14 Oktyabr 2015 12:07
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ərdoğanın qurucusu olduğu partiyanın seçkilərdə istədiyi nəticəni əldə edə bilməməsinin səbəbi HDP idi. Çünki HDP 7 iyun seçkilərində barajı aşdı. Başqa sözlə, Ərdoğanın kürd seçiciləri HDP-yə səs verdilər. İndilikdə hakim partiya daha çox HDP-dən yanıqlıdır. Türkiyə cəmiyyətində bölünmə dediyimiz məsələ daha çox HDP-nin üzərində qurulub. Əlbəttə, bu siyasəti AKP aparır. HDP-nin 7 iyun seçkilərinə qədər olan təbliğatı və kampaniyası çox yaxşı gedirdi. HDP lideri də Türkiyəni qucaqlayan siyasət aparırdı. İndiki qarışıq dönəm çox qeyri-müəyyənlik yaradır. Bu terror hadisələrindən sonra HDP-nin barajı aşması real görünür”.

Bunu qəzetimizə müsahibəsində Sülh və Münaqişələrin həlli Mərkəzinin direktoru, politoloq Elxan Mehdiyev bildirib. Müsahibəni təqdim edirik.

- Türkiyənin paytaxtı Ankarada yaşanan terror aktını necə qiymətləndirmək olar? Bu, gözlənilən idimi?
- Ankarada partlayışın olacağını kimsə gözləmirdi. Bu, cümhuriyyət tarixində ən böyük terror hadisəsidir. Terrorun Türkiyənin paytaxtında baş verməsi təhlükəsizlik qurumlarının zəifliyinin göstəricisidir. Bu məqam xüsusi vurğulanmalıdır. Türkiyənin indiki qarışıq dönəmində bir tərəfdən PKK, digər tərəfdən İŞİD adlı terrorçu birləşmə ilə gedən mübarizə konteksində həmin qüvvələrin zəifliyinin nəticəsidir ki, Ankarada belə iri miqyaslı terror aktı baş verdi.

- Terroru törədənlərin və ya sifarişini verənlərin əsas məqsədi nədir?
- Burada məqsəd çoxtərəflidir. Həm Türkiyəni qarışdırmaq, zəiflətmək, həm də qütbləşməni bir qədər də dərinləşdirmək istəyi var. Hazırda bu məsələdə daha çox İŞİD silahlı birləşməsinin adı çəkilir. Türkiyənin İŞİD-ə olan münasibətindən doğan əks reaksiyadır. Yəni, bir qiymətli məsələ deyil. Əlbəttə ki, Türkiyəni cəzalandırmaq məqsədi də var. Ancaq o da aydındır ki, terror aktları ilə heç nəyə nail olmaq mümkün deyil.

- Bu olaylar həm də Türkiyədə seçki kampaniyası dövründə baş verir. Sizcə, bu faciəvi olayın qarşıdan gələn seçkilərlə bağlantısı varmı?
- Hazırda siyasi qüvvələr Türkiyədə təbliğat kampaniyası aparır. Yəni, aktivlik mərhələsi yaşanır. Terror aktının seçkilər dönəminə təsadüf etməsi də maraqlıdır. Seçkilər zamanı insanların bir yerə toplanması, hansısa tədbirlər keçirməsi qanunauyğun haldır. Əks tərəf də məhz insanların bir araya toplaşması məqamından istifadə edib ki, daha çox ölüm halları baş versin. Nəticədə törədilən terrorun da təsiri güclü olsun. Yəni, bunu yalnız seçkilərə hesablanan terror aktı kimi qiymətləndirmək düzgün olmazdı. Sadəcə, Türkiyəni qarışıqlığa, xaosa sürükləmək, İraq və ya Suriyanın gününə salmaq məqsədi olub.

