Teleqraf.com Firudin Qurbansoyla müsahibəni təqdim edir.
- Firudin müəllim, astrologiya, bəsirət gözü, fala baxmaq. Bunlar haqqında fikirləriniz bizim üçün maraqlı olardı. Birinci deyək ki, astrologiya ilə din nə dərəcədə bir-birinə uyğundur?
- Əvvəla, deyək ki, astrologiya, bəsirət gözü, fala baxmağın ümumi cəhəti gələcəyi görməkdir. Amma bunlar tamam başqa şeylərdir. Qaldı da ki, astronomiyanı, astrologiyanı yaradan peyğəmbər İdris əleyhissəlamdır. Dini əqidəyə görə dörd peyğəmbər indi də sağdı və əbədiyyən, yəni qiyamət gününə qədər sağ olacaq. Xızır əleyhissəlamla İlyas əleyhissəlam yerdədir. İsa əleyhissəlamla İdris əleyhissəlam isə göydədir, indi də sağdırlar.
- Görəsən, sağ olan peyğəmbərlər indi bizim danışığımızı eşidə bilər?
- İstəsə, eşidə bilər.
- Bəs sizdə bu elmə həvəs nədən yarandı?
- Mən imkan olduqca Füzulini dərindən öyrənmək üçün onun bildiyi elmlərin əhatəsini də öyrənməyə çalışdım. O cümlədən də, astrologiyanı, astronomiyanı. Və bu mənə çox şey verdi. Tutaq ki, öz şəxsi həyatımda müəyyən qədər az səhvlərə yol vermək üçün bu elmi bilmək vacib lazım idi.
- Bəsirət gözü necə?
- İnsanlar ancaq iki gözüylə gördüyünə inanır. Batini gözüylə, bəsirət gözüylə görən adamlarımız isə çox azdır. Təkcə Azərbaycan mühitində demirəm. Bütün dünyada bəsirət gözü açıq olan adamlar çox deyil. Sayladır.
- Necə düşünürsünüz, klassiklərimizdən hansının bəsirət gözü açıq olub?
- Məsələn, bizim klassiklərimizin gözü açıq olub. Deyək ki, Nizami Gəncəvi öz qəbrini təsvir eləyib. Oxuyursan, elə bil ki, Nizami öz məqbərəsini görüb. Bu “İskəndərnamə” poemasının sonunda var.
- Bəs fala baxmağa münasibətiniz necədir?
- Peyğəmbər əleyhissəlamdan soruşurlar ki, ya rəsulallah, falçılar haqqında nə deyərsiz? Peyğəmbər buyurur ki, falçıların bir cini var. Cin göyün birinci qatına qalxar. Və mələklərin söhbətini dinləyər. Mələklər hiss eləyəndə ki, onlara qulaq asırlar, o cinləri yanar oxlarla qovarlar. Həmin cinlər gəlib eşitdiklərini falçının qulağına pıçıldayarlar. Özlərindən də əlavə şeylər deyərlər. Ancaq düz çıxan eşitdikləridir. Səhv çıxansa əlavə etdikləri. Ümumiyyətlə, rəsulullah deyərdi ki, falçılar yalançıdırlar, onların sözlərinə qulaq asmayın.
- Firudin müəllim, məlum olduğu kimi hökmdarlar döyüşə getməzdən qabaq və digər xüsusi məqamlarda münəccimlərlə məsləhətləşərdilər. Sizcə, bu günün dövlətlərində də bu prinsip var?
- Bütün prezidentlərin astroloq müşavirləri, məsləhətçiləri var. Putindən başlamış bütün Avropa ölkələrinin böyük rəhbərlərinə kimi, məsələn, ingilislərin, fransızların, almanların, italyanların və sair.
- Bəs bu istiqamətdə sizə təklif gəlməyib?
- Mən azad insanam. Heç təklif gəlsə də, qəbul etmərəm. Mühafizəçilər filan... İndi səninlə burda söhbət edə bilməzdim. Ümumiyyətlə, bizdə bu elm çox dərin deyil. Yəni bu elmi dərindən bilənlər, demək olar ki, yoxdur. Mən bu sənəti sadəcə, özüm üçün və Füzulini başa düşmək üçün öyrənmişəm. Sonra görmüşəm camaatın ehtiyacı var. Məqalələr, proqnozlar yazmağa başlamışam.
