3 Dekabr 2015 11:49
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İrandakı sabiq səfiri, AMEA-nın müxbir üzvü Əliyar Səfərli ilə müsahibəni təqdim edirik:

- Əliyar müəllim, ötən həftə Nardaranda baş verən hadisəni necə qiymətləndirirsiniz?
- Nardaranda daim problemlər çıxırdı, sanki bu kənddə Azərbaycana qarşı mübarizə aparılırdı. Dövlət də bu kimi hallardan razı qalmırdı və bunda haqlı idi. Məhz bəlli hadisədən sonra dövlət bu kənddə vəziyyəti yoluna qoymaq üçün müəyyən tədbirlərə əl atdı. Əməliyyat aparıldı, daxili qoşunlar, polis kəndi nəzarətə götürdü. Bu, ciddi və əhəmiyyətli məsələdir. Eyni zamanda, Azərbaycanın bəzi bölgələrində-Lənkəranda, Gəncədə, Bakının özündə də bəzi satqın dindarlar belə fəaliyyət göstərirdi. Azərbaycan dövləti bu hadisələrə çox sakit münasibət ifadə edirdi. Sonuncu Nardaran hadisəsi zamanı dövlət ciddi münasibətini ortaya qoydu. Çünki Nardaranda bəlli kəsim eyni məqsədi daşıyırdı və bu dövlətçiliyə qarşı fəaliyyət idi. Azərbaycan dövləti bu günə qədər Nardarana qarşı etirazlar həyata keçiribmi? Yox. Bəs nədən Nardaran Azərbaycan dövlətinə qarşı etirazını və təxribatını daima ortaya qoyur?

- Bu kənddə bəzi qruplaşmaların dövlətə qarşı çıxmaqda məqsədləri nədir?
- Nardaran hadisələri ciddi şəkildə araşdırılmalıdır. Sanki bu kənd istədiyini etməlidir və bunda haqlıdır. Məsələn, indi deyirlər ki, kənddə qaz, işıq, su yoxdur. Əslində, belə də olmalıdır. Çünki bunu onların əməllərinin nəticəsi ortaya qoyub. Odur ki, Nardaran hadisələrini ancaq müşahidə etməklə iş bitməz. Biz dövlətimizi qorumalı, sevməli, təbliğ etməliyik. Xalqımızı, ziyalıları bu işlərə cəlb etmək lazımdır. Amma məsələ ondadır ki, Nardaranda hadisələr ancaq dinlə bağlı deyil. Bu, eyni zamanda, təxribatlarla bağlıdır, siyasi məsələlər var. Ancaq işləri elə təqdim edirlər ki, sanki bütün problemlər ancaq dinlə, islamla əlaqədardır. Guya dindar olduqları üçün bu hallar baş verir, onlar haqlı tərəfdirlər. Azərbaycanın bütün rayonlarında dindarlar var, normal ibadət həyata keçirir, məscidlərə də gedib-gəlirlər. Nardaranda isə həyat, fəaliyyət ancaq dinlə bağlı deyil. Onlar həm də sanki bütün xalqdan narazıdırlar. Biz Azərbaycan xalqı olaraq Nardaranın, orada səsləndirilən fikirlərin tərəfində deyilik və ola da bilmərik. Biz onları müdafiə etməməliyik. Oraya daxili qoşunların göndərilməsi təsadüfi deyil. Əslində, bu çoxdan olmalı idi. Hesab edirəm ki, biz də öz sözümüzü çoxdan deməli idik. Lakin biz bunu etmirdik. İndi isə öz sözümüzü deməli, münasibətimizi bildirməli və qeyd etməliyik ki, bura başqa bir dövlət deyil, Azərbaycandır.

- Hadisələri qızışdıran xarici amillər var idimi?
- Baş verənləri dinlə, şiəliklə, hansısa məzhəblə bağlamaq doğru olmazdı, bu, açıq təxribat idi. Azərbaycanın tərkibində müəyyən nökərlər nökərçilik fəaliyyəti göstərir, təbliğat aparırlar. Bəlli yerdən də müdafiə olunurlar. Bu, qəbuledilməzdir. Biz bütün bunları görür və anlayırıq. Azərbaycan müstəqil, hüquqi və dünyəvi bir dövlətdir. Nardaranda müəyyən qüvvələrin fəaliyyəti bu və ya başqa bir şəxslə bağlı deyil. Bu qüvvələr konkret bəlli ölkəyə yaxındır, onlarla əməkdaşlıq içindədirlər. Bu, açıq görünür. Azərbaycan müstəqil dövlətdir. Kimin nə deməsinin bizim üçün əhəmiyyəti yoxdur.

