2 Oktyabr 2015 16:09
4 802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış şair Salam Sarvanla müsahibəni təqdim edir.

- Salam müəllim, sizə deyəndə müsahibə eləyək, qayıtdınız ki, sözüm yoxdu, nə danışacam? Doğrudan, söz qurtarıb və daha deməyə heç bir sözümüz yoxdu?

- Bədii söz, əslində, əbədi axındı, hərçənd suyun təbiətdə dövranı kimi bir axındı. Düzdü, Heraklitin adına çıxılan bir fikirdə olduğu kimi, eyni çaya iki dəfə girmək mümkün deyil, amma belə düşünənlər də var ki, həm də bu dövran eyni suyun hərəkətidi axı. Hər halda, fikirləşirəm ki, bədii söz bitən deyil. Şeirin sözü nə vaxtsa tükənsə də, nəsrin imkanları həmişə qalacaq. Hərçənd əhvalatçı nəsr üçün bir az təhlükə var, çün həyat situasiyaları da artıq bir-birini təkrar edir. Amma, adi söz çoxdan bitib.

- Bəlkə, adi sözləri çox danışmısınız, ona görə sizə belə gəlir?

- Fikir vermisənsə, parlament seçkiləri vaxtı dəhşətli fakt çıxır ortaya. Məlum olur ki, namizədlərin əksəriyyəti danışa bilmirmiş. Məlum olur ki, bu əksəriyyətin qabiliyyəti təkcə alış-verişdə qiymət danışmağa, əyri-əyri işləri danışıb-düzüb-qoşmağa çatırmış. Yəni ki, bunların dili yoxmuş, dilçəyi varmış. Fikir vermisənmi, niyə bizim leksikonumuzda, məsələn, bir yetimi ovunduracaq çalar yoxdu? Niyə bizim danışıq dilimizin loruluğunda bu qədər köntöylük var? Niyə, məsələn, tamadanın toy təbrikiylə mollanın fatihəsindəki ton təxminən eynidi?

- Niyə?

- Çün biz durğun, standart, əzbərçi məişət vəziyyətlərindən kənara çıxmırıq. Belə vəziyyətlər isə düşüncə tələb eləmir, hazır ünsiyyət şablonlarından istifadə edildiyindən ifadə rəngarəngliyi də yaranmır. Bu vəziyyətlər həyatın kobud, natəmiz yerlərində olduğundan danışıq dilimiz də belə çirklidi, qabadı. Yəni danışıq dilimizdə bədahətənlik yoxdu. Bizim sözümüz çoxdan bitib.

- Buyurun, onda siz çıxın bu əzbərçi məişət vəziyyətindən və danışın.
- Belədə də söz bitib. Nə danışsaq, təkrar olacaq. Bizim yaşantılarımız, bioqrafiyamız, həyat fəlsəfəmiz nə boyda şeydi ki, hər saytdan gələn hər jurnalistə hər dəfə yeni detallar açaq. Bir-iki müsahibəlik canımız vardı, vermişik gedib. Təfərrüatlarla oynamağın nə mənası? “Başqa sözümüz” olanda da şeirdə deyirik də.

- Sözün qurtardığı bir vaxtdı, bəs darıxanda nə edirsiniz, heç öz köhnə şeirlərinizi təzədən oxuyursunuzmu?
- Yox, oxumuram.

- Bəs darıxmaq hissini necə yola verirsiniz?
- Zülüm də odu ki, darıxanda heç nə eləyə bilmirəm.

- İçki necə?
- Heç bir qab pivə içməyə də həvəs olmur. Eləcə donub qalıram.

