30 May 2017 16:24
1 803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kitabkeşlər

Deməli, qonum-qonşu eşidib kitabım çıxır, indidən qapımı kəsdiriblər ki, bizə də pay verərsən. O gün bir-ikisinin ağzının payını verdim. Dedim, kitabdan pay olmur, konfet-zad deyil ki? Hərəniz azı iyirmi manat "tərləməmiş" üzünü belə görə bilməzsiniz. "Yaxşı" deyib razılaşdırlar.

Kitabkeş olublar mənim üçün.

Özgə vaxt desən, bu, quş iliyi, can dərmanıdır — iyirmi qəpiklərindən keçməzlər. Üzümü yumşaq, kitabı müftə görüb üstümə hücuma keçiblər. Ay hay! Ölmüşdü Xankişi! Keçəl suya getməz, bir dəfə ağzım yanıb, dədə.

“Dədə” dedim, dayım yadıma düşdü.

Hələ dayımı demirsən, dayımı. Bir lopabığ dayım var, birinci kitabım çıxanda dünyanı biri-birinə vurub axtarırmış. Dədəm də şirin dilinə aldanıb göndərib ki, get, filan kitab mağazasında var. Adam gedib satıcı qıza "padxod" edib. Üstəlik, mənim kitabımı da öz adıma nisyə yazdırıb ki, bacıoğlu pulunu verəcək.

Qonşular da istəmişdilər o kitabdan.

Day heç nə demədim, pulun pul vaxtı qonşu Sara xaladan sələm götürüb çıxardığım kitabın bir neçə nüsxəsini də onlara bağışladım. Özü də imzalı, möhürlü, "ştampel"li. Neyləmək olar, atalar deyib, qonşu-qonşunun külünə möhtacdır.

Yadıma düşdü, atalar onu da deyib ki, qonşun pisdir, köç qurtar.

Söz mənə çatanda gec idi.

Gözümün qarasını, cibimin parasını töküb yazdığım, çap etdirdiyim kitabı bir neçə həftə sonra toyuq hinində fal, mal damında pəncərələrə tıxacəvəzi görəndə bildim ki, o, goruna qurban olduğum kişilər də səhv edə bilərmiş.

O gündən sonra and içmişəm, ömründə burnuna kitab iyi dəyməyən, kitabxana yolu tanımayan, söz qədri-qiyməti bilməyən adamlara kitab nədir, heç Feysbuk hesabımı da demərəm.

Bu yaxında yanılıb bir-ikisinin dostluğunu qəbul eləmişdim. Bir gün axşama güclə dözdülər, gecənin bir vaxtı bir də gördüm, profilimdə at oynadırlar; dostluğumdakı qızlara “girişən” kim, paylaşdığım şeirlərin şərh bölməsində bəndənizi ələ salan kim...

Biri götürüb yazmışdı ki, Elzanın şeirlərini parodiya edirsən. Ata canı, yazdığı şərhdən hiss olunurdu, Elzanın da şeirini oxuyub. Eləcə ağızdan-ağıza, statusdan-statusa xəbərdar olub ki, o da yazır.

Belələrini Elza yaxşı biabır edir, mən ölüm. İki il qabaq İnstaqram səhifəsində İmadəddin Nəsiminin “Gə, gə, gə, gəl ki, sevirəm sə, sə, sə, sən Məhi-Çini” misrasıyla başlayan qəzəlini öz şeiri kimi paylaşmışdı. Bizim hər şeyə bir qulp qoyan “oxucular”ımız o şeiri də ələ salmışdılar.

Elza bununla sübut eləmişdi ki, sıradan Feysbuk əhli üçün Nəsimi belə maraqlı deyil, onu da oxumayıblar. Onlar üçün sadəcə ələ salmağa, dolamağa nəsə olsun – kifayətdir, on-on beş gün şaqqanaq çəkib güləcəklər, vəssalam.

Məncə, doğrudur. Kütlə Nəsimini deyil, xalq artisti Rasim Balayevin “Nəsimi” filmində yaratdığı obrazı sevir.

Bax, kitaba da məhz eyni münasibəti göstərirlər.

İstənilən nəşri içindəkilərə görə deyil, onu yazan qonşusu, dostu, bacıoğlusu olduğu üçün əldə etmək istəyirlər. Özü də müftə... İki-üç gün şəklinə baxıb, dördüncü gün bir kənara atacaqlar zatən.


Müəllif: Hikmət Orhun