- Firudin müəllim, maraqlıdır, sizin bu astroloji biliyinizin ədəbiyyatşünaslıq istiqamətinə təsiri var? Yəni hər hansı bir ədəbiyyat materialına həm də astorloji baxımdan yanaşmısız?
- Olub, məsələn, mən Mirzə Ələkbər Sabirin təncim görüşləri haqqında bir məqalə yazmışam. Məqalələr məcmuəsində çap olunub. Yəni Sabir bu elmi çox gözəl bilirdi. Sadəcə olaraq, o, Sabir məqalələr məcmuəsi idi və mən də yazdım. Nizaminin məqalələr məcmuəsi olsa, onun astronomik, astroloji görüşlərindən də yaza bilərəm. Bundan başqa “Mikayıl Müşfiq təncim portreti” və “Məhəmməd Füzulinin təncim portreti” adında məqalələrim artıq çap olunub. Yəni bu elm sənə ayrıca bir spektrın bir işığından bu dünyaya baxmağa kömək edir.
- Siz “Mikayıl Müşfiqin təncim portreti” məqalənizdə olmuş hadisələrə, sanki, təncim elminə istinadən ola biləcəyinin mümkünlüyünü isbat eləməyə çalışmısız. Bu sizin üçün çətin olmadı?
- Qəti, qəti. Bilirsən, biz insanlardan mütləq soruşuruq ki, haçan anadan olmusan? Əgər doğulduğu ili, ayı, günü, hətta saatını dəqiq deyən olsa, lap yaxşı olar. Harada anadan olduğunu biləndən sonra bütün bunlar insanlar haqqında konkret fakt verir. Tutaq ki, bu müddətdə doğulan adamların maraqları, hansı qoxudan, güldən, ağacdan, daş-qaşdan xoşu gəlir. Bunların hamısı var.
- İndi nəsə yazmırsız?
- Bir pyes üzərində işləyirəm. Müasir komediyadır. Bir az vodevil təhər komediyadır. Yəni burda çox ciddi, məhvedici satira yoxdur.
- Bir ədəbiyyatşünas kimi hansı əsərinizi yüksək qiymətləndirirsiz?
- Mənim pyeslərim, eləcə də Müşfiq haqqında yazdığım povest yaxşıdır. Əsər onun yubileyi ərəfəsində çap olunub. Mədəniyyət Nazirliyində adamı qiymətləndirirlər. Sağ olsunlar, mənim orda dostlarım var. Oxuyurlar, xoşlarına gəldi, çap edirlər. Xoşlarına gəlməsə, təbii ki, çap etməzdilər. Və onu oxuyanların əksəriyyəti mənə təşəkkür zəngləri edirdi. Sonra həmin əsərin qəzet variantını oxuyan bir dostuma dedim ki, bəlkə, bunun jurnalda çap olunmasına köməklik edəsən. Həm də mən jurnal variantını genişləndirmək istəyirəm. Mənə təskinlikverici əda ilə dedi ki, eybi yox, zəhmət çəkmə, qəzet variantında qalsın, yazma. Dedim ki, necə yəni yazma?! Mən istəyirəm axı yazım. Sonra istədiyimə nail oldum. Kitab halında çıxanda o, dedi ki, kitabından birini də mənə verərsən. Mən həmin kitabdan ona vermədim. Bu barədə çox kinli adamam. Kimdənsə alıb mənim kitabı oxumuşdu və böyük bir məqalə yazdı.
- Təriflədi, yoxsa?
- Hə elə. Başdan-ayağa təriflədi.
- Başdan-ayağa?
- Elədir. Bu Müşfiqin həyatıdır, onun düşüncələridir. Məni həbs ediblər və cəmi altı saat kamerada olmuşam. Mən o əsəri oxuyanda o kamera mənim gözümün qabağında idi. Əlbəttə ki, Müşfiqin kamerası tamam ayrı bir şey imiş. Sonra gördüm ki, mənim gördüyüm toy-bayram imiş ki... Ümumiyyətlə, əsər sənədli povest-kollaj idi. Azərbaycanda kollaj adında əsər yoxdur və heç kim heç nə yazmayıb.
