23 Oktyabr 2015 16:16
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Yeni Azərbaycan Partiyası tərəfindən 47 saylı Mingəçevir şəhər seçki dairəsindən namizədliyi irəli sürülən Aydın Mirzəzadə ilə müsahibəni təqdim edir:

– Aydın müəllim, seçkiyə necə hazırlaşırsınız? Prioritetləriniz nədən ibarətdir?
– Üzv olduğum Yeni Azərbaycan Partiyası tərəfindən 47 saylı Mingəçevir şəhər seçki dairəsindən namizədəm. Yəni mən konkret olaraq bir siyasi partiyanı təmsil edirəm. YAP hələ seçki başlamamışdan uzun müddət əvvəl öz daxilində bu prosesə hazırlaşırdı. Bütün rayon, şəhər təşkilatlarında fəallarla təlimatlar keçirilir, təbliğat qrupları hazırlanır, ayrı-ayrı seçici qruplarının əhval-ruhiyyəsi öyrənilir, qaldırılacaq məsələlərlə bağlı təkliflər hazırlanır və sairə. Bu gün mənim təbliğatım həm də YAP-ın təbliğatıdır. Bunlar birlikdə gedir. 9 oktyabr seçki təbliğatı gününə qədər biz YAP Mingəçevir şəhər təşkilatı ilə birgə böyük bir plan hazırladıq. Bu plan, birincisi, görüş qrafikləri idi. İştirak edəcəyim və təbliğat qruplarının iştirak edəcəyi görüşlər. Ayrı-ayrı kvartallarda ayrı-ayrı seçici qrupları mənimlə yanaşı özləri də görüşlər keçirirdilər. Eyni zamanda, Mingəçevir partiya təşkilatında altı mindən çox YAP üzvü var. Onların hər biri seçkiyə artıq köklənirdi və hər biri öz ətrafı ilə işləyirdi. Həmçinin, sosial şəbəkələrdən, ünsiyyətlərdən geniş istifadə edilirdi. Mən bu dairədən yeni namizəd deyiləm. Mən artıq xeyli müddətdir ki, bu dairədən parlamentin deputatıyam. Millət vəkili olduğum müddətdə vaxtaşırı olaraq Mingəçevir əhalisi ilə görüşlərim olub. Bu, əmək kollektivlərində idi, yerli televiziyaya elanlar verərək seçicilərin qəbulu idi, onların problemləri ilə məşğul olmaq idi. Məsələn, mənim mobil telefonumun nömrəsini Mingəçevirdə hər kəs bilir. İstənilən vaxt mənə müraciət edə bilir.

Tək indi yox, millət vəkili olduğum müddətdə istənilən şəxs mənə öz problemini deyə bilirdi. Ona görə də mən bu gün təbliğat aparmıram, hesabat verirəm. Onlarla, yüzlərlə insanla canlı ünsiyyətdə olub problemlərini həll etmişik. Ümumən götürəndə bu gün mənim görüşlərim tanışlarla söhbət xarakteri daşıyır. Bu baxımdan mən seçki kampaniyasında görüşlər keçirərək, hesabat verərək seçiciləri seçkiyə dəvət edirəm. Onları heç vaxt mənə səs verməyə dəvət etməmişəm. 47 saylı dairədə məndən başqa daha altı namizəd var. Onların hamısı ziyalıdır və millət vəkilliyinə layiqdir. Onlar da Mingəçevir sakinləridir. Seçkiyə gələn də öz seçimini edəcək. Noyabrın 1-də Mingəçevirdə seçkinin yüksək-əhval ruhiyyə ilə keçəcəyini düşünürəm. Kimə səs vermək lazım olduğunu isə mingəçevirlilər özləri həll edəcəklər.

– Hər hansı məsələnin həllində seçicilərin arasında əsasən hansı təbəqə sizin dəstəkçiniz olur?
– Bütün təbəqələr. Mən Mingəçevirdənəm, orada doğulmuşam. Uzun müddət orada işləmişəm, icra başçısının müavini vəzifəsinə qədər qalxmışam. Mən Mingəçeviri, oranın hər bir ailəsini və insanını tanıyıram. Hər bir kvartalda, küçədə olmuşam. Orada mənə tanış olmayan insan, tanış olmayan problem yoxdur. Hesab edirəm ki, ümumən götürdükdə mingəçevirlilər də məni tanıyırlar və nə qərar verəcəklərsə, artıq onların qərarıdır.

– Növbəti dəfə seçiləcəyiniz təqdirdə əhalini narahat edən hansı problemlər var ki, onları parlamentdə səsləndirməyinizi istəyirlər?
– Bunlar sosial məsələlərdir. İçində yeni iş yerlərinin yaradılması, ipoteka şərtlərinin yumşaldılması, daha böyük məbləğdə ipotekanın alınması, təhsil krediti sisteminin işə düşməsidir. Bilirsiniz, övladı ödənişli təhsil alan ailələrin heç də hamısının təhsil haqqını dərhal ödəmək imkanı yoxdur. Qadınlar üçün iş yerlərinin açılması məsələsi də aktualdır. Ümumilikdə götürəndə, bunlar kompleks məsələlərdir.

– Bəs daha böyük mənada sizi narahat edən, Milli Məclisdə müzakirəyə çıxarılmağını istədiyiniz hansı məsələlər var?
– Konkret dairə ilə əlaqədar söyləsəm, çox istərdim ki, Mingəçevirdə çox böyük bir hərbi lisey açılsın. Mən bunu parlamentin sonuncu iclasında dedim. Düşünürəm ki, Mingəçevir bunun üçün uyğun bir yerdir. Demək olar ki, Mingəçevir Azərbaycanın mərkəzində yerləşir. Mingəçevirdə və ətraf rayonlarda gənclərin çoxu hərbi məktəblərə daxil olur. Ona görə də Mingəçevirdə hərbi liseyin açılmasını çox arzu edirəm.

Ümumdövlət məsələlərindən isə hərbiçilərimizin vəziyyətinin daha da yaxşılaşdırılması, hərbi qulluğa gedən insanın birbaşa mənzillə təmin olunmasıdır. Bu, xidməti mənzil ola bilər, xüsusi tikilmiş mənzil ola bilər. Onun ailə üzvlərinin işlə, daha yaxşı təhsillə təminat məsələsini qabartmaq istəyərdim. Hərbçilərə daha erkən – 10-15 il müddətində mənzil verilməsini istəyərdim.

Ümumi mənada, cəbhə xəttinə yaxın olan ərazilərin sakinləri üçün xüsusi statusun olmasını arzu edərdim. Bu, onlara kredit verilməsi də ola bilər, kommunal xərclərə güzəşt ola bilər. Bir sözlə, təkliflər çoxdur. Bizə yenidən etimad göstərilsə, bu məsələlər üzərində işləyəcəyik.

– Yenidən bu etimada layiq görüləcəyinizə inanırsınızmı?
– Onu deyə bilmərəm. Mən 47 saylı seçki dairəsindən namizəd olan yeddi nəfərdən biriyəm. Seçicilər nə qərar verəcəksə, onunla da razılaşacam. Seçəcəklər, təşəkkür edəcəm, yenə də onlarla birlikdə işləyəcəm. Başqasına üstünlük versələr, onu birinci təbrik edən mən olacam, yüksək şəkildə dəstək göstərəcəm.

Sevinc


Müəllif:

Oxşar xəbərlər