4 Sentyabr 2015 18:32
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən, ümumiyyətlə, belə adda partiyanın olduğunu bilmirdim. Həmin şəxsin bizim partiyadakı üzvlərimizin bir çoxu ilə gözəl münasibətləri var. Əvvəldən bu haqda deyib ki, namizədliyini VHP müdafiə etsin. Mən həmin şəxsi tanımıram, mövqeyini də bilmirəm. İndi partiyaların çoxu adlarından fərqli siyasət yürüdür. Ola bilsin ki, həmin şəxsin sosialist düşüncəsi var. Bu dəqiqə partiyaların çoxu adına uyğun fəaliyyət göstərmir. Mən də bu sualı partiyada vermişəm. VHP millətçi və türkçü partiyadır. Mətbuat bu məsələyə fikir verməsəydi, heç kim bunun üzərinə gəlməyəcəkdi. Mən sualdan yayınmaq istədim, çünki bu suala da cavab verməyə hazır deyiləm”.

Bunu qəzetimizə müsahibəsində Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı bildirib. Müsahibəni təqdim edirik:

- VHP-nin seçkilərlə bağlı mövqeyi nədən ibarətdir?
- Partiyanın müvafiq strukturları seçki məsələsini müzakirə edib, seçkilərdə iştirakla bağlı qərar çıxarıb. Düzdür, mən bunun əleyhinə olmuşam. Amma seçkilərdə iştirak qərarı verilib. Hazırda partiyanın seçki məsələlərindən kənardayam, ancaq partiya seçkilərə hazırlaşır, namizədlərin sənədləri hazırlanır. Bizdə seçkilər mövzusunda Siyasi Şurada bir məsələ müzakirə edilib və qərar verilib. Hazırda VHP-nin Seçki Qərargahı var və bu qurum işləyir. Seçki Qərargahına Samir Əsədli rəhbərlik edir.

- Partiyanın resurs və imkanlarını necə qiymətləndirirsiniz?
- Əgər söhbət irəli sürüləcək namizədlərin sayından gedirsə, partiya 125 seçki dairəsinə əhatə etmək imkanındadır. Bu baxımdan potensial var. Ancaq diqqət edəndə görürəm ki, seçkilərə gedən və 20 ilin siyasətçisi olan şəxslər də qələbə ritorikasından danışmırlar. Bu insanların hətta cəmiyyətə tanınmasına ehtiyac yoxdur, çünki hər kəs tanıyır. Ancaq qələbə ritorikası müşahidə edilmir. Qeyd edirlər ki, vətəndaşları aktivləşdirmək üçün seçkiyə gedirlər. Hesab edirəm ki, seçkiyə gedən qələbə psixologiyası ilə getməlidir.

- Siz VHP-də ikinci şəxssiniz. Ancaq siyasi mövqeyiniz partiyanın apardığı siyasi xətdən fərqlənir. Bu, sizə problem yaratmır?
- Yox. Bizim partiyada tolerantlıq mövcuddur. Partiyanın adında həmrəylik sözü var. Bura müxtəlif mövqeli insanların toplaşdığı siyasi təşkilatdır. Həmişə məsələlərə yanaşmada müxtəlif və fərqli fikirlər olub. Biz neçə illərdir ki, bu partiyaya toplaşaraq fəaliyyət göstərməyi bacarmışıq. Bu, əlbəttə Sabir Rüstəmxanlının tolerantlığının nəticəsidir və bu fakt müsbət rol oynayıb. Çünki partiya sədrinin belə məsələlərə münasibəti həlledici məsələdir. Yəni, sədrimiz problemli insan deyil. Bu, birinci hal deyil. Dəfələrlə olub ki, mən və ya başqa bir şəxs hansısa məsələyə münasibətdə fərqli mövqedə olub. Ancaq buna loyal yanaşılıb. Məsələn, mən seçkilərdə iştirakın əleyhinə idim və bunu da dedim. Lakin partiya müzakirələrin nəticəsində seçkilərə qatılmaq haqda qərar verdi. Sonra namizədlər siyahısı hazırlandı və s

- Ancaq başqa partiyalarda belə hallar yarananda istefalar baş verir...
- Ona görə də, başqa partiyalar bu illər ərzində bir neçə dəfə parçalanıb. VHP ölkədə fəaliyyət göstərən azsaylı partiyalardan biridir ki, böyük qopmalar və parçalanmalar yaşamayıb. Çünki bizdə fərqli fikirlərə daima hörmətlə yanaşılıb. Yəni, tolerantlıq mövcuddur. Odur ki, partiyadaxili təlatümlərdən qaça bilmişik. Başqa partiyalarda belə fikir ayrılığı ayaq tutub yeriməz, həmin qurumda istefalar baş verərdi.