- “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırovun fəaliyyəti, verdiyi açıqlamalar, hüquq mühafizə orqanlarına göstərdiyi müqavimət ortadadır. Yayılan məlumata görə, bu şəxs ölkədə konstitusiya quruluşunu dəyişmək və bunu hətta silahlı yolla etməyi məqbul hesab edib, terrordan çəkinməyib. Bunun mahiyyətini aça bilərsinizmi?
- Taleh Bağırov Azərbaycan dövlətinin düşmənidir. O, tutulmalı idi, necə ki, artıq həbs edilib. Mənim qənaətimə görə, bu şəkildə fəaliyyət göstərmək olmaz. “Müsəlman Birliyi” Hərəkatı adlı qurum və onun rəhbəri Taleh Bağırov Azərbaycan xalqına qarşı mübarizə aparır, dövlətimizə qarşı çıxış edirdi. Bu, qətiyyən yolverilməzdir. Onların bu şəkildə fəaliyyətini sadəcə müşahidə etmək olmazdı. Ümumiyyətlə, onların azad və sərbəst formada fəaliyyətinə yol vermək olmaz. Biz, bu kimi hallara qarşı sözümüzü deməli, buna qarşı ciddi fəaliyyətimizi ortaya qoymalıyıq. Bu, mənim konkret mövqeyimdir. Belə şəxsləri cəzaçəkmə müəssisələrinə göndərmək lazımdır. Ümumiyyətlə, niyə onlar fəaliyyət göstərirlər? Adicə bir məsələ, biz bir söz deyəndə bunlar bizə qarşı ciddi fəaliyyət göstərir, açıqlamalar verirlər. Elə bil biz bunları tənqid edirdik. Taleh Bağırovu şübhəsiz ki, müəyyən qüvvələr qoruyur, ona dəstək verirdi. Bütün bunlar nə ilə bağlıdır? Səbəb budur ki, onlar hansısa ölkənin xeyrinə təbliğat aparır, məscidlərdə çıxışlar edirlər. Dini siyasət əslində yasaqdır, biz dünyəvi dövlətik. Onlar dini məsələlərlə bağlı Azərbaycana qarşı fəaliyyət içindədirlər. Gedib Nardaranda fəaliyyət göstərmək, bir kəndi ölkəyə qarşı qaldırmaq, dini siyasiləşdirmək qətiyyən yolverilməzdir. Biz başa düşürük ki, bütün bunlar Azərbaycana qarşı fəaliyyətdir. Sual olunur, axı siz kimsiniz ki, Azərbaycan dövlətinin rəsmi strukturlarına müqavimət göstərirsiniz, polislə silahlı qarşıdurmaya gedirsiniz? Nəticədə də, iki polis dünyasını dəyişir. Bunu niyə edirsiniz? Əgər fəaliyyətiniz şəffafdırsa, normal fəaliyyətiniz və addımlarınız olursa, nədən hüquq mühafizə orqanlarına müqavimət göstərirsiniz? Demək, sizin məqsədiniz tam başqa olub. Hesab edirəm ki, bu cür fəaliyyət cavabsız qala bilməzdi. Onlara qarşı hüququn imkan verdiyi istiqamətdə addımlar atılıb. Şübhəsiz ki, cəza da olmalıdır. Ümumiyyətlə, Azərbaycan üçün zərərli fəaliyyət olmaz. Dinlə məşğul olmaq ayrı, dindən istifadə edib siyasətlə məşğul olmaq tam ayrı bir məsələdir.

- Nardaran hadisələri ilə bağlı ziyalılar hansı mövqe sərgiləməlidirlər?
- Azərbaycan ziyalıları, alimləri, akademikləri, söz adamları öz mövqeyini ortaya qoymalı, məqalələr yazmalı, insanlarımız nəyin baş verdiyini bilməlidir. Münasibətimiz və mövqeyimiz ortada olmalıdır. Biz indiki halda Nardaranda baş verən hallara biganə qala bilmərik. Biganəlik bu nöqtədə Azərbaycan dövlətçiliyinə düşmənçilik anlamına gələrdi. Biz fəaliyyətimizi ortaya qoymalıyıq. Ciddi şəkildə mübarizəmiz olmalıdır. Yalnız bu halda bir çox problemlərimizi həll edə bilərik. İctimai rəyi biz formalaşdırmalıyıq. Azərbaycanda dövlətə qarşı fəaliyyət bütün hallarda rədd edilməlidir.

Nemət


Müəllif:

Oxşar xəbərlər