Pərviz Heydərov: "Bu, Azərbaycanın gələcəyi üçün çox böyük dividentlər vəd edən tədbirdir"
Vüqar Bayramov: "Oyun müddətdə hər turist ölkə iqtisadiyyatına 2000 dollar sərmayə yönəldəcək"
Bu il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək çoxnövlü idman yarışı - I Avropa Oyunlarının ölkə üçün gözlənən faydalarını bir çox ekspertlər vurğulayırlar. Ümumiyyətlə, qitə səviyyəli bu cür kütləvi tədbirlərin əhəmiyyəti hamıya məlumdur. İqtisadi yüksəlişə və siyasi sabitliyə nail olmuş hər bir ölkənin belə tədbir və yarışların ev sahibliyinə çalışması da bundan irəli gəlir.
Birinci Avropa Oyunlarının önəmindən danışarkən ilk növbədə iqtisadi amillər yada düşür.
İqtisadçı Pərviz Heydərov bəzilərinin məsələyə bəsit yanaşmasını qəbul etmir: "Bəziləri məsələyə bəsit münasibət göstərir və Avropa Oyunları keçirilib başa çatan kimi "möcüzə" baş verəcəyini gözləyirlər. Halbuki söhbət dərhal müvafiq nəticə əldə olunacağından getmir, gedə də bilməz.
Əvvəla, Birinci Avropa Oyunları, adından da göründüyü kimi, ilk dəfə keçiriləcək. Ölkəmizin ev sahibi kimi hazırlıq işlərinə vaxtı olduqca az idi. Bu baxımdan Azərbaycanın xərcləri istər-istəməz çox olmalı idi. Məsələn, sözügedən yarışlar bizdə yox, Avropanın hər hansı yüksək inkişaf etmiş ölkəsində keçirilsəydi, tələb olunan müvafiq infrastruktur artıq mövcud olduğundan onlarda xərclər bizdəkindən 50 faizdən də aşağı olacaqdı.
Hökumət təkcə bu ilin dövlət büdcəsindən bu beynəlxalq tədbirlə əlaqədar keçən ildəkindən az qala 400 milyon manat çox - 1,3 milyard manatdan artıq vəsait ayrılıb. Keçən il bu vəsait 1 milyard civarında idi. Bütün bu xərclərin qarşılığında görülmüş işlər göz qabağındadır.
Məsələn, Bakıda tikilmiş 65 min tamaşaçı tutumu olan futbol stadionu Avropada ən müasir idman infrastrukturlarından biri sayılır. Bunun verəcəyi səmərəni təkcə Avropa oyunlarından gözləmək sadəlövhlükdür. Bu kimi infrastruktur obyektlər Azərbaycanda bütövlükdə xidmət sektoruna möhtəşəm töhfədir və onun səmərəsi təkcə qarşıdakı tədbirlə yekunlaşmır".
Ekspert bildirir ki, Avropa Oyunları Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük təkan verməlidir və bura turizm, xidmət sektoru, bank xidməti, rabitə, ticarət və sair daxildir: "Bütün bunlar isə ÜDM-in artması ilə nəticələnəcək. Ancaq hər bir sfera üzrə konkret nə qədər gəlir götürüləcəyini dəqiq söyləmək çətindir. Elə sahələrdə dövriyyə sürətlənəcək ki, onun nəticəsi sonralar üzə çıxacaq. Buna misal olaraq, reklam işlərini göstərmək olar.
Məlumdur ki, hazırda Avropa Birliyi ölkələrinin iqtisadiyyatında durğunluq hökm sürür və onların hökumətləri istehsalı artırmaq, ixracı gücləndirmək üçün yollar axtarırlar. Bizim ölkə isə əlverişli bazardır. Çalışmalıyıq ki, Avropa Oyunları zamanı hazır məhsul idxalına yox, məhz investisiya axınlarına nail ola bilək. Bunun üçün olduqca əlverişli imkan mövcuddur.
Oyunlara 50-dən çox ölkədən təqribən 6 min idmançı gəlməlidir. Ölkəmizin iqtisadi potensialını tanıtmaq və reklam üçün bundan gözəl imkan ola bilməz".
Pərviz Heydərovun qənaətincə, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi nəticəsində taktiki və cari yox, strateji iqtisadi səmərə daha böyük olacaq ki, bunu da sonrakı illər ərzində hiss edəcəyik: "Avropa Oyunları bir sirk və teatr tamaşası, o cümlədən bu və ya digər konsert proqramı deyil ki, 600 min bilet satışı ilə öz xərcini dərhal ödəsin və qoyulan xərclər artıqlaması ilə geri qayıtsın. Bu, Azərbaycanın gələcəyi üçün çox böyük dividentlər vəd edən tədbirdir".