- Sabir Rüstəmxanlının seçkilərə getməyəcəyi haqda fikirlər səsləndirilir. Bu haqda konkret nə deyə bilərsiniz?
- Mən bilmirəm ki, mətbuat bu məsələni haradan əldə edib və səsləndirir, hansı fakta əsasən bunu ifadə edir. Partiya seçkilərə gedir və bununla bağlı qərar var. İkincisi, partiya seçkilərə sədrin rəhbərliyi altında getməlidir. Başqa cür necə təsəvvür etmək olar? Yaxşı, sədr seçkilərə getmədi, bəs, partiya namizədləri camaatla görüşəndə onlara nə deyəcək? Başqa sözlə, sədrin seçkilərdə iştirak etməməsi digər namizədlər üçün problem yaradır. Hər hansı bir partiya seçkilərə sədrin rəhbərliyi ilə getməlidir. O zaman biz seçkilər məsələsini müzakirə etdik. Mən əleyhinə olsam belə, qərar belə oldu ki, partiya seçkilərə Sabir Rüstəmxanlının başçılığı ilə gedir. Belə bir qərar var, üstəlik Sabir Rüstəmxanlının özü də namizədliyini vermək üçün sənədlərini hazırlayır. Yəni dediyiniz məsələ yoxdur. Sabir Rüstəmxanlı seçkilərdə iştirak edəcək.

- Ancaq deyirlər partiya seçkilərə gedir, Sabir Rüstəmxanlı namizədliyini vermir...
- Biz proseslərdə fərdlər kimi iştirak etmirik. Sabir Rüstəmxanlı sadəcə olaraq xalq şairi, tanınmış ziyalı deyil, həm də partiyanın sədridir. Sabir Rüstəmxanlı həm də məsələlərə ümumpartiya mövqeyindən və təmsil olunduğumuz düşərgə marağından yanaşmalıdır. Sabir Rüstəmxanlı dəfələrlə deyib ki, ölkədə gedən proseslərə müxalifət düşərgəsi baxımdan yanaşma olmalıdır. Mən bilmirəm, Sabir Rüstəmxanlının fərd olaraq parlamentdə olub-olmaması nə dərəcədə doğru olardı. Ancaq Sabir bəy partiya sədridir və seçkilərdə iştirak etməlidir. Bir daha qeyd edirəm ki, mən VHP-nin seçkilərə qatılmasının əleyhinə olmuşam. Ancaq qərar varsa, Sabir Rüstəmxanlı seçkilərə getməlidir və bildiyim qədər də gedəcək. Sədrsiz partiya kimin başçılığı ilə seçkiyə gedə bilər? Bu baxımdan sədrin seçkilərdə iştirakı olmalıdır və vacibdir.

- VHP millətçi partiya hesab olunur. Ancaq indi bəlli olub ki, partiyanız Azərbaycan Sosialist Partiyasının sədrinin namizədliyini müdafiə edəcək. Millətçilərin bir solçu partiyanı dəstəkləməsini necə şərh edə bilərsiniz?
- Bu məsələni qabardan olmayıb. Səmimi deyim ki, mən həmin şəxsi tanımıram, sadəcə eşitdim ki, onun namizədliyini VHP dəstəkləyəcək. Mən, ümumiyyətlə, belə adda partiyanın olduğunu bilmirdim. Həmin şəxsin bizim partiyadakı üzvlərimizin bir çoxu ilə gözəl münasibətləri var. Əvvəldən bu haqda deyib ki, namizədliyini VHP müdafiə etsin. Mən həmin şəxsi tanımıram, mövqeyini də bilmirəm. İndi partiyaların çoxu adlarından fərqli siyasət yürüdür. Ola bilsin ki, həmin şəxsin sosialist düşüncəsi var. Bu dəqiqə partiyaların çoxu adına uyğun fəaliyyət göstərmir. Mən də bu sualı partiyada vermişəm. VHP millətçi və türkçü partiyadır. Mətbuat bu məsələyə fikir verməsəydi, heç kim bunun üzərinə gəlməyəcəkdi. Mən sualdan yayınmaq istədim, çünki bu suala da cavab verməyə hazır deyiləm. Düşünməmişəm ki, Sosialist Partiyasının VHP-nin deputatlığa namizədlər siyahısında nə işi var.

- VHP-nin qurultayı olacaq. Sabir Rüstəmxanlının sədrlikdən gedəcəyi də deyilir. Zatən seçkidə namizəd olmayacaq şəxs sədrlikdən də getməlidir...
- Bu məsələ, ümumiyyətlə, müzakirə mövzusu deyil. Partiyalar öz nizamnaməsi, siyasi kursu və ideologiyasından başqa bir qədər də sədrinin şəxsiyyətləri ilə bağlıdır. Partiyaların çoxunun fəaliyyəti həm də sədrin şəxsiyyəti ilə birbaşa bağlıdır. Odur ki, sədr dəyişikliyi partiyanın fəaliyyətində təlatümlər yaradır. Biz son illər bir neçə partiyada sədrin dəyişməsindən sonra yaranan durumu müşahidə etdik. Xüsusilə, Müsavat kimi monolit partiya faktiki ikiyə bölündü. Bu gün VHP-də Sabir Rüstəmxanlının sədrlikdən getməsi məsələsi yoxdur. Əgər Sabir bəy sədr olmasa, biz o haqda fikirləşəcəyik. Lakin nə Sabir bəyin partiya sədrliyindən getmək fikri yoxdur, nə də onu sədrlikdən buraxan yoxdur. Odur ki, bu məsələ aktual deyil. Qurultayla bağlı hazırlıqlar görülür, rayon konfransları reallaşdırılır. VHP təşkilat şöbəsi ucqar rayonlardan konfranslara başlayıb. Cənub, Qərb, Şimal zonasında konfranslar keçirilib.