- Maraqlıdır, hansı hallarda içkiyə ehtiyac duyursunuz? İçəndə kefdən, yoxsa dərddən içirsiniz, yoxsa dost-tanışın sözünü yerə salmayıb məcbur olub içirsiniz? Bəzən sizin adınızı içkiylə hallandıranlar olur, ona görə bu sualı verdim. Salam filan şeyi içib yazdı, Salam filan sözü içib dedi və s.
- Şair Vaqif Nəsib bir dəfə demişdi ki, bizim adımız içir, özümüz yox. Yəni adımız çıxıb da. Həmişə belə olub, şairləri çoxiçən kimi qələmə veriblər. Axşam saat altıdan sonra Bakının bütün restoran və kafeləri dolu olur, kimdi onlar, şairlərdimi?! Hə, mənim çox içdiyim vaxtlar olub, 10 il qabaq. Sonralar həftədə-ayda bir dəfə. İçkiyə daxili təlabatım yoxdur, yəni nə dərd, nə də sevinc məni içkiyə çəkir. Sadəcə, hərdən maraqlı dostlarla oturub həftəbecər söhbətlər eləməyin bir ayrı aurası olur. İçib “nəsə” deyə bilərəm, amma kim içəndə “nəsə” demir ki?! Ümumən, yüzdəyüz səliqəli yaşamaq, daim içi qalstuklu olmaq mümkünmü? Mən özüm o qədər belə hallarda başqalarının səhvlərini bağışlamışam ki... Prinsipim də belədi: içki söhbəti elə içki məclisində də qalmalıdı, onu sabaha daşımaq olmaz.

- İçkili vəziyyətdə nəsə yaza bilirsiniz?
- Yox, onda yazı yazmıram, yaza bilmirəm. Ola bilər ki, bir neçə status yazmışam belə hallarda. Hə, noolsun? Axı mən belə bir status da yazmışdım ki, feysbukda da, həyatbukda da bir qisim adamlar sanki pusquda durublar, gözləyirlər ki, bir səhv söz işlədib yaxamı verəm bu namərdlərin əllərinə. Yaxşı, bir neçə “səhv” eləmişəm, yaxamı vermişəm əllərinə, dartışdırsınlar.

- Müəllim, ürəyiniz şeir istəyəndə hansı şairlər sizi ovundurur?
- Düzü, indi sən sualı verəndə düşündüm ki, ürəyimin şeir istədiyi ovqat olubmu, gördüm, olmayıb. Yəni şeir ehtiyacım, ancaq onu yazmağa olub, oxumağa yox. Amma sevdiyim xeyli şeirlər var ki, onları dost-tanışın yanında deməkdən ləzzət alıram.

- Bilmək olarmı, hansı şeirlərdi onlar?
- Çoxdu, hansını deyim?!

- Heç olmasa, birini...
- Daha çox, Camal Sürəyyanın “Dayanacaqda üç nəfər” şeiri...

- Bu günə kimi çox müsahibələr vermisiniz, fikir vermişəm, get-gedə cavablarınız qısa və konkret olur. Amma biz adət eləmişik ki, insan yaşlananda suallara daha ətraflı cavablar verə bilir.
- Əksinə, yaşlandıqca söhbət daha yığcamlaşmalıdı məntiqlə. Çün getdikcə çox mətləblər sənünçün aydınlaşır, durulanır, ələnir, arıtlanır, yəni həcmi-miqyası kiçilir. Əslində, deyəsən, mənim bütün müsahibələrimdə cavablar qısa, konkret olub. Bu, tək ona görə deyil ki, danışmağa həvəsim olsa da, hövsələm yoxdu. Sualları başdan eləmək də deyil. Sadəcə, uzunçuluq ürəyimi sıxır. Ona görə də roman yazmaq istəsəm də, alınmadı məndə. Romançılar səhv anlamasın, söhbət “uzunçuluq”un gəvəzə, boşboğaz anlamından getmir.

- Salam müəllim, sizcə, bütöv bir şair ömrünü təmiz yaşamaq mümkündür? Sizdə bu, alındımı?
- Yəni?

