13 Fevral 2019 09:59
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu kitabın nə redaktoru, nə də elektron mətninin oxucusu olmuşam” – dedim.

Oxumadığın kitabdan danışmaq olarmı? Olar, deyib davam elədim, bu gün bu tədbirdə, imza günündə danışacam.

Dostunun, həmkarının, vaxtaşırı görüşdüyün adamın yazdığından, yazacağından həmişə kənara sızıntı olur, ancaq bu, hələ hamısı deyil...

Bu günlərdə çapdan çıxmış “Qanlı kaha” kitabı barədə Elxan Salahov hərdən söz açırdı, bu bir mağara əhvalatıdı.

1993-cü il aprelin ilk günlərində Kəlbəcər işğal olunanda Başlıbel kəndində qadınlı-kişili-uşaqlı 62 nəfər bir-birinin qonşuluğunda olan 6 kahaya sığınır.

Aprelin 18-də ermənilərlə atışma vaxtı 32 nəfər qətlə yetirilir və ya girov götürülür. Sağ qalan 30 nəfər sığınacaq yerini təxminən 5-6 kilometr aralıda yerləşən başqa kahaya dəyişir. İyulun 16-dək 30 nəfər həmin kahada yaşamaqda davam edir.

İyulun 17-də 29 nəfər kahanı tərk edib, Daşkəsən istiqamətində yola düşür. 75 yaşlı İkinci Dünya müharibəsi veteranı Ələsgər kişi kahada qalır.

Kəlbəcərin işğalından 26 il sonra, necə deyərlər, kitaba salınan müdhiş, ət ürpədən əhvalatın özəti budu. 26 il sonra çox gec deyilmi?

İstiqlal muzeyində keçirilən törəndə ilk çıxışçı ehtiyatda olan polkovnik Balay Nəsibov “Mən Elxan Salahov və onun şəhid qardaşının komandiri olmuşam” sözüylə başlayanda diksindiyimi desəm, lütfən, təəccüblənməyin. Mənə elə gəldi, təkcə Qarabağın, ətraf rayonların, Kəlbəcərin, Başlıbelin işğalı haqda yox, heç Elxan Salahovun özünün barəsində də bütün həqiqətləri 14 illik dostluq münasibətlərimizin müxtəlif məzmunlu söhbətlərindən yerli-yataqlı, lazım olduğu qədər öyrənə bilməmişəm.

Buna görə mən günahkarammı? “Onlar yurdlarını qoyub qaçdılar” kimi məkrli, şübhəli, mənşəyi bilinməyən söz-sovun hələ də hansısa düşüncədə yuva qurub yaşamasına bir səbəb də o torpağından zorla qovulan, amma müqavimət göstərən, yurdunda qalmaq, həyat sürmək, var olmaq istəyən, özünə, vətəninə, ana-bacısına cavabdehlik üçün bütün imkanlarını işə salan qarabağlıların susub dayanmasının da rolu az sayılmasın.

Biz problemlərimizə, qayğılarımıza, dərd-sərimizə, hətta aqibətimizə bir əlac və çarə instansiyası bilirik – əlaqədar orqanlar. Yuxarılar. Mütləq kimsə hardansa tapşırıq verməlidi, yön göstərməlidi. Əmr, sərəncam, buyruq gəlməlidi.

Halbuki Qarabağın sağ qalmış hər bir sakini öz gördüyünü, bildiyini, şahidi olduğunu yazmalıdı, kitab eləməlidi, tarixə təhvil verməlidi. Bununçun heç bir rəsmi prosedura ehtiyac yoxdu.

Niyə və nəyi sirr saxlayırsız?

Sirlərinizi açın, bildiyinizi yazın, gördüyünüzə şahid olun. Hadisələri fakt eləyin, sənədə çevirin.

Bu baxımdan Elxan Salahovun kitabının önəmi – hətta bir az gec də olsa – üçqat-beşqat artır.

***

“Quran”ın 18-ci “Kəhf” surəsində bir mağara əhvalatı nəql olunur. Gavur camaatdan qaçıb mağaraya sığınmış bir neçə gənc və bir it 309 il orda yuxuya gedir. Bu müddətdə sağ qalırlar, Allah onları qoruyur.

Yeri düşmüşkən, həmin gənclərin sayı barədə mübahisəni “Quran” həll olunmamış saxlayıb və necə deyərlər, oxucunun öhdəsinə buraxıb. Bu sözlərlə: Bəziləri də: “Onlar yeddidir, səkkizincisi köpəkləridir!”– deyəcəklər. De: “Onların sayını Rəbbim daha yaxşı bilir...”

Bizim də yuxumuz bitəcək. Elxan Salahovla əhd eləmişik. İşğaldan azad olunan Kəlbəcərə birgə gedəcəyik. Məncə, onda Ələsgər kişini mağarada sağ-salamat tapacağıq.


Müəllif: Qurban Yaquboğlu