İqtisadçı-alim Vüqar Bayramov da I Avropa Oyunlarının strateji layihə olduğu üçün gəlirlərinin uzunmüddətli dövrü əhatə edəcəyini deyir: "Avropa Oyunları keçirildiyi müddətdə cari gəlirlərlə yanaşı, oyunlar başa çatdıqdan sonra ölkə iqtisadiyyatına əlavə vəsaitin daxil olmasına da şans yaranacaq. Şübhəsiz, oyunlar keçirilən müddətdə kiçik və orta sahibkarlar daxil olmaqla ölkə iqtisadiyyatı bu tədbirlərdən faydalana biləcək. Bu oyunlar iqtisadiyyatın müxtəlif sektorları üçün yeni maliyyə imkanları yaradacaq. Bu isə ölkə sahibkarlarının qısa və uzun müddətli dövrdə oyunların keçirilməsindən faydalanmasına gətirəcək".
Vüqar Bayramov Avropa Oyunlarının iqtisadi əhəmiyyətini hesablayan zaman həm cari, həm də strateji gəlirləri bir-birindən fərqləndirməyi məsləhət bilir: "Gəlirlər, sadəcə, qısa müddətli dövrü əhatə etməyəcək, ölkəmiz yaradılmış infrastrukturdan uzun müddət mənfəətlə istifadə edə biləcək.
Avropa Oyunları zamanı ölkəyə xeyli sayda turistin gəlməsi nəzərdə tutulur. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərci 1000 dollardır. Avropa Oyunlarının iki həftə davam edəcəyini nəzərə alsaq, oyunlar keçirilən müddətdə hər bir turist ölkə iqtisadiyyatına 2000 dollar sərmayə yönəldəcək.
İkincisi, turistlərin Azərbaycanda olmasından, xüsusilə xidmət, nəqliyyat, bank sektoru gəlir əldə etmək imkanı qazanacaq. Cari gəlirlərə biletlərin satılması, yayım və reklam vasitəsilə əldə olunan mənfəət də daxildir. Nəzərə alsaq ki, oyunlar müxtəlif xarici kanallarda yayımlanacaq, praktiki olaraq bu da həmin oyunların yayımından gəlir qazanc götürməyə şərait yaradacaq.
Yerli və xarici şirkətlər Avropa oyunları zamanı özləri reklam kampaniyalarının aparılmasında maraqlı olacaq. Bu, artıq müşahidə olunmaqdadır və rəsmi tərəfdaşlar da var. Eyni zamanda, ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq. Bu, Mərkəzi Bankın intervensiya xərcinin azaldılması baxımından da əhəmiyyətlidir. Avropa Oyunları strateji nöqteyi-nəzərdən də Azərbaycan üçün gəlir vəd edir.".
Vüqar Bayramov bildirib ki, inşa edilən infrastrukturlar sonrakı dövrdə qlobal və beynəlxalq yarışların keçirilməsi üçün istifadə ediləcək: "Azərbaycan İslam ölkələrinin və Avropa çempionatının yarımfinalını və digər beynəlxalq oyunları keçirməklə bağlı artıq razılıq əldə edib. Deməli, xərcləri gəlirlərlə müqayisə etməməliyik. Çünki növbəti mərhələdə böyük xərclər olmadan digər beynəlxalq oyunları təşkil etmək mümkün olacaq. Praktik olaraq ölkəmiz növbəti beynəlxalq yarışların təşkili üçün bütün bazanı formalaşdırıb. Növbəti illərdə çox cüzi xərclərlə beynəlxalq yarışlar təşkil etmək və gəlir əldə etmək mümkün olacaq. Bu isə Avropa Oyunlarının əsas strateji iqtisadi üstünlüyüdür. Bu oyunların təşkilinə xərclənən vəsait uzunmüddətli dövrdə yaradılan infrastrukturdan istifadə və gəlir əldə etməyə şərait yaradacaq".
İqtisadçı deyib ki, Avropa Oyunları Azərbaycanın tanıdılması hesabına ölkəyə xarici investisiyanın cəlb edilməsinə də müsbət təsir göstərəcək: "Ölkəmizdə iqtisadiyyatın diversifikasiyası vacib hədəflərdən biridir. İqtisadiyyatın şaxələnməsi, eyni zamanda, qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini nəzərdə tutur. Belə beynəlxalq yarışlar ölkəmizin infrastruktrunu, iqtisadi potensialını tanıtmaq üçün olduqca vacibdir. Mövcud infrastrukturun yaxşılaşması Azərbaycanın rəqabət qabiliyyətliliyinin güclənməsinə və bu aspektdən xarici investisiyaların cəlbinə şərait yaradacaq".
Vüqar Bayramovun sözlərinə görə, turizm sektorunun spesifik xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlişinə əsas yaradır: "Bütün bunlar isə ölkəyə turist axınının güclənməsini və turizm sektorunun iqtisadi baxımdan strateji inkişafını stimullaşdıracaq".
İqtisadçı hesab edir ki, Avropa Oyunları Azərbaycan üçün sadəcə geosiyası və beynəlxalq mötəbər yarışa ev sahibliyi etmək baxımdan yox, eyni zamanda, ölkə iqtisadiyyatının dəstəklənməsi baxımından da vacibdir. Deməli, oyunlardan udan tərəf Azərbaycan və ölkə iqtisadiyyatıdır.
Naibə