- Yalan danışmadan, içində bir şeyi düşünüb əməldə başqa cür olmadan, haqqı qoyub nahaqqa əl uzatmadan və s.
- Düzü, birbaşa “mümkün deyil” deməyə əsasım yoxdu. Bəlkə də, dünyanın harasındasa nə vaxtsa kimsə bütöv şair ömrünü təmiz yaşaya bilib. Həmişə dediyim bir söz var ki, bataqlıqda yaşayıb da palçığa batmamaq mümkün deyil. Sadəcə, baxır, haracan batmısan – topuğacan, dizəcən, ya boğazacan?! Bizim cəmiyyət həmin bataqlıqlardandı. Mən, sadəcə, bu bataqlıqda özümü palçığa-çirkaba daha çox batmaqdan qorumağa çalışıram. Təbii, qədim dünyanın kinik filosoflarından da deyiləm, zibillikdə eşələnib deyəm ki, günəş çirkabın üstündən keçəndə çirklənmir. Yəni mələk obrazına iddiam yoxdu.

- Son vaxtlar sizi daxilən narahat, sıxıntılı hiss edirəm. Bunu həm Facebookda yazdığınız statuslarda, həm də son yazdığınız bir şeirdə hiss eləmək çətin deyil. Sanki hər şey boş və mənasızdır, vətən də, sevgi də, dostluq da... Bircə günəşə inanmaq lazımdı. Biz bunu necə anlayaq, bu, ömür yorğunluğudur, yoxsa bir anlıq depressiv vəziyyət? Yoxsa elə şair belə olmalıdır?
- Kəramət, yəqin sən onu da bilirsən ki, daxili narahatlıq əbədi vəziyyətimizdi, sıxıntılar daimi, sarsıntılar aradabir. Amma bunların hamısı birbaşa həyatımızla, məişətimizlə bağlı deyil. Məsələ, yəqin, böyük mənada düşüncə boşluğuna düşməkdədi. Həyatımızdan keçən anlayışların, dəyərlərin məğzi-mənası ətrafında ziddiyyətlərdədi. Gözümüzün önündəki böyük kütləvi bəsitliklə konfliktdədi. Mən həyatda sıradan biri, cəmiyyətdə adi vətəndaşam. Gündəlik həyatın problemlərinə münasibətim başqalarınkından fərqlənmir. Səsim çatsa, mən də qışqıracam, yaşasın azadlıq! Pulum çatsa, mən də evimi ikiotaqlıya dəyişəcəm. Gücüm çatsa, mən də bu vətən uğrunda erməniyə bir yumruq vuracam. Hissim çatsa, mən də dostlarımı, yaxınlarımı ömrümün sonuna qədər sevəcəm. Yəni həyatın adi axarında “dostluq”, “azadlıq”, “sevgi”, “vətən” anlayışları ətrafında düşüncəm başqalarınkından fərqlənməyəcək. Yazdıqlarımda, yazmaq istədiklərimdə isə belə deyil, bu anlayışların adi həyatda alışdığımız mənalarıyla mübahisə var, konflikt var.

- Düzü, anlamadım.
- Məsələn, belə deyim də... Məncə, biz ömrümüzdəki insanları həyatın səthində olan balaca sevgilərlə, yəni məişət sevgisiylə sevdik. Bu cür sevgilər həyatımızda ciddi təlatümlər yarada bilməz, deməli, sarsıntılı şeirlər də doğura bilməz. Amma içimizdə sevginin məişətdənkənar bir şəkli də var. Bax, o şəkildəki “insan” deyil, “fon”du. Ona görə deyirəm ki, o şeirlərdəki sevginin konkret qadın ünvanı yoxdu, o şeirlərdəki ərazinin konkret vətən ünvanı yoxdu. Mən inanmıram ki, Göygölün gözəl və ya eybəcər halına yaxşı vətən şeiri yazıla bilsin. İnanmıram ki, konkret Şahsənəmə olan sevgiyə yaxşı şeir yazıla bilsin. Konkret real ünvanlar bizdə yaradıcı sarsıntılar yarada bilməz. Mümkün deyil. Əslində, bizə sarsıntılı sevgi şeiri yazdıran başqa dərinlikdi, sadəcə, aldanış olaraq belə gəlir ki, bu, Şahsənəmə olan məhəbbətdi. Mənim qaradərili Afrika qızına yazdığım sevgi şeirini oxumusan, yəqin...