- Firudin müəllim, əlinizdə Yusif Vəzir Çəmənzəminlinin III cildlik kitabı var. Maraqlıdır, həmin əsərləri yenidən oxuyursuz?
- Mənim sevdiyim yazıçılar var. Onlardan biri də Yusif Vəzir Çəmənzəminlidir. Bu kişi çox saf adamdır. Eyni zamanda da savadlıdır. O savadda Azərbaycanda nazir yoxdur, olmayıb və çətin ki, bundan sonra da olsun. Mən bunu cəsarətlə deyirəm. Bu adam fransız dilini öyrənib və o dildə də roman yazıb. Hanı bizim ikinci bir yazıçı desin ki, mən gedirəm Avropa dilini öyrənirəm və həmin dildə də əsər yazacam?
- Rus, türk dilində yazılan əsərlər necə?
- Rus dili elə bizim dil kimidir də, tum kimi çırtlayırıq. Yəni bu böyük uğur deyil ki... Mənim türk dilində yazdığım hekayə mükafat aldı. Bunu özüm üçün böyük uğur saymıram. Türk dili elə mənim öz dilimdi.
- Avropa dillərini bilmək və o dildə yazmağı uğurlu hesab edirsiz, yoxsa əsərin özü yaxşı olmalıdır?
- Yəni bu dildə əsər yazmaq, o deməkdir ki, sən o dili mükəmməl bilirsən. Romanın adı “Paris”dir. Parisdə də nəşr edilib. Yəni bu kişi nəhəng bir insan idi. Tutalım ki, onun siyasi, elmi fəaliyyəti və s. Çəmənzəminlinin bütün əsərləri güclüdür. Bizim yazıçılarımızın heç biri Çəmənzəminli ilə müqayisə olunan nasir deyil.
- Bir şeyi anlamadım. Yaxşı bir əsər üçün fransız və ya digər dilləri bilmək və o dildə yazmaq elə vacib məsələdir?
- Elə-belə dedim onu. Çəmənzəminlinin qardaşı Parisdə vəfat edib. Onun qəbrinin torpaq haqqını ödəmək üçün gedib Parisə. Orada da müvəqqəti olaraq dəfn edirlər, əgər bir il müddətində torpaq haqqını ödəsən, qəbir qalır, ödəməsən, meydi çıxardıb yandırırlar. Bu da qardaşının qəbrini qorumaqdan ötrü orda bir il işləyib pul qazanır və eyni zamanda fransız dilini mükəmməl öyrənib, roman yazır. Təsəvvür edirsən, bu nə deməkdir?
- Bəs müasir yazarlarımızdan kimləri oxuyursuz?
- Çalışıram ki, əlimə düşən, çap olunan qəzet və jurnallardan oxuyum. Amma hövsələm çatmır. Bir yandan da fikirləşirəm ki, dahiləri oxumaq daha yaxşıdır.
- Axı yeni materiallarla tanışlıq pis olmazdı.
- Onu düz deyirsən. Bu, bizim qüsurumuzdur. Mənim başqa işim-gücüm, dərsim var. Özümü dərsə, hansısa bir mövzuya hazırlamalıyam. Bundan başqa yazılarım da var.
- Belə deyək, oxumuruq və bəhanələrimiz də həddindən artıq çoxdur.
- Ümumiyyətlə, əlli dənə bəhanə göstərərəm, hamısı da bir-birindən ağıllı bəhanələrdir. Yəni mən niyə oxumuram. İstiyirsən deyim sənə?
- Deyin.
- Əgər onları oxusam, mənə təsiri olar. Yəni beynimdə belə bir mərkəz yaranacaq ki, bunu kimsə yazıb. Hətta xoşuma gəlsə və ya gəlməsə belə. Ola bilər ki, lap nifrətlə oxuyum. Necə ki, Əli Əkbərin yazılarını iyrənə-iyrənə oxudum. Millətə nifrətlə yazıb. Biabırçılıqdı.
- Diqqətinizi yaxşı mənada çəkən olmayıb?
- Təkcə o yox ey. Bu cür iyrənc əsərlər silsilə şəklindədir. Baxıb bir qırağa atmışam. Qadın şairələr var ki, erotik şeirlər yazırlar.
