Dünyanın aparıcı dövlətlərinin fərqli, ədalətsiz, bəzən isə heç bir hüquqa əsaslanmayan mövqe tutduqları hallarda belə, Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin həqiqətlərini və maraqlarını əsaslı və qəti şəkildə müdafiə etməyə hazır olduğunu və bacarığını bir daha sübut etdi. Bunun ən bariz nümunəsi Azərbaycanın 44 günlük müharibədə qələbə çalması və ölkəmizin Qarabağ iqtisadi rayonunda parlaq şəkildə bir günlük antiterror əməliyyatı keçirməsidir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən heç biri vəziyyətin belə inkişafını istəməyib. Onların hamısı Ermənistan-Azərbaycan münaqişəsinin “donmuş vəziyyətdə” qalacağını xəyal edirdilər. Amma onların arzuları xəyal olaraq qaldı. Azərbaycan keçmiş SSRİ-nin bütün ərazisində, eləcə də dünyada yeni reallıq yaradaraq öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Ölkəmiz sübut etdi ki, “dondurulmuş” münaqişələrin hərbi-siyasi həlli var. İndi də Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya sübut edir ki, ədalətli nəticə əldə etmək məsələsində, milli şərəf və ləyaqət məsələsində kimin sizə qarşı çıxmasından asılı olmayaraq, sona qədər getmək olar və lazımdır. Bu, dünya səviyyəli siyasi xadimin, xalqını və dövlətini sevən dövlət başçısının mövqeyidir. Və vurğulamaq lazımdır ki, indi, dünyanın müxtəlif ölkələrinin başında açıq-aydın siyasi marionetlərin hökmran olduğu bir dövrdə bu, xüsusilə qiymətlidir.
Bunu Teleqraf.com-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev növbəti dəfə dünyanın ən çox sitat gətirilən siyasətçilərindən birinə çevrilib: “Dünyanın müxtəlif ölkələrindən olan aparıcı dünya KİV-ləri, siyasətçilər və politoloqlar, jurnalistlər və ictimai xadimlər dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer” təyyarəsinin Bakıdan uçması zamanı baş vermiş faciəyə dövlətimizin başçısının reaksiyasını şərh edirlər. Dünyanın müxtəlif ölkələrindən olan şərhçilər xatırladırlar ki, MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak etmək üçün Sankt-Peterburqa gedən Azərbaycan Prezidenti Aktau yaxınlığında təyyarə qəzası ilə bağlı xəbər aldıqdan sonra səfəri yarımçıq qoyaraq Bakıya qayıtması və elə təyyarədə olduğu zaman təcili surətdə verdiyi tapşırıqlar dövlətimizin başçısının dəyər prioritetlərini nümayiş etdirdi. Onda hamı gördü ki, dövlətimizin başçısı Rusiya Federasiyasının faciənin izlərini gizlətmək, onun əsl səbəblərini təhrif etmək, sadəcə olaraq, dəhşətli cinayəti ört-basdır etmək, primitiv yalanlar yaymaq cəhdlərinə qarşı necə ardıcıl müqavimət göstərir. Dekabrın 29-da Azərbaycan televiziyasına müsahibəsində açıq və ədalətli mövqeyini bir daha bildirdi: Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Azərbaycanın tələblərindən birincisi artıq yerinə yetirilib - Rusiya prezidenti Vladimir Putin dövlətimizin başçısına zəng edərək baş verənlərə görə üzr istədi. Şərhçilər qeyd edirlər ki, o, indiyədək dünyanın heç bir ölkəsinin dövlət başçılarından açıq şəkildə üzr istəməyib. Buna uyğun olaraq qarşımızda Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıllıq, qətiyyətli mövqeyi və dürüstlük nümunəsi dayanır. Prezident İlham Əliyev həm də qeyd etdi ki, “Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır”. Burada dövlət başçısının bir fikrini xatırlatmaq istərdim: “Hər yerdə ədalət olmalıdır - beynəlxalq münasibətlərdə, ailədə, hər bir ölkədə, hər bir cəmiyyətdə”. Əfsuslar olsun ki, bu gün dünyada gedən proseslər fonunda ədalətli münasibət, beynəlxalq hüquq, norma və prinsiplərin eyni şəkildə tətbiq edilmir. Elə Azərbaycana münasibətdə də biz ikili standartları görürük. Onları ən çox nə narahat edir? Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etdi. Azərbaycanın iqtisadi, hərbi imkanları, beynəlxalq nüfuzu artır. Müstəqil siyasət aparır, heç kimdən asılı deyil. Bunu bəzi Qərb dövlətləri, onların rəhbərləri və beynəlxalq təşkilatlar qəbul edə bilmir. Çox narahat olurlar, hər addımda Azərbaycana qarşı qərəzli mövqe tutur, müxtəlif qrantlar, şirinikləndirici vədlər hesabına bəzi insanları cəlb etməklə ölkənin daxili işlərinə qarışmağa çalışır, Azərbaycan Prezidentinə, dövlətimizə qarşı qarayaxma kampaniyaları aparırlar. Lakin istədiklərinə nail ola bilməyəcəklər. Çünki, xalqımız öz prezidentinə güvənir, onun ətrafında daha da sıx birləşir. Nə üçün? Çünki xalq da dövlət başçısı İlham Əliyev tərəfindən eyni münasibəti görür”.
Deputat bildirib ki, ölkə başçısının da vurğuladığı kimi bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Həyata keçirilən sosial-iqtisadi siyasət, sosial islahatlar bu fikri təsdiq edir. Hər bir vətəndaşımız qayğı və diqqətlə əhatə olunur. Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşü zamanı bir daha qeyd etdi ki, “Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib. Bu dəfə də ekipaj heyətinin qəhrəmanlığı layiqincə qiymətləndirildi. Ekipajın üç üzvünə ölümündən sonra “Milli Qəhrəman” yüksək adı verildi, sağ qalan iki ekipaj üzvü də yüksək dövlət mükafatı ilə təltif olundu. Ola bilər ki, yaxınlarını itirən ailələr üçün bu, kiçik bir təsəllidir, amma Azərbaycan dövlətinin öz vətəndaşlarına münasibətinin təzahürüdür. Həlak olanların hər biri təkcə onun yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir”. Həmçinin, Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20 min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edildi. Azərbaycan Mərkəzi Bankının tövsiyəsi və Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Mikromaliyyə Assosiyasiyasının (AMFA) təşəbbüsü ilə, qəzada həyatını itirmiş vətəndaşlarımızın banklarda və bank olmayan kredit təşkilatlarında mövcud olan kredit öhdəlikləri tam həcmdə müvafiq təşkilatların öz vəsaiti hesabına silindi. Bu bir daha dövlətin, dövlət başçısının öz vətəndaşına verdiyi dəyərdir. Düzdür, insan həyatı çox dəyərlidir, bir daha təyyarə qəzasında həlak olan insanları dərin hörmətlə anırıq. Bütün bunlar həlak olan insanların ailəsi üçün kiçik bir diqqət, lakin eyni zamanda, hörmət və həssaslıq əlamətidir. Bizim xalqımız çox müdrik xalqdır. Baş vermiş faciə bir daha xalqımızın və dövlətimizin birliyini nümayiş etdirdi. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev dürüstlük, cəsarət, ardıcıllıq və ölkəmizin milli maraqlarını müdafiə etmək bacarığı nümayiş etdirərək dövlətimizin və Cənubi Qafqaz regionunun müasir tarixində yeni sətirlər yazır”.