- Oxumuşam...
- Aydındı ki, elə adam yoxdu həyatımda. Sadəcə, sevgi barədə alışmadığımız bəzi düşüncə qatlarını üzə çıxarmaqçün mən o qaradərili qızı şeirdə sevdim. Doğrudan sevdim e. Belə lap əməlli-başlı. İndi də onunçün darıxıram. (gülür)

- Bir dəfə demişdiniz ki, üç cildlik fəlsəfə kitabı yazmışam. Hətta saytda elan verib yazdığınız kitabları satışa da çıxarmışdınız. Necə oldu? O kitablar çap olunacaq?
- Üç-dörd mətbəəylə maraqlandım, yaman bahaçılıqdı. Yəni xərci çoxdu. Hələ qalıb. Amma nə vaxtsa mütləq çap elətdirəcəm.

- Axı biz sizi filosof yox, şair kimi tanıyırdıq. Bəs birdən-birdə üç cildlik fəlsəfə kitabı hansı ehtiyacdan yarandı?
- Mən orda filosofluq eləməmişəm ki... Mənim yazdığım dünyanın fəlsəfə tarixidir. Anlaşıqlı dildə, bədii elementlər qatılmış üslubda. Adından da bilindiyi kimi, “Filosofların savaşı” formatında, yəni Tezis-Antitezis süjetiylə.

- Sizin şair kimi çox parlaq bir dövrünüz olub. 90-cı illər. Bir dəfə məclisdə kimsə dedi ki, Ramiz Rövşəni dostları çox təbliğ elədilər, ona görə bu qədər qabardı. Sizi də təxminən, o cür təbliğ eləyən, hər yerdə şeirləriniz haqqında yüksək sözlərlə danışan adamlar tanıyıram. Qəribədir ki, bir müddətdən sonra məhz həmin adamların elə təriflədikləri intonasiya ilə sizin şeirlərin əleyhinə danışdıqlarını gördüm. Necə düşünürsünüz, bu ovaqtı o adamlarda doğrudanmı, sizin şeirləriniz yaradır?
- Qəliz məsələdi, bir az psixolojidi, bir az mənəvidi, bir az da ədəbidi. Mümkündü ki, bir zamanlar mənim şeirlərimi bəyənənlər səhv elədiklərini səmimi şəkildə başa düşsünlər. Mümkündü ki, bir vaxtlar kimlərəsə təzə, orijinal gələn o şeirlər vaxt keçdikcə köhnə görünsün. Bu halları anlayıram, təbii qəbul eləyirəm. Amma belə də olur ki, kimlərinsə o şeirləri bəyənməsiylə bəyənməməsinin arası bir həftə çəkir. Bu da şəxsi münasibətlərin vəziyyətindən asılı olur. Belə də olur ki, mənim kimlərinsə yaradıcılığına biganəliyim, bəzən tənqidi münasibətim onlarda da mənə qarşı münasibəti dəyişir. Belə də olur ki, şeirlərimi sevən kimsə küçədə salamını gec aldığıma görə artıq həmin gün o şeirlərin üstündən xətt çəkir. Belə də olur ki, o şeirləri sevən kimsə mənə münasibəti pis olan hansısa dəstəyə qoşulandan sonra məni yıxıb-sürüməyə başlayır. Və sair... Yəni o şeirlərə tənqidi münasibətlərdə səmimiyyət də var, hikkə də.

- Bəs siz özünüz bu münasibət dəyişkənliyini necə qarşılayırsınız?
- Hər ikisini könül rahatlığıyla qəbul eləyirəm. O şeirləri qorumaq fikrim, həvəsim yoxdu. Həm də nə mənası?! Tutaq ki, nə qədər canım sağdı, müdafiə elədim, bəs mən öləndən sonra kim qoruyacaq o şeirləri? Eləysə, elə bəri başdan buraxıram onları öz güclərinin öhdəsinə. Nə qədər yaşaya biləcəklərsə, demək ki, ömürləri o qədərmiş, süni nəfəs vermək absurddu.

