5 Mart 2018 16:47
2 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Pərviz Cəbrayıla)

– Məni başa düşürsən?

Bu sual mənim üçün hamının dilində dəhşət saçır. Xəyanət edən qadının da, içib arvadını döyən kişinin də, övladını atan atanın da, xalqına zülm edən diktatorun da, əllərini şaxta kəsə-kəsə göyərti satan alverçinin də, milyardları olan məmurun da...

– Məni başa düşürsən?

– Hə...

Mənim bu suala başqa bir cavabım yoxdur. Nədənsə, mənə elə gəlir ki, hamını başa düşürəm, hamını anlayıram. Bircə özümü anlaya bilmirəm ki, bu hisləri içimdə necə gəzdirirəm? Bu hislərlə necə yaşayıram? Yaxud, içimdəki bu hissin adı nədir? Niyə mən hamını başa düşürəm? İçimdə hamının bağışlamaq kimi bir hiss var. Niyə? Xeyir ola? Heç məni bağışlayan yoxdur.

Dostdur, xəyanət edib. Onu başa düşürəm. Qadındır, atıb gedib. Onu da başa düşürəm. Atanı da, ananı da, bacını da, qardaşı da başa düşürəm. Biri vətəninə xəyanət edir, onu da başa düşürəm. Niyə? Çünki içimdə bir hiss var, o mənə deyir ki, hamını bağışlamaq lazımdır, hamını anlamaq lazımdır. Əlimdə olsaydı, Səddam Hüseyni bağışlayardım, kəndiri boğazından açıb deyərdim ki, azadsan! Əlimdə olsaydı, Qəzzafini bağışlayardım, onu xalqın əlindən alıb deyərdim ki, yaşaya bilərsən!

Təsəvvür edin, mənim üçün əziz olan insanların hamısını qətlə yetirmiş, burnunu, qulağını, sonra da başını kəsmiş bir qatili ömür boyu axtarıram, axtarıram və axır ki, onu tapıram, əlini-ayağını bağlayıram, silahı da düz ağzının içinə tuşlayıb tətiyi basmaq istədiyim anda mənə qəfildən sual verir:

– Məni başa düşürsən?

İnanın, qollarım boşalar, əllərim əsər, boğularam, silahı onun ağzından çıxararam. Deyrəm ki, ay əclaf, mən səni başa düşürəm. Bəs de görüm, məni niyə başa düşmürsən? Mənim oğlumu, qızımı, atamı, anamı niyə öldürdün? O balaca uşağın günahı nə idi? Mən heç sənin balanı öldürərdim? Qollarım boşalar, silah da əlimdən yerə düşər, o qatilin qorxusunun, həyəcanının qarşısında diz çökərəm, onu sakitləşdirərəm, əllərindən tutaram...

– Qorxma, qorxma, öldürmürəm, – deyərəm.

Əllərini, ayaqlarını açaram, yaşatdığım həyacana görə qatildən üzr istəyərəm, qatili qucaqlayaram, deyərəm ki, bağışlayıram, sən də məni bağışla. Bilə-bilə ki, bir gözü silahda olacaq, bilə-bilə ki, silah əlinə keçən kimi məni vuracaq. Halbuki, mən düşünürəm, onu bağışladım, yəqin, peşmandır. Qoy getsin. İnsandır, yaşasın! Və onu öldürmədiyimə görə fikirləşsin ki, dünyada belə bir müqəddəs insan var. O isə silaha anidən əl atacaq, anındaca beynimi dağıdacaq, bilirəm. Heç soruşmayacaq da ki, məni başa düşürsən?

Dağ-dərə nədir ki, ondan ötrü insanlar bir-birini öldürür? Dağın, daşın, çayın, ağacın mənası nədir ki, ona görə insanlar bir-birlərinin ətini yeyir? Əgər dağ, daş, çay insandan böyük və müqəddəs bir şeydirsə, bəs mən niyə onun mənasını başa düşmürəm, anlamıram, bəs niyə mənim içimdə belə hiss yoxdur? Allah içimdəki insan sevgisindən niyə bir damcı dağa, daşa, ağaca, quşa ayırmayıb? Niyə mənim üçün insan hər şeydən böyükdür? Niyə?

– Pərviz, məni başa düşürsən?


Müəllif: Kəramət Böyükçöl