- Sovet dövrü yazıçıları ürək ağrısı ilə desək, elə bil, bonsay idi. Amma indi taleyimiz elə gətirib ki, azadıq və nə istəsək, yaza bilərik. Elədir, yoxsa?
- Bilirsən bonsay deyəndə ki, təbii, bizim o dövrdə köklərimizi, qol-budağımızı kəsiblər. Yalnız bundan yaza bilərsən ideyası var idi. Yəni bizi inkişaf eləməyə, ağac olmağa qoymayıblar. Amma bizə o vaxt desəydilər ki, nə istəyirsənsə, yaz, bilirsən, necə əsərlər meydana gələrdi. İndi deyirsən ki, azadıq filan... Ədəb-ərkan var də. Gözəl yaza bilirsənsə, yaz. Yoxsa bu iyrənc şeylər nəyə lazımdır?! Qadın şairə yazır ki, hər bir kişi mənim üçün kitabdır, yoğunluğundan aslı olmayaraq, uzunluğundan aslı olmayaraq. Ümumiyyətlə, bizdə olan coşqunluq indi sizdə yoxdur.
- Niyə yoxdu, sizcə?
- Səbəblər çoxdur. Ən birinci səbəb ictimai mühitdir. Baxırsan ki, ölgün vəziyyətdir. Ona görə ki, ölkənin 20% -i işğal olunub. Millətin savadlanması üçün ciddi problemlər, sanki, Çin səddi var. Efirdə ağıllı adamlara çox az rast gəlirsən.
- Firudin müəllim, sonda nə demək istərdiniz?
- Biz dünyanın ən qədim xalqlarındanıq. Dünyaya musiqi sənətin vermişik. Muğam Azərbaycanındır. Bütün dünyaya yayılıb. Fars da, ərəb də muğam çalır. Muğam nə farsındır, nə də ərəbin. Bizimdir. Zərdüşt Azərbaycanlıdır də. Bunu mən demirəm. Ərəb tarixçiləri yazıb ki, Urmiyadandır. Orda heç fars yaşamır. Düzdü, sonradan köçüblərsə, o ayrı məsələdir. Çünki köklü olaraq Azərbaycan torpaqlarıdır. Zərdüşt dininə əsasən hər gün 72 dənə dua oxunurdu. Hərəsi də bir muğam üslubu idi. Bizim bu ənənmiz yəhudilərə, sonra da xristianlara keçib. Davud əleyhissəlam zəburu kimvalda çala-çala oxuyub.
- Zərduşt qaydasındakı oxumaları Davud əleyhissəlam öz əsərinin oxunmasına tətbiq edib, sonra da bu ənənə keçib xristianlara. Belə?
- Hə, elədir. Onlarda da kilsə xorları yaranmağa başlayıb. Dini ayinlər musiqi ilə ifa edilib. Bütün Avropa musiqisi də kilsə musiqisi əsasında yaranıb. Məntiq belə oldu ki, hamısı bizdən keçib.
- Demək, dünyaya musiqi sənətin biz vermişik. Yəni bu cür?
- İstənilən opponentə mən bu sahədə cavab verməyə hazıram. Milli konservatoriyada işləyirəm, özüm üçün araşdırmışam. Avropa musiqisinin ən dahiləri belə bu ideyanı dolaysı ilə bizdən mənimsəyiblər. Bir məsələni də sənə deyim.
- Buyurun.
- Mövlud günündə (İsa əleyhissəlamın anadan olduğu gün) - 31 dekabrda Sənubər ağacını bəzəmək adəti də Azərbyacandan başlayıb. Azərbaycana Həmzələt ibn Sübhan adlı bir peyğəmbər göndərilib. Çünki azərbaycanlılar rəngli saplarla, rəngli parçalarla həmin ağacları bəzəyərdilər. Ona dua edirdilər ki, ey mənim müqəddəs ağacım, oğlumun işləri pisdir, onun üçün yaxşı olsun. Mənim varım dövlətim bir az çox olsun.
- İndi də pirlərdə rəngli parçlar bağlayırlar. Bu da onun əlamətidir?
- Əlbəttə. Deməli, Allah-taala da Həmzələt ibn Sübhanı göndərir ki, o adamlara de ki, Allaha səcdə eləsinlər, ağaca yox.