- Bir dəfə Facebookda status yazmışdınız ki, daha bu yaşdan sonra heç bir yerdə işləmək istəmirəm. Doğrudanmı, Azərbaycanda heç bir yerdə işləməyib yaşamaq mümkündür?
- Mümkün deyil. Amma məsələn, 200 manat maaşa işləməkdənsə, siqareti tərgidib evdə oturub çölə çıxmamaq yaxşıdı, heç iş yolunu gedib-gəlməyinə dəymir. Normal maaş olarsa, kim işləmək istəməz ki?!

- Salam müəllim, Ana Vətən Partiyasında işləmisiniz, sonra getmisiniz, Bakı Slavyan Universitetində işlədiniz, yenə getdiniz. Bilmək istəyirəm, bu imtinalar nə üçündür, belə demək mümkünsə, imtina etdiyiniz şeylər şair adınızın sağlam qalması üçündür, yoxsa xarakteinizdən irəli gələn şeylərdir, yoxsa hamısı düşünülməmiş ani qərarlardır?
- Kəramət, tək bu iş yerləriylə bağlı yox, ümumən, keçmişi qurdalamaq istəmirəm.

- Niyə?
- Çün qurdalayanda səhvlərim də gözümə girir. Nə oldusa, oldu-bitdi. Nə olmalıydısa, oldu-bitdi.

- Məşhur bir fikir var. Keçmişi bir halda öyrənmək olar ki, köhnə səhvləri təkrar etməyəsən. Yəqin bu fikirlə ikiəlli razısınız?
- Razılaşmaq üçün bir əli qaldırmaq da bəs eləyir: lehinə! (gülür)

- Əslində, Allaha verilməli olan bu suala siz necə cavab verərdiniz, maraqlıdır. Çünki bu şeylər barədə çox söhbətlərimiz olub, ona görə yadıma düşdü. Əgər öləndən sonra yaşayacağıqsa, biz niyə ölürük?
- Bu, əslində, dini, idealist fəlsəfi baxışların yaradıcılarına veriləsi sualdı. Tutalım, mən ateist olsaydım, sənin sualının heç bir önəmi, anlamı olmayacaqdı. Tutalım, elm səni bircə kəlməylə susduracaqdı ki, kim deyir biz öləndən sonra yaşayırıq?! Bir dəfə demişdim... Mənə görə, kainatın iki cür izahı var. Elmi izah və Eşqi izah. Eşqi izaha görə, insan ömrü təkcə bu dünyadakından ibarət deyil. İnsan yaradılış olaraq belə tez – hətta bəzən doğulan kimi, hətta bəzən beş yaşında bitə bilməz. Dində, fəlsəfədə ölümdən sonrakı həyata dair xeyli fərqli baxışlar var: ruhun köçürülməsindən tutmuş cənnət-cəhənnəm həyatına qədər. Nədənsə, hərdən inanmağım gəlir ki, bu baxışlardan hansısa biri düz çıxacaq. Yəni inanmağım gəlir ki, ardımız var, insan sonsuzdur, sonsuzluğacandır. Bunu dünyaya Elmi yox, Eşqi yanaşma deyir.

- Bəs bu yanaşmanızdan mənim sualıma necə cavab verərdiniz?
- Bu da Eşqi izahdan gəlmə cavab olacaq da. Yəqin, ona görə ölürük ki, sonra başqa cür yaşayaq. Çün sonrakı ömrümüz bu dünyadakı həyatın başqa üzü olacaq, yəqin. Belə olacaqsa, bu rəngarənglik qane eləyir.

- Maraqlıdır, sizə Azərbaycanın dövlət himnini yazmaq təklifi gəlsəydi, o mətni hansı sözlərdən toxuyardınız? Ümumiyyətlə, orda mətn olardımı? Və onu bəstələməyi, oxumağı kimə həvalə edərdiniz?
- Bədii keyfiyyətinə görə, əslində, bütün himnlərin mətnləri bir-birinə yaxındı. Dəqiq bilmirəm, niyə belədi. Ola bilsin ki, himnlərin sifarişi onları istedadla yaza biləcək "uzaqdakı" şairlərə yox, yaxındakı, ictimai-siyasi hərakatların yanındakı adamlara verilib. Yəqin, o da var ki, istedadlı şairlər o tip mətnləri yaza bilməzdi. “Yazmazdı” demirəm ha, yaza bilməzdi. Məncə, himndə mətnin olmağı təbii haldı, hətta gərəklidi. Mətn nə qədər zəif olsa da, ortada dil faktoru var axı. Yəni doğma dövlətin himnində doğma melodiyayla doğma dilin birliyi möhtəşəm simvolika yaradır. Adam bunu himn oxunanda hiss eləyir.

