Camaat arasında adına "lejaçiy poliseyskiy" deyirlər - birbaşa tərcüməsi yerdə uzanan polis işçisi deməkdir. Amma rusların özü də bu sözü ingilislərin - sleeping policeman ifadəsindən götürüblər. Söhbət maşın yollarındakı süni maneələrdən gedir. Biz bu terminə hələ ki kreativ bir ad tapa bilmədiyimizdən polisləri bu işə qatmayaq - yol maneəsinə elə maneə deyək - bənzətməsiz-filansız, hərçənd haqqında danışacağım maneə ünsürlərinin birbaşa polislərə aidiyyatı var.
***
Maşın yollarında sürəti azaltmaq məqsədilə salınan bu süni maneələr ilk olaraq ötən əsrin əvvəllərində Amerika Biləşmiş Ştatlarında tətbiq edilməyə başlayıb. O zamanlar Amerikada insanlar kütləvi şəkildə maşın almaq həvəsinə düşür. Ölkədə heyvandarlıq inkişaf etdiyindən maşınlar yola çıxan mal-qaranı vurub şilküt edirdilər. Elə o dönəmdə də fermerlər öz heyvanlarının qeydinə qalmaq üçün rəsmi müraciət edirlər. Yol boyu salınan süni maneələr də elə o vaxtdan sleeping policeman adlanmağa başlayır. Bu, gün bizdə də iri yaşayış massivlərində, məktəblərin və ya uşaq bağçalarının yanında - o yerdə ki sürücüdən daha artıq diqqət və ehtiyat tələb olunur - sürəti azaltmaq məqsədilə belə maneələrdən istifadə edirlər.
Şəhər mərkəzində belədir. Mərkəzdən uzaqlarda, məsələn, lap Abşeron bağlarında isə qayda bir az başqadır. Burada "lejaçiy poliseyski"lərin "dislokasiya" məkanını insanlar özləri, xüsusən də imkanlı insanlar müəyyən edirlər. İri-iri villaların yan-yörəsində belə süni maneələr yaratmaqla öz təhlükəsizliklərini təmin edirlər. Xub, təhlükəsizlik - hər yerdə lazımdır, bağda da, dağda da, şəhərdə də.
***
Mənsə başqa "lejaçiy poliseyskilər"dən danışacam. Konkret təhlükəsizliyin keşiyində duran yol qurğularından yox, elə həmin süni maneələrin yanında lövbər salan digər təhlükə mənbələrindən.
***
Bizə uşaqlıqdan deyiblər ki, pul əl çirkidir. Təbii ki, səhv deyiblər, səhv başa salıblar, səhv öyrədiblər. Elə o səhvlərin təsiridir ki, hələ də əlimizə pul düşdümü dərhal xərcləməyə, əlimizə yapışan çirkdən bu yolla tez də qurtulmağa çalışırıq sanki. Pul əl çirki-filan deyil - bu bəlli, amma həm də çirklidi, çox çirkli.
***
Tanıyanlar bilir - gigiyena məsələlərinə çox həssasam. Xüsusi dezinfeksiyaedici maddələr, nəm salfetlər, spirt-filan ən yaxın yol yoldaşlarımdı. Bir qoxulu-üfunətli adam gördümmü, çevrilib elə gedirəm ki, həmin məkanda izim-tozum da qalmır. Amma bəzən getmək olmur. Xüsusən iş gəlib pul məsələsinə dayananda.
***
Yalan olmasın, 15 ilə yaxındı hər səhər evdən çıxıb eyni istiqamətdə yol gedirəm. Şəhər mərkəzindən adına Sovetski dediyimiz məhəlləylə üzüyuxarı - teleşirkətlərin yerləşdiyi dağlıq əraziyə. Və bəlkə, bir on il olar, dar küçədə dalbadal quraşıdırılan iki "lejaçiy poliseyski"nin hərəsində yay-qış eyni adamlar keşik çəkir. Onlar da işə çıxırlar. Onlar da pul qazanırlar. Dilənçilər. Biri qadındı, biri kişi. Yaşlı qadın sapsağlamdı, kişinin ayağında şikəstlik var. Dislokasiya məkanları Şamil Əzizbəyov küçəsində - həmin süni maneənin düz yanındadır ki, yol keçən maşın sürətini azaldan məqamda sürücüyə əl açsınlar, sanılı dəqiqələrdə adamın könlünə yol tapıb pulunu əlindən qoparsınlar. Elə bilməyin bacarmırlar. Həmin yolun mənim kimi daimi yolçuları, təbii ki, düz gedib düz də gəlirlər. Mənzərəni yeni görənlərsə əllərini atıb xırda-xuruş nə var tökürlər dilənçilərin ovcuna. Sözüm o pulda deyil. Yəni pulun dəyərində deyil, pulun necəliyindədir. Siz o dilənçilərin pul yığdığı qabı, manatları cütləyib gizlətdikləri corabın çirkini, qadının əlini salıb pullarını yerbəyer etdiyi döşlüyünün qapqara qərtməyini görsəniz, inanın, bilmərrə pula-paraya əl vurmaq fikrindən daşınarsınız.
***
Həmin pullar - onların dilənib dolanıb qazandıqları, corabdan, döşlükdən, bəlkə, lap tumandan çıxan pullar fırlanıb dolanıb bizim evimizə, cibimizə, pul kisəmizə daxil olur - mikrobuyla, virusuyla bir yerdə. Biz də əlimizə alınca necəliyini unudub dəyərinə fikir veririk. Bax bu mənada həmin pulların polis işçilərinə birbaşa aidiyyəti var. Polis asayişi qorumaqla yanaşı, həm də dilənçilərin bazarını bağlasaydı, mən də həyatın dibindəki lümpenlərin pul-parayla murdarca davranışını görməz, puldan da iyrənməzdim ki. Tək mən yox ki, elə hamı.
P.S. Evə çatan kimi əllərinizi yuyun. Mütləq və yaxşı-yaxşı.