- Bəzi mütəxəssislər iddia edirlər ki, Suriyanı və İraqı Amerika qarışdırıb. Türkiyə isə ABŞ-ın regionda ən yaxın müttəfiqidir. Bu mənada indiki dövrdə Türkiyəni daxildən qarışdırmaq, xaosa sürükləmək hansı güclərin maraq çərçivəsində ola bilər?
- Daha çox o güclərin ki, Türkiyə onların istədiyini demir. Məsələn, İŞİD qüvvəsinin və ya Bəşər Əsəd rejiminin. Terrorda Əsədin kəşfiyyat strukturlarının fəaliyyəti də ola bilər. Mənə elə gəlir ki, bu məsələdə qeyd etdiyim iki qüvvə xüsusi əhəmiyyət daşıyır. Ancaq hazırda istintaq gedir və daha dəqiq nəticəyə istintaq gələ bilər.

- Əgər İŞİD-Türkiyə əlaqələri mövcuddursa, siz bu münasibətləri necə qiymətləndirirsiniz?
- Mənim bu haqda danışmağım bir qədər çətindir. Çünki əvvəllər Türkiyənin konsulluğunun əməkdaşlarını məhz İŞİD qüvvələri həbs etmişdi. Ankara da uzun müddət İŞİD və bu qurumla bağlı şəxslərlə əlaqədə oldu, danışıqlar apardı və nəhayət, diplomatları azad edə bildi. Ancaq indilikdə İŞİD-Türkiyə əlaqələri haqqında danışmaq mənə çətindir. Odur ki, mən bu məsələlərə birmənalı və konkret nəsə əlavə edə bilmərəm.

- Ancaq bir çox şərhçi iddia edir ki, Türkiyə-İŞİD əlaqələri var və Ankara uzun aylar İŞİD-ə hansısa yardımlar edib...
- Açığı, fərziyyələrlə çıxış edə bilmərəm. İkincisi, bu yanaşmaları qəbul edə bilmərəm. Üçüncüsü, “Türkiyə İŞİD-ə dəstək verib” ifadəsi çox məsuliyyət daşıyan və həm də məsuliyyətsiz yanaşmadı. Sadəcə, Türkiyə öz sərhədlərindən Suriyaya keçən insanlara müəyyən mənada şərait yaradıb. Yəni, sərhədlərini tam qoruya bilməyib. Lakin sərhəddən keçənlər arasında təkcə anti-Əsəd qüvvələrə deyil, İŞİD-ə qoşulanlar da oldu. Onlar Türkiyə sərhədindəki boşluqdan istifadə edərək İŞİD-ə qoşula bildilər. İndi bir çoxları bu məqama söykənərək iddia edir ki, Türkiyə İŞİD-ə hansısa şərait yaradıb. Amma indi Suriya və İraqdan Türkiyəyə yüz minlərlə qaçqın gəlib. Onların içərisində İŞİD-çilərin gəlməsi mümkün olan variantlardan biridir. Bunu isə ayırd etmək lazımdır. Türkiyə bunu ayırd edənə qədər həmin İŞİD-çilər də öz işlərini görə bilərlər. Sözümün mənası odur ki, bu məsələ elə də sadə deyil.

- Ankarada dəhşətli terror hadisəsi baş verib. Bunun Türkiyə üçün hansı nəticələri olacaq?
- Şübhəsiz ki, Türkiyə üçün bunun ağır nəticələri olacaq. Əvvəla, hadisə zamanı yüzə yaxın insan qətlə yetirilib. İkincisi, bu hadisə Türkiyənin daxilindəki barışı pozur, təhlükəsizliyə, qardaş ölkənin iqtisadi inkişafına problem yaradır, Türkiyəyə gələn turistləri qorxudur. Nəzərə alın ki, hər il Türkiyəyə çoxlu sayda turist gəlir, onlar ölkəyə 10 milyardlarla dollar xeyir verir, yüz minlərlə insan məhz bu sektorda çalışaraq əmək haqqı alır. Ümumilikdə isə bütün bu hallar Türkiyə üçün təhlükəli ssenaridir. Yəni, Türkiyəni Suriya və İraqın gününə sala bilərlər. Bu baxımdan təhlükəli tendensiyadır.