- Hərdən zarafatyana deyirsiniz ki, Allah mənə ağıl versin. Necə düşünürsünüz, şairdə ağıl olmalıdırmı, yaxud, olmamalıdırmı? Sizcə, dünyada ağılsız şairlər çoxdur, yoxsa ağıllı? Və ümumiyyərtlə, sizə görə bunların yeri necə müəyyənləşir?
- “Ağıl” bizim cəmiyyətdə necə anlaşılır ki?! Belədi ki, mütləq çoxluq bu reallıqda özlərini də, başqalarını da yola verməyə bir-biriylə dil tapıblar. Bu reallıqda “ağıl” nədi, “dil”di, dilətutmadı, ölçü-biçidi, hər şeyi “həyat həqiqətləri”, konyuktura, “mənim də balalarım var”, “onun da balaları var” baxımından hesablamaqdı. İndi məni qoy bir tərəfə, bu suala özün cavab ver: dostum Kəramət, səndə ağıl var?

- Məndə ağıl olsaydı, indi çox ciddi bir vəzifəm olardı, altımda maşınım, evim-eşiyim, var-dövlətim, pulum olardı. Daha kirayə evdə yox, öz evimdə yaşayardım, maaşdan maaşa borc pul almazdım.
- Yeri gəldi, bir lətifə danışım. Onsuz da bayaqdan çətin suallar verirsən, söhbət ağır gedir. Deməli, Yol polisi bir maşını saxlayır, başlayır pozuntu axtarmağa. Amma tapa bilmir, sənədlər qaydasındadı, sığorta var, texniki baxışdan keçib, kəmər beldədi və sair. Yaxınlaşır sürücüyə, gözlərinin içinə baxıb hirslə deyir: “Hə, nə fikirləşirsən?” Sürücü deyəndə ki, nə fikirləşəcəm, rəis, qayda-zad pozmamışam axı, polis lap əsəbləşir: “Əə, mənim doqquz balam evdə ac-susuz oturub gözləyəcək ki, sən haçan qayda pozassan?!” (gülür)

- Müəllim, puldan söz düşmüşkən, bir dəfə status yazmışdınız ki, Yazıçılar Birliyi mənə təqaüd verməyib, niyə vermir, bilmirəm, səbəb nədir və s. Əvvəla, bir çox adamlar elə bilir ki, siz təqaüd almısınız. İkincisi, bu qədər müddət ərzində təqaüdün adını tutmayan, deyən ki, vermirlər, heç verməsinlər, bəlkə də, heç yadına da düşməyən Salam Sarvan niyə birdən-birdə təqaüd arzusuna düşdü? İnanmıram ki, təkcə maddi ehtiyacdan irəli gələn bir şey olsun.
- Mən o statusu “niyə mənə təqaüd vermirlər?” gileyiylə, umacağıyla yox, “məntiq hardadı?” ironiyasıyla yazmışam. Sən özün ironiyanı yaxşı tanıyırsan axı. 2007-ci ildən bəri hər il 70 nəfərə bu təqaüdü verirlər. Yəni siyahı hər il dəyişir, növbəti 70 nəfər başqa adamlar olur. 8 ili vurursan 70-ə, eləyir 560 yazar. Mən bu 560 AYB üzvünün içində yoxam, yazılarımı bu 560 nəfərin yaradıcılığı səviyyəsinə layiq bilməyiblər. Belə çıxır. Belə çıxanda da məntiqə girmir axı. (gülür)

- Anlamağına anlayıram, sadəcə, inanmıram ki, siz Salam Sarvana təqaüd veriləməsinin məntiqini bilməyəsiniz. Məntiq bundan ibarətdir ki, AYB sədri Anarın sizə münasibəti yaxşı deyil.
- Təki səbəb təkcə bu olsun.

