünüşü mənə maraqlı olduğu üçün qoluma etdirdim. Daha sonra sevdiyim insanın adını yazdırdım. Nəhayət, indi sevdiyim futbol klubunun emblemini boynumun arxasına döydürəcəm".
Tatu ilə xoşagəlməz izi ləğv etmək
Tuncay usta deyir ki, döyməni adi iynə ilə etdirdikdə izi qalır: "Tatunu adi iynə ilə həbsxanadakı kimi etdirəndə onun izi qalır. Müvəqqəti tatu olmaz. İnsanlar dəfələrlə soruşurlar, hətta deyirlər ki, usta, müvəqqəti tatu var, siz bilmirsiz. Mən də deyirəm, əgər kimsə bilirsə, onu mənə də öyrətsin. Yalnız xına ilə bir həftəlik tatu olur.
Gündə ən azı 15 nəfər xına ilə müvəqqəti tatuya gələn müştərini yola salırıq. Hər birini 10 manatdan hesablasam, pis gəlir deyil. Amma xınanın dəriyə ziyanı olduğu üçün mən bu məsuliyyəti öz üzərimə götürmürəm. İnsanlar içkili, narkotik maddələrin təsiri altındadırsa, yaxud dərisində xəstəlik varsa, hamilədirsə, tatu etmək düzgün deyil. O zaman nə keyfiyyətli, nə də gözəl tatu alınacaq..."
Tuncay usta tatunun bədənə ziyanı, dini baxımdan günah sayılıb-sayılmamasına da münasibət bildirdi: "Quran və hədislərdə tatunun halal və ya haram olması ilə bağlı heç bir məlumat yoxdur. Bəzən mənə deyirlər ki, Allah məsləhət bilsə, insanı naxışla yaradardı. Bəs Allah məsləhət bilsəydi, bizi paltarda yaradardı da, niyə lüt xəlq elədi?
Sadəcə Quranın bir ayəsində insanın öz bədəninə zərər verməsi pislənir. Əgər insan özünə zərər vermədən tatu etdirsə, bu, günah deyil. Tatu İslam dinindən əvvəl yaranıb. Fikrimcə, bu da bir gözəllikdir. Elə insan var, qolunda hansısa xoşagəlməz iz olur. Gəlir ki, mən bu izin görsənməyini istəmirəm. Mən də onun istədiyi kimi tatu edirəm və həmin iz ömürlük bilinmir".
50 manatdan başlayan qiymətlər
Ustanın fikrincə, tatu insanın xarakterini açır: "Hər kəs öz xarakterini ifadə edən tatulara üstünlük verir. Mən insanın bədənində tatunu görəndə onun həyat tərzini, dünyagörüşünü bilirəm. İnsan bədəninə tatu həkk etdirirsə, deməli, mənasını bilir. Kimdənsə sənin tatunun mənası nədir deyə soruşmaq düzgün deyil".
Xatırladaq ki, döymə etdirmək üçün qiymətlər 50 manatdan başlayır. Qiymət tatunun ölçüsünə, yaradıcılığına görə dəyişir. Bəzən 50 manatdan da ucuz başa gəlir. Baxır bədənində hansı naxışı nə ölçüdə görmək istəyirsən...
İlhamə Əbülfət