- Ancaq görünən budur ki, qurultayınız yubanır...
- Bildiyiniz kimi, həm də DAK-ın qurultayı oldu. Sabir Rüstəmxanlı eyni zamanda DAK-ın rəhbərliyində təmsil olunur. Odur ki, bu qurumun qurultayı ilə də məşğul oldular. İndi seçki prosesi ilə paralel olaraq qurultay hazırlığı sürür, konfranslar keçirilir. Seçkiyə start veriləndən sonra konfransların keçirilməsi seçkidən sonrakı müddətə qədər dayandırıldı. İndi hamı seçki ilə məşğul olur. Biz planlayırıq ki, qurultayı bu ilin sonu gələn ilin əvvəli keçirək. Hesab edirəm ki, buna nail olacağıq.

- Siz VHP-də sədrdən sonra ikinci şəxssiniz. Sədrliyi götürməyə hazırsınız?
- Partiyanın sədri olmaq bir qədər başqa xarakter tələb edir, özünü gərək siyasətə həsr edəsən və s. Mən ümumiyyətlə özümü bütövlükdə siyasətə həsr etməyə nə indi, nə də gələcəkdə hazır deyiləm. Bundan başqa, komanda məsələsi də var. Partiyanı sədrlə yanaşı onun müavinləri, müşavirləri, Məclis rəhbərliyi idarə edir. Yəni, komanda vacibdir. Komandada uğursuzluğun yaratdığı dəyişiklik baş verirsə, onda hamı çıxıb gedir. Yən,i tək bir şəxsin dəyişməsi ilə hamı gedir. Yox, əgər başqa səbəblərdən dəyişiklik olacaqsa, bu nə zaman baş verərsə, onda danışmaq olar. Bu isə hələlik gözlənilmir. Ancaq təbii səbəblərlə bağlı nə zamansa dəyişiklik olacaqsa, mümkündür ki, mənim də fikrim dəyişdi. Lakin indi bizim müzakirəmizdə belə bir məsələ yoxdur.

- Milli Şurada təmsil olunursunuz. Bu qurum seçkilərdə iştirak etməməyə köklənib. Daxildə seçkilərdə iştirak edib-etməmək məsələsində fikir ayrılığı varmı?
- Milli Şuranın Koordinasiya Mərkəzində fikir ayrılığı yoxdur. Ancaq Milli Şuranın üzvləri genişdir və kimin necə fikirləşdiyini deyə bilmərəm. Ancaq sonuncu sessiyada fərqli fikir deyən olmadı.

- Ancaq AXCP-də seçkilərdə iştirak etmək istəyənlər var...
- AXCP Milli Şurada təmsil olunan partiyalardan biridir. Şübhəsiz ki, AXCP daxilində olan hal Milli Şuraya təsir edə bilər. AXCP-nin iki üzvü Milli Şura rəhbərliyində təmsil olunur. Onların ritorikası AXCP daxilində fərqli fikirlərin olmasını nümayiş etdirmir. Partiyanın daxilində fikir ayrılığının olub-olmamasını hiss etmirəm.

- VHP, KXCP, ADP, Müsavat müstəqil partiyalardır və Milli Şurada təmsil olunmurlar. Niyə bu qüvvələrin seçkilərdə iştirakı sizləri qıcıqlandırır?
- Hadisəyə münasibət məsələsi var. Onların seçkilərdə iştirakı bizi qıcıqlandırmır. Onlar seçkiyə qələbə üçün getmirlər. Mənə eyib gəlir ki, İsa Qəmbər seçkilərə udmaq fikri ilə deyil, seçicilərini aktivləşdirmək niyyəti ilə gedir. İsa Qəmbər kimi siyasətçi görün hansı niyyətlə gedir. İsa Qəmbər özü müsahibəsində deyib ki, seçiciləri aktivləşdirmək prioritetdi.

- Milli Şura gedib evdə oturmaqla nəyə nail olacaq ki?
- Aydındır ki, müxalifətin seçkiləri boykot etməsi mümkün olmadı. Müxalifətin əsas qüvvələri bir yerdə ola bilmədi. Odur ki, boykot alınmadı.

- İndi bu alınmadığı üçün seçkiyə gedən partiyalara satqın deməlisiniz?
- Əslində, qarşılıqlı ittihamlar bunun nəticəsidir.

- Eyni məntiqlə qarşı tərəf də sizi seçkiyə getməməyə görə satqınlıqda ittiham edə bilər...
- İndi bu rezindir, hara dartsanız o tərəfə də uzanacaq.

Nemət


Müəllif:

Oxşar xəbərlər