- Söz düşmüşkən, niyə Anarın sizə münasibəti yaxşı deyil? Hətta yadıma gəlir ki, siz hansısa bir məsələdə onu müdafiə də eləmişdiniz.
- Bu suala Anar müəllim özü cavab versə, yaxşı olar. Yəni inanmaq istəmirəm ki, bir vaxtlar AYB-dəki vəziyyət haqda yazdığım beş-altı tənqidi yazı buna səbəb olsun. Hərçənd AYB-nin fəaliyyətiylə bağlı yenə həmin fikirdəyəm, belə təşkilat olmaz, təşkilat belə olmaz. Ancaq inan ki, AYB xüsusi bir problem kimi yoxdu mənimçün. Sağım-solum problemlərlə dolub-daşan yerdə AYB hərdənbir düşür yadıma. Axırıncı dəfə orda iki il qabaq olmuşam. Hətta düşünürəm ki, ordan çıxmam lazımdı. Çün o təşkilat dəyişənə oxşamır, formal üzvlüyün də nə mənası?! Müdafiəyə gəlincə, hə, münasibətlərin ən gərgin vaxtlarında da Anar müəllimin şəxsinə yönəlik təhqirlər olanda etirazımı yazı şəklində bildirmişəm. Bir neçə dəfə. Yəni ədalət naminə, təhqirdən qıcıqlanaraq.

- Niyə Sabir haqqında fikirlərinizi daha açıq və sərt deyə bilirsiniz, ancaq məsələn, sağlar haqqında o cür danışmaq olmur? Məsələ təkcə sizə aid deyil, ümumiyyətlə, soruşuram.
- Sabir haqda sərt nə demişəm ki? Vallahi, Sabir özü sağ olsaydı, mənim dediklərimi heç vecinə də almazdı. Deyərdi ki, bənzərəm bir qocaman dağa ki, dəryada durar, yel dağdan nə aparar?! Bunlar niyə belə narahat olurlar, anlamıram. Belə baxanda, mən sağlar haqda da, ölülər haqdakı intonasiyayla danışmışam, danışıram. O başqa məsələ ki, ümumən, özümü fəal tənqidçi saymıram. Özü də nə qoyub, nə axtarırsan, indi ölülər haqda danışmaq daha təhlükəlidi.

- Niyə ki?
- Sağları tənqid eləyəndə uzaqbaşı onların yaxın ətrafı əsəbləşir, amma ölülər haqda bir kəlmə söz deyən kimi az qala bütün toplum yeriyir adamın üstünə.

- Müəllim, tərifdən xoşunuz gəlir?
- Şeirlərim haqda yazılı halda olanda hə, xoşuma gəlir, amma üzümə deyiləndə sıxılıram, özümü diskomfortda hiss edirəm.

- Necə düşünürsünüz, bu günə kimi sizi daha çox tərifləyiblər, yoxsa tənqid eləyiblər?
- Aləm dəyib bir-birinə, çətinlik çəkirəm nisbəti müəyyənləşdirməyə.

- Sizcə, yazdığınız şeirlər bir insan kimi nöqsanlı cəhətlərinizi sığortlayarımı? Yəni hansısa bir səhv eləyirsiniz, ancaq dəyərli bir şair olduğunuza görə göz yumurlar.
- Bəlkə də olur, fikir verməmişəm. Amma bu, xırda qüsurlara görə ola bilər. Bir az böyükfason səhvlərə görə bu cəmiyyət, bu adamlar adamın nəfəsini kəsər, nə şeir, nə şairlik?!