- Amma Baş nazir Əhməd Davudoğlu bəyan etdi ki, onlar heç kimə imkan verməzlər ki, Türkiyəni Suriya gününə salsınlar...
- Təbii ki, Türkiyə çox güclü dövlətdir. Bu dövlət nə Suriya, nə də İraqdır. Bu terrorçuların Türkiyəyə sızması, daxildə İŞİD hücrələrinin olması qarşısıalınmaz proses kimidir. Sadəcə, onları müəyyən edərək ortaya çıxarmaq Türkiyənin təhlükəsizlik strukturlarının və kəşfiyyat orqanlarının əsas işidir. Şübhəsiz ki, Türkiyə Milli İstihbarat Təşkilatı güclü qurumdur və hesab edirəm ki, indiki şəraitdə onlar sayıqlığını on qat artıracaq. Bu baxımdan harada İŞİD özəkləri varsa, bunu aradan qaldırmağa çalışacaqlar. Türkiyə heç vaxt İraq və Suriyanın gününə düşə bilməz. Sadəcə, indi Türkiyə kimi böyük dövləti zəiflətmək, yükləmək cəhdləri var.

- Türkiyədə noyabrın 1-də seçkilər keçiriləcək. Bu seçkilərdən gözləntiləriniz nədən ibarətdir?
- İyunun 7-də keçirilən seçkilərdə Ədalət və İnkişaf Partiyasının səsi azaldı. Cənab Ərdoğanın partiyası istədiyinə nail ola bilmədi. Hakim partiyanın istəyi bu idi ki, seçkidən qalib çıxsın və prezident üsuli-idarəsinə keçid etsin, Ana Yasanı dəyişsin. Hesab edirəm ki, Ədalət və İnkişaf Partiyası səslərini itirməkdə davam edəcək. İş ondadır ki, Türkiyədə vəziyyətin bu cür olması Ərdoğan zehniyyətinin məhsulu kimi qiymətləndirilir. Yəni, ölkənin qarşıdurmaya, çözüm mərhələsinin silahlı toqquşmaya gətirilməsi bilavasitə hakim partiya ilə əlaqəlidir. Təbii ki, seçici bunu görür və müşahidələrə görə, onlar hakim partiyaya səs verməyəcək.

- Əgər hakim partiya seçkilərdə qalib olmayacaqsa, bəs, hansı partiya irəli çıxacaq?
- Daha məsuliyyətli və Türkiyəni irəliyə daşıya biləcək siyasi qüvvə Cümhuriyyət Xalq Partiyasıdır. Zənnimcə, bu partiya irəliyə çıxsa, daha sağlam koalisiya yaradaraq hökuməti formalaşdıra bilər.

- Xalqların Demokratik Partiyasının imkanlarını necə şərh edirsiniz?
- Ərdoğanın qurucusu olduğu partiyanın seçkilərdə istədiyi nəticəni əldə edə bilməməsinin səbəbi HDP idi. Çünki HDP 7 iyun seçkilərində barajı aşdı. Başqa sözlə, Ərdoğanın kürd seçiciləri HDP-yə səs verdilər. İndilikdə hakim partiya daha çox HDP-dən yanıqlıdır. Türkiyə cəmiyyətində bölünmə dediyimiz məsələ daha çox HDP-nin üzərində qurulub. Əlbəttə, bu siyasəti AKP aparır. HDP-nin 7 iyun seçkilərinə qədər olan təbliğatı və kampaniyası çox yaxşı gedirdi. HDP lideri də Türkiyəni qucaqlayan siyasət aparırdı. İndiki qarışıq dönəm çox qeyri-müəyyənlik yaradır. Bu terror hadisələrindən sonra HDP-nin barajı aşması real görünür. Kürd seçicilər daha AKP-yə səs verməyəcək. Əslində, HDP-nin topladığı 13 faizlik səsin 6-7 faizi kürd seçicilərin idi. Yerdə qalan səslər isə bütün Türkiyəni əhatə edən sol qüvvələrin səsləri idi. Fikrimcə, onlar yenə də HDP-yə səs verəcəklər ki, hakim partiyanın seçkidən sonra həyata keçirmək istədikləri siyasi planlar baş tutmasın.

Nemət Hüseynli


Müəllif:

Oxşar xəbərlər