Siyəzəndə yerləşən karxanadan 103 min manatlıq avadanığı oğurlamaqda şübhəli bilinən şəxsin məhkəməsi yekunlaşıb.
Teleqraf.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1976-cı il təvəllüdlü Məmməd İsmayılov (ad və soyadlar şərtidir) Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə təqsirli bilinib.
İstintaq zamanı məlum olub ki, Məmmədin bacısı bir neçə il əvvəl Bakının rayonlarından birinin sabiq icra başçısı olmuş şəxslə qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb. Oğurluq hadisəsi də sabiq icra başçısına məxsus karxanada reallaşıb. Sabiq icra başçısının sürücüsü olmuş Orxan Zamanov zərərçəkən şəxs qismində tanınıb. Sabiq vəzifəli şəxs ifadəsində obyektin ona məxsus olmasını gizlətməyib. O, karxananı qardaşı İsmayıl və sürücüsü olmuş Orxanla birgə işlətdiyini qeyd edib.
Təqsirləndirilən şəxs isə keçmiş icra başçısının onun bacısından qisas almaq məqsədilə polisə müraciət etdiyini deyib. O, sabiq başçının və digər şəxslərin karxanaya məxsus avadanlıqların götürülməsindən məlumatlı olduğunu, heç bir oğurluq faktının baş vermədiyini deyib.
Məmməd İsmayılovun bacısı A.İsmayılova da qardaşının ifadəsini təsdiq edib. O, sabiq icra başçısının çox imkanlı şəxs olduğunu, karxananı da onlara hədiyyə etdiyini söyləyib: “İ.M ilə 2017-ci ildə qeyri-rəsmi ailə münasibətləri qurmuşdum. Onunla 3 ilə yaxın birlikdə yaşamışıq. İ.M karxananı qardaşıma verdiyini, nə istəyirsə, edə biləcəyini demişdi. Oranın sökülməsi ilə bağlı nə isə bilmirəm, lakin işlək vəziyyətdə deyildi, bundan əlavə karxananın fəaliyyəti ilə bağlı məhkəmə mübahisəsi də mövcud idi. İ.M-nın maddi vəziyyəti yaxşı olduğu üçün bu cür vəziyyətdə olan karxananın qardaşıma verilməsi ona problem deyildi. Mənimlə yaşadığı müddətdə mənə ev də tikdirmişdi. Sabiq icra başçısı birgə yaşadığımız evdən getdikdən sonra qardaşımın onunla heç bir əlaqəsi olmayıb. Karxananın faktiki olaraq sahibi, İ.M. idi, o, karxananı sata bilmirdi, hətta oranı metal qəbulu yerinə verməsinə baxmayaraq, qəbul etmirdilər. Qardaşım ondan xəbərsiz nəyisə satmayıb”.
A.İsmayılovanın sözlərinə görə, o, icra başçısı ilə qeyri-rəsmi münasibətdə olduğu qadınlardan sadəcə biri olub. Onun sözlərinə görə, İ.M. digər qadınlara və onların qohumlarına da müxtəlif hədiyyələr verib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bir neçə gün əvvəl başa çatıb. Məhkəmənin hökmü ilə oğurluqda təqsirli bilinən A.İsmayılova 6 il müddətində azadlıqdan məhrum edilib.