"Daxili Qoşunlar (DQ), Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçilərinə 20 il qüsursuz xidmət etsələr də, mənzil verilmir".
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdət Həsənquliyev bugünkü plenar iclasda səsləndirib.
O bildirib ki, ancaq Azərbaycan Ordusunda xidmət keçənlərə bu mənzillər verilir:
“Milli Məclisin 2025-ci il yaz sessiyasının qanunvericilik işləri planında bir çox mühüm qanun layihəsi təqdim olunacaq. Bunlardan biri də “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsidir. Hesab edirəm ki, bu qanun layihəsi hazırlanarkən həm də “Silahlı qüvvələr haqqında” qanuna, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə də diqqət yetirilməlidir. Hərbçilərlə bağlı bütün bu problemləri aradan qaldırılması üçün, qanunlara dəyişiklik ediləndə hansısa anlaşılmazlıqlar olmasın deyə, onlarla müqavilə imzalanmalıdır. Müqavilənin nümunə forması da həmin qanunlardan birinə - “Silahlı qüvvələr haqqında” qanuna əlavə edilməlidir. Deputatlara DSX və DQ hərbçiləri bununla bağlı müraciət edirlər. Hərbçi hərb peşəsini seçdikdə onunla əmək müqaviləsi imzalanmalıdır. Problem yarandıqda məhkəməyə müraciət etsinlər. O bilməlidir ki, əməkhaqqı necə indeksləşdiriləcək, sığorta pulu kimə veriləcək. Bizim daxili nizamnamənin 39-cu maddəsinə görə, dövlət sirri təşkil edən məlumatlar göndərilmir. Bəs biz büdcə xərclərinin icrasına necə nəzarət edə bilərik? Dövlət idarəetməsinə şəffaflığın artırılması üçün yeni qanunu qəbul etməliyik".