Zərdüşt Əlizadə: “Səudiyyə kralı ABŞ-ı şantaj edir”
ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə üçüncü dəfə Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Səfər Neft İxrac Edən Ölkələr Təşkilatının bu günlərdə Qətərin paytaxtı Dohada keçirilən toplantısı ilə eyni vaxta təsadüf edir. İclasda neftin hasilatının dondurulmasına dair razılıq əldə olunmasa da, “qara qızıl”ın qiyməti yüksəlməyə başlayıb.
Obamanın səfəri ABŞ-la Səudiyyə Ərəbistanı arasındakı məlum “750 milyard dollarlıq” qalmaqaldan sonraya təsadüf edir. Belə ki, 11 sentyabr 2001-ci il terroru nəticəsində yaxınlarını itirən amerikalılar Səudiyyə Ərəbistanına qarşı iddia irəli sürərək, təzminat tələb ediblər. Bundan sonra bəzi senatorlar “Terrorçuların sponsorlarına qarşı ədalət” adlı qanun hazırlayıb. Məsələ Ər-Riyad tərəfindən narazılıqla qarşılanıb və kral Salman verdiyi açıqlamada aşkar şəkildə ABŞ-ı təhdid edib.
O, məlum terror hücumları ilə bağlı hazırlanmış hökumət hesabatının gizli saxlanmış 28 səhifəsinin açılacağı təqdirdə ABŞ-dakı 750 milyard dollarlıq istiqrazlarını açıq satışa çıxaracaqlarını bildirib. Bütün bunlar ABŞ prezidentinin səfərini diqqət mərkəzinə gətirən amillərdir. Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-a müsahibəsində bütün bu məsələlərə aydınlıq gətirib:
– Düşünmürəm ki, cənab Obamanın Yaxın Şərqə Fars körfəzi Ölkələri Əməkdaşlıq Təşkilatının tədbirində iştirak üçün etdiyi səfəri neftin qiymətləri ilə bağlıdır. Neftin qiymətləri başqa yerdə və başqa üsullarla tənzimlənir.
Obamanın əsas məqsədi Yaxın Şərqdəki münaqişələrdə ABŞ-ın tənzimləyici rolunu artırmaqdır. Hamı bilir ki, Suriyadakı, Yəməndəki, İraqdakı böhranlı vəziyyətlərdə həm maliyyə, həm də informasiya dəstəyi baxımından Fars körfəzi ərəb ölkələrinin böyük rolu var. Obama da hansısa ümumi xətt, ümumi məcra müəyyənləşdirmək üçün gəlib.
Digər tərəfdən onlara dəstək verir və göstərir ki, Amerika sizinlədir, sizə hörmət edir və biz sıx dostluq və əməkdaşlıq münasibətlərimizi saxlamalıyıq. Bundan sonra Obama İngiltərə və Almaniyaya gedəcək. Bütün bu səfərlər hamısı ABŞ-ın xarici siyasət məqsədlərini həyata keçirməyə xidmət edir.
– Səfər ərəfəsində Səudiyyə Ərəbistanı ilə ABŞ arasında yaranmış insidenti nə cür qiymətləndirirsiniz?
– Kral Salmanın istiqrazların açıq satışa çıxarılacağı ilə bağlı bəyanatı bir qədər şantaj xarakteri daşıyır. Fərz edək ki, bazara birdən-birə 750 milyard dollarlıq istiqraz çıxarıldı. Onu alan olacaqmı? Təbii ki, bu, istiqrazların qiymətinə bir qədər təsir göstərəcək, onun qiyməti aşağı düşəcək. Amma ABŞ dövlət istiqrazları dünyada ən etibarlı qiymətli kağız sayılır. O, bazarda çox da ola bilər, az da. Amma bu, onun dayanıqlılığına o qədər də təsir etmir. Çünki dolların dayanıqlılığında maraqlı olan bütün dünyada əsas oyuçular bu istiqrazları özlərində saxlayırlar. Onlar istəməzlər ki, istiqrazlar sürətlə ucuzlaşsın. Yəni, özlərindəki pullar, sərvət də dəyərdən düşsün. Yaponiyada, İngiltərədə, Çində, Rusiyada və digər Avropa ölkələrində yüzlərlə milyard dollar var. Əgər möcüzə baş versəydi və Səudiyyə 750 milyard dollarlıq ABŞ istiqrazlarını açıq bazarda satışa çıxarsaydı, ona yaxın duran olmayacaqdı və ABŞ qiymətli kağızlarının məzənnəsi də çox cüzi dəyişəcəkdi.
– Bəs nəyə görə ABŞ 28 səhifəlik gizli səhifəni açmaq istəyir?
– Görünür, Səudiyyə onun üçün çəkilmiş cızıqdan son vaxtlar kənara çıxır. Bu 28 səhifədə də göstərilib ki, terror aktını törətmiş 17 nəfərdən 15-i Səudiyyə təbəəsidir. Onların maliyyələşməsində də mühüm rolu Səudiyyənin hakim zümrəsi oynayıb. Hakim zümrə də Səudiyyədə 5 ailədən ibarətdir. Bu, Səudiyyənin xətrinə dəydi. O zaman həqiqətən də, ağılasığmaz şey baş vermişdi. Baxmayaraq ki, 17 terrorçunun 15-i Səudiyyə təbəəsi idi, amma zərbə Əfqanıstana və İraqa endirildi. Səudiyyə isə strateji tərəfdaş kimi qıraqda saxlanıldı. Ben Ladenin ailəsi isə təcili surətdə ABŞ-dan Yaxın Şərqə təxliyyə edildi. Çünki bu ailə Buş ailəsinin ən yaxın maliyyə-biznes şəriki idi. Yəni çalışırlar ki, bunu geniş ictimaiyyətdən gizli saxlasınlar. Bu, onların daxili işləridir, mətbəxidir. Mətbəxin sirlərini açmırlar.
11 sentyabr teraktı ilə bağlı hazırlanmış hökumət hesabatının 28 səhifəsinin gizli saxlanılması ilə bağlı Konqresin qərarı var. Bütün sənəd açıldı, 28 səhifə açılmadı. 28 səhifə xüsusilə Səudiyyə Ərəbistanının 11 sentyabr terror aktında rolu ilə bağlı idi. Əgər bir terror aktında 17 nəfər iştirak edirsə, həmin 17 nəfərdən 15-i Səudiyyə təbəəsidirsə, siz bilən Səudiyyənin burda rolu var, ya yox? İkisi isə misirli idi. Onlar Amerikaya gələndə əvvəla dili o qədər də yaxşı bilmirdilər, təyyarə sürməyi bacarmırdılar. Ancaq bu çox mürəkkəb bir əməliyyat idi ki, 4 təyyarə eyni vaxtda qaçırılmışdı. Biri Pentaqonu vurmuşdu. O da hələ sual altındadır ki, Pentaqonu təyyarəmi, yoxsa uçan qanadlı vurub? Birini Filadelfiya yaxınlığında vurub saldılar. İkisi də gəlib Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin əkiz binalarına çırpıldı.
Bu, logistika, işin tənzimlənməsi baxımından müstəsna, çox mürəkkəb bir əməliyyat idi. Mən həmin gün Amerikada idim. Təbii ki, başı təşkilatçılıqdan və logistikadan yaxşı çıxan Rəsul müəllim Quliyev demişdi ki, belə bir mürəkkəb əməliyyatı dünyada yalnız iki təşkilat – ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin MOSSAD-ı həyata keçirə bilər. Bu fikri sonradan bəzi jurnalistlər dedilər, kitablar yazdılar, süjetlər çəkdilər və dedilər ki, bu işi Əfqanıstanda Tora-Bora dağlarında, hansısa mağarada oturan Ben Laden idarə edə bilməzdi. Bu qeyri-mümkündür. Amma bu işi atdılar Ben Ladenin üstünə, sonra Əfqanıstanı və daha sonra İraqı bombalayıb tutdular. Hərçənd ki, Səddam Hüseyn “Əl-Qaidə” ilə qatı düşmən idi, saldılar bu oyunu onun üstünə və tutdular, axırda da asdılar. Hətta, istəyirdilər İranın da üstünə atsınlar. Amma daha “kor kor, gör gör”. Sünni terror təşkilatı şiə İranı ilə yalnız düşmən münasibətində ola bilər.
İranın “Əl-Qaidə”yə qarşı apardığı kəskin mübarizə də bütün dünyanın gözü önündə olub. Yəni, o vaxt 11 sentyabr hadisəsindən sui-istifadə halı baş vermişdi. İndi zaman keçdikcə bunun səhvini, acı aqibətini hamı görür. Görürlər ki, terrorun nəticələri ilə döyüşmək mənasızdır, terrorun səbəbləri ilə döyüşmək lazımdır. Terroru aradan qaldırmaq üçün onu doğuran səbəbləri aradan qaldırmaq lazımdır. Nəticələrlə min il də vuruşsan, yenə də nəticələr qalacaq. Biri gedəcək, digəri gələcək. Amma səbəbləri aradan qaldırsan terrorizm başa çatacaq. Əsas məsələ budur. Görünür, dünya siyasətçilərinə, hörmətli, görkəmli insanlara adi gözlə görünən bu məntiqi qəbul etmək və öz siyasətlərini dəyişmək sərf etmir.
Səxavət HƏMİD