Əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemləri aradan qaldırmaq məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən yeni ilin ilk iş həftəsində rayonun Qaraçuxur və Hövsan qəsəbələrində keçirilən səyyar görüşlərdə sakinlərin problemləri dinlənilib.
Teleqraf.com xəbər verir ki, yanvarın 7-də 275 saylı, 8-də isə 270 saylı tam orta məktəblərdə təşkil olunan səyyar görüşlərdə Milli Məclisin deputatı Qaya Məmmədov, RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev sakinləri salamlayaraq, yeni 2025-ci ilin gəlişi münasibətilə hər kəsi təbrik edib, ölkə başçımızın rəhbərliyi ilə vətənimizin bundan sonra da tərəqqisi və vüsətli inkişafı naminə uğurlar arzulayıb. A.Əliyev qeyd edib ki, Prezident cənab İlham Əliyevin misilsiz xidmətləri Azərbaycanın siyasi və iqtisadi inkişafda mühüm uğurlar qazanaraq daim irəliləməsinə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinə nümunədir.
Həmçinin, Milli Məclisin deputatı Qaya Məmmədov da çıxış edərək bildirib ki, sakinləri narahat edən problemlərin həlli ilə bağlı məsələlər müntəzəm olaraq Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılır və bundan sonra da bu istiqamətdə lazımi tədbirlər həyata keçiriləcək.
Səyyar qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onların həlli istiqamətində RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.