Əvəz Həsənov: “Sərkisyan Petrosyanla koalisiya yaradacaq”
Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri, konfliktoloq Əvəz Həsənov Teleqraf.com-un suallarını cavablandırıb:
- Əvəz bəy, Siz erməni QHT nümayəndələri ilə tez-tez beynəlxalq toplantılarda bir araya gəlirsiniz. Aprel döyüşləri zamanı erməni vətəndaş cəmiyyəti nümayəndələri ilə təmaslar qururdunuz? Onlar hansı mövqeni sərgiləyirdi?
- Aprelin əvvəlində həm Ermənistan, həm də Azərbaycan vətəndaş cəmiyyətində bir növ çaşqınlıq vardı. Erməni QHT nümayəndələri də, bizlər də çalışırdıq ki, ölkəmizdə baş verən hadisələri çatdıraq. Bu çaşqınlıq aprelin 5-dək davam elədi. Çünki birdən-birə cəmiyyəti müharibə əhval-ruhiyyəsi bürümüşdü. Onlar gözləyirdilər ki, Azərbaycan QHT-ləri ümumi eyforiya fonunda Ermənistan QHT-lərinin reaksiyasına cavab verəcək. Məqsədimiz o idi ki, ölkədən obyektiv informasiya getsin. Biz bilirdik ki, ölkəmizdə emosiyalar coşub, hər halda ciddi fikir mübadiləsi, yaxud həllini tapmalı olduğumuz xüsusi iş yox idi. Sadəcə olaraq Azərbaycanda gedən prosesləri onlara və beynəlxalq aləmə çatdırırdıq. Bizdə məlumat ancaq öz içərimizdə yayılırdı, buradan ancaq emosional xəbər çıxırdı, nə baş verirdi yazmırdıq.
Həmin müddətdə özüm iki böyük yazı yayımladım, izah elədim ki, baş verən hadisələrdə istədiyimiz nədir: istəyirik ki, status-kvo dəyişilsin, Ermənistan tərəfi real sülh danışıqlarına başlasın. Cəbhədə vəziyyətin dəyişilməsinin hansı dividendləri gətirdiyini vurğuladım. Ermənilərlə aramızda fikir ayrılığı da oldu. Bir-birimizi konfliktoloq və sülhyaratma işində qeyri-peşəkarlıqda ittiham edirdik. Ancaq hisslər soyuyandan sonra başa düşüldü ki, məhz konfliktoloq kimi yox, ölkədə baş verən hadisələri çatdırmaq məqsədilə bunu etmişik. Ona görə deyə bilərəm ki, erməni QHT nümayəndələri ilə aramızda ciddi fikir ayrılığı və ya təmaslarımız yox idi.
- Erməni mətbuatı indi də yalan-doğru xəbərlərinin böyük əksəriyyətini cəbhə bölgəsinə həsr edir, provokasiyaya əl atır, bizi suçlayır. Erməni QHT nümayəndələri içərisində ölkəmizi ittiham edənlər olurdu?
- Dağlıq Qarabağdan olan QHT nümayəndələri çox emosional idi, yazdığımız postları oxuyub bizi ittiham edirdilər. Deyirdilər ki, siz hüquq müdafiəçisi deyilsiniz, hökumətin ümumi siyasətini dəstəkləyirsiniz. Ancaq Ermənistan erməniləri çox sakit davrandılar, onların içərisində ciddi provokasiya görmədim. Onlar da bizim vəziyyətimizi başa düşürdülər, informasiya yaymaq məqsədimizi bilirdilər. Çünki biz onlardan eyni şeyi eşidirdik. Sülhlə bağlı az çağırışlar oldu. Çünki həmin müddətdə sülh çağırışlarının yeri deyildi. Ancaq biz öz yazılarımızda hesab edirdik ki, tərəflər, doğrudan da, real sülh danışıqlarına gəlməlidirlər. Bu, həm Ermənistan, həm də Azərbaycan tərəfinə bir mesaj idi. Artıq imitasiya danışıqlarını kənara qoymaq lazımdır. Bu gün də görürük ki, Ermənistan real sülh danışıqlarından imtina edir, Azərbaycansa istəyir. İnsidentin paradoksu bu idi. Ermənistan tərəfi indiki qarşıdurmada məğlub durumda olduğunu görüb sülh danışıqlarını istəmir. Bizim də mövqeyimiz odur ki, sülh danışıqlarından yayınmaq olmaz. Hökumətimiz də bəyan elədi ki, torpağımız işğal olunsa da, sülh danışıqlarına razıyıq.
- Bəs Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin sülh danışıqlarına münasibəti necədir?
- Onlar da sülh danışıqlarının alternativini görmürlər. Ermənistana istənilən halda sülh danışığı lazımdır. Ermənistan hakimiyyətinin sülh danışığından imtina provokasiyası ona görədir ki, öz mövqeyini qorusun. Ümumən erməni xalqına və vətəndaş cəmiyyətinə sülh danışığı lazımdır. Alternativ müharibədir. Ölkəmizin “dördgünlük müharibə”də üstünlüyü onu göstərir ki, Azərbaycan onların təsəvvür etdiyi ölkə deyil. Ermənistanda da sülh danışıqlarının davam etdirilməsində maraqlı tərəflər çoxdur.
- Ermənistan prezidenti Serj Sərkisyan güzəştə getməyə hazır olduğunu bəyan etsə də, geri addım atdı...
- Serj Sərkisyanın addımlarında çaşqınlıq onunla bağlıdır ki, onun Dağlıq Qarabağla bağlı konkret konsepsiyası yoxdur. Onun bir strategiyası var: mümkün qədər Dağlıq Qarabağın statusunu olduğu vəziyyətdə saxlamaq, status-kvonu qorumaq. Fikirləşir ki, Dağlıq Qarabağ müharibəsində hərbi uğur əldə etmişəm, bu uğuru Azərbaycana yedizdirə bilərəm, Azərbaycanın nə vaxtsa bu uğurla razılaşacağını gözləyim. Serj Sərkisyanın yeganə siyasəti bundan ibarətdir. Bəlli oldu ki, bu siyasət uzun getməyəcək. Azərbaycan erməni səngərlərinə hücum edib cəbhə xəttində vəziyyəti dəyişməsi ilə bağlı beynəlxalq aləmin reaksiyasına əhəmiyyət vermədi. Bu, Azərbaycan üçün vacib idi, həm əhval-ruhiyyəni qaldırdı, həm də Ermənistanı yeni addımlara təhrik etdi. Ermənistan arxayın idi ki, Azərbaycan heç vaxt müharibə etməyəcək, bu torpaqların geri qayıtması üçün birləşməyəcək, xalq torpaqları geri qaytarmaq istəmir, əhali prezidentin ətrafında birləşmir,
Qarabağla bağlı prezidentin müharibə çağırışları yalnız onun öz fikridir. “Dördgünlük müharibə” bu stereotipləri sındırdı. Xalq 2 gün ərzində ordu ətrafında birləşdi, insanlar Dağlıq Qarabağdakı döyüşlərə könüllü getməyə hazır olduğunu bildirdi. Müharibə 4 gün ərzində getdi, onun 3-cü günündə xalq ayıldı. Aprelin 1-2-si xaotik dövr idi. Cəbhə bölgəsində idim, müşahidə edirdim, insanlar cəbhə bölgəsinə axın edirdi. Artıq Ermənistandakı vəziyyət də dəyişib. Stabil Ermənistan mifi dağılıb. Erməni ordusunda bütün cəbhəyə nəzarət imkanı kimi miflər vardı, bu hadisələrdə o mif darmadağın oldu. Mən çıxışlarımda erməni ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçilərinə göstərirdim ki, bu reallığı bilməlisiniz. Azərbaycan heç də təsəvvür etdiyiniz qədər müharibədən imtina etməyib. Siz özünüzü aldadırsınız. Biz də özümüzü aldadıb Ermənistanın güclü tərəflərini görmürük.
- Hansı güclü tərəflərdən söhbət gedir?
- İnformasiya müharibəsi, lobbi aktivliyi, beynəlxalq strukturlara təsir imkanları güclü idi. Ermənistanın da stereotip yanaşması onları məğlub vəziyyətə gətirib çıxarıb. Ermənistan cəmiyyəti heç vaxt təsəvvür etməzdi ki, Azərbaycan ordusu bu cür operativ əməliyyat keçirə bilər. Əslində, döyüş ordu döyüşü də deyildi, xüsusi təyinatlıların döyüşü idi. Heç vaxt ağıllarına gətirməzdilər ki, bir həmlə ilə 2-3 yüksəkliyi ala bilərik. Ermənistan siyasətində bu hadisə ciddi qarşıdurmalara gətirib çıxarıb. Ermənistanda barışıq üçün maraqlı meyilləri artırıb. Ter-Petrosyanın aktivləşməsi onun bir sübutudur. Petrosyan çıxış yolu axtarmağı, öz reytinqini qaldırmaq istəyir.
- Belə versiyalar səslənir ki, keçmiş prezidentlərdən biri Sərkisyanı əvəzləyə bilər. Cəbhədəki məğlub durumdan sonra Ermənistan hakimiyyətini nə gözləyir, nə kimi dəyişikliklər olacaq?
- Sərkisyanla Levon Ter-Petrosyan tandemi hakimiyyəti gələ bilər. Petrosyan güclü fiqurdur. Erməni cəmiyyəti onun qarşısında özünü borclu hesab edir. 1997-ci ildə onun hakimiyyətdən götürəndən sonra cəmiyyət başa düşdü ki, Petrosyanın tutduğu yol bəlkə də daha nəticəli yol idi, nəinki Sərkisyanın indiki hakimiyyəti. Ancaq Sərkisyanın da çox ciddi komandası formalaşıb. O, Qarabağ klanının nümayəndəsidir, ancaq o demək deyil ki, yalnız Qarabağ klanına arxalanır. O, Respublikaçılar partiyasının tərkibinə erməni elitasının nümayəndələrini daxil edib, qarışıq komandası var. Vaxtilə Köçəryan daha çox Qarabağ klanına arxayın idi, ancaq bu gün Sərkisyan klana o qədər də arxayın deyil. Nəzərə alsaq ki, Ermənistan parlamentli respublikadır, gələcəkdə Sərkisyanın Levon Ter-Petrosyanla hakimiyyəti bölüşmək imkanları var. Hətta Köçəryana qarşı birləşə bilərlər. Köçəryan aktivləşəcəksə, Sərkisyan Petrosyanla koalisiya yaradacaq. Çünki liberal elita arasında Petrosyanın yaxşı şansları var.
Nərgiz