- Müəllim, Vaqif Səmədoğlunun ölümə münasibəti bir qədər fərqli oldu. Deyirlər, o, ölümlə oynadı getdi. Siz necə fikirləşirsiniz, ölümlə oynamaq doğrudanmı mümkündür?
- Ruhu şad olsun, yəni neylədi ki, oynadı? Necə oynadı? Məncə, o da hamı kimi ölümqabağı təəssüfü, nigarançılığı, ayrılıq əzabını ifadə elədi. Amma şair kimi ifadə elədi də, obrazlı ifadə elədi. Həm də insan niyə ölümlə oynamalıdır ki, ölümün qarşısında səmimi olmaq ayıbdı?! Getmək həmişə ağrılıdı, əzablıdı. Bir evdən başqa evə köçmək də, dünyadan köçmək də. Başqlarının səndən getməyi də, sənin başqalarından getməyin də. Bu ağrını səmimi yaşamaq, bu əzabı etiraf eləmək ayıbdı ki?! Qonşumuz var – hacı Samir. Bu yaxınlarda dedi ki, evi satıb başqa yerə köçmək istəyir. Neçə gün içimdə bir ağrı gəzdi, elə hey ürəyim sıxılırdı. Ki, illərlə öyrəşdiyim belə bir qonşusuz mən necə qalacam. Yaxşı ki, fikrindən daşındı. Bu yay rayonda qardaşımgildə 40 gün qaldıq. Şeylərimizi yığışdırıb Bakıya qayıdanda mən də, xanımım da o vəziyyətdəydik ki, sanki dünyadan köçürük.

- Ümumən, ağacdan, quşdan, restoranlardan, kafelərdən, yaxşı dostlardan ayrılıb birdəfəlik getmək necə hissdir, sizcə? Axı həyat gözəldir. Heç bu şeylər barədə düşünürsünüz?
- Bir dəfə belə bir şey yazmışdım: Mühacirət həvəskarlarının talesizliyini anlayıram: ömründə bircə dəfə dünyaya gələsən, onda da bu “xarabada”? Məsələn, mən yaşamağa olmasa da, heç olmasa ölməyə xaricə getmək istəyərdim. Necə qıyırsan, ömründə bircə dəfə dünyadan gedəsən, onda da bu “xarabadan?”.

- Hə, bu yazını oxumuşdum.
- Amma sonradan gördüm ki, mən vətəndən uzaqda yaşaya bilməyəcəm. Sənin bayaq saydığın, saymadığın şeylərin olduğu bu torpaqdan ayrı yaşaya bilməyəcəm. İndi axırıncı sualından sonra ağlıma bu gəldi ki, deyəsən, mən heç ölə də bilməyəcəm. (gülür)

- Son vaxtlar adamlardan incikliyinizi xüsusilə hiss edirəm. Niyə bu qədər həssas olmusunuz? Sizin bir yaxşı jestiniz var, nəsə bir şey danışan kimi, gülümsəyə-gülümsəyə əlinizi yelləyirsiniz, yəni boş ver. Olmaz ki, hər şeyə əlinizi yelləyib deyəsiniz ki, boş verdim?
- Bilmədim sənə niyə belə gəlib, heç kəsdən xüsusi incikliyim yoxdu. Olanda da ani olur. Belə baxanda, xeyli pis cəhətlərimə rəğmən, bilirəm ki, insancanlı, dostcanlı qəlbim var.

- Yeni şeirlər yazılır?
- Hə, yazıram.

- Bu gün sizə şeirlər yazdıran hissin adı nədir?
- Bayaq dedim, özümü son vaxtlar düşüncə boşluğunda hiss edirəm. Bəzi ciddi suallara indiyədək verilmiş cavablar qane eləmir, təfəkkürümü yaralamır. Demirəm e onlar səhvdi, sadəcə, qane eləmir. İndi bu düşüncə boşluğunun şeirləri yazılır. Görək necə alınacaq.

- Ayrıca kitab kimi çap eləmək istəyirsiniz o şeirləri, yoxsa bir-bir saytlarda oxuyacağıq?
- Bu şeirlər əvvəlkilər kimi dağınıq düşüncə qatlarının şeirləri deyil, ovqat şeirləri deyil. Məncə, bunlarda bir sistem olacaq. Yəqin ki, ayrıca kitab kimi çıxsa, yaxşı olar.

- Bəs deyirdiniz söz qurtarıb, amma bayaqdan xeyli danışdınız. Sən demə, hələ söz varmış.
- Məncə, sənin əməyin oldu bu.

Kəramət Böyükçöl


Müəllif: