Hər kəsin aça bilmədiyi sirri var. Elə buna görə də insan bəzən gizlədilən həmin sirrin – həqiqətin ətrafında fırlanır. Çox vaxt da gah nala, gah mıxa vurub tamam başqa şeylərdən danışır. Yəni, insan hər şeyi bütöv danışmır, özünə bu hörmətsizliyi etmir. Həqiqətlər insan içindən soyula-soyula – yarımçıq çıxır. Lakin gizlədilən həqiqət öz keyfiyyətini itirir ki, bu, çeynəyib sıradan çıxardığı beyni buraxır və heç bir məna kəsb etmir. Qaldı ki, bütün bu şeylərdən, daha doğrusu, əsl həqiqəti kənara qoyub bunun ətrafında var-gəl etmək – bu haqda yazmaq da, yazmaq haqda düşünmək də nəyinsə ifadəsi olmaqdan çıxıb.
Amma həyatdan tamamilə əllərini üzüb son sığınacaq yerləri kimi gül dibçəkləri, yaxud hansısa heyvanın soyuq nəvazişinə sığınanlar kimi, son sığınacaq yeri yazmaq olanlar da var. Bütün bunlar əllərində qalan son şeylərdən də bərk-bərk yapışmağa cəhd edənlərin yalvarışları, çağırışıdır. İçində boğulan qışqırtı...
Əlbəttə, xoşbəxt olmağı qarşısına məqsəd qoymuş insanlar baş verənlərin ifadəsini tapmaq, bunlara bir məna donu geyindirmək yerinə unutmaq sənətini öyrənməyə çalışırlar. Öyrənilmiş unutqanlıq insanı xaraktersiz bir anlayışa çevirsə də, sağ qalmaq istəyənlərin ikinci çıxış qapısı olmur. Çünki heç nəyin səbəbini tapmaq mümkün deyil. Bu isə o deməkdir ki, yaşamaq məşğuliyyətdir; sənin onları nə qədər sevib-sevmədiyini öyrənmək istəyən insanların əxlaqsız məşğuliyyəti... Bütün ümidlər və arzular da bu ağır həqiqətin qarşısında alatoranlığa sürüklənir.
Heçlik hissi...
Bəlkə də, heçlik hissi qədər sağ olan insan üçün ikinci qorxunc hiss yoxdur. Heçlik duyğusuna qapılmış bütün insanların uzunmüddətli sakitliyə ehtiyacı olur. Bu yerdə insanın can atdığı sakitlik xatirələrdən, yaxud doğuluşdan əvvəlki – sənin olmadığın dünyada mövcuddur. Xatirələrdən əvvələ şüalanmaq isə mümkün deyil. İnsan doğulduğu andan keçmiş xatirələri başlayır. Keçmiş xatirələr... Yəni, bir daha xoşbəxt ola bilməyəcəyin prosesin başlanğıcı... Gələcək və indiki zaman anlayışı da bu xatirələrin içində yoxa çıxır və insan yorğun düşür.
Hətta insan yazmadan da yazmaqdan yorula bilir. Sanki beyninin içində yazmaq istədiyin bütün məsələləri öz-özünü həll edir, əridib yoxa çıxarır. İnsan öz xəyallarından da yorğun düşür. Bu yerdən sonra isə bütün arzular və inanclar insan üzərindəki hökmünü itirir. Əvvəllər insanı həyəcana gətirən şeylər də dayaq funksiyasını itirir. Bu, elə bir təlatümdür ki, içindən qopardığı şeyləri ümidə oxşar son istəklərin üzünə açdığı qapılara sovurub çırparaq arxasından bağlayır. Belə bir təlatüm sakitləşəndə öz yerini həzin melodiyaya oxşayan kədərə verib insanı bir qədər sakitləşdirsə də, bu aldadıcı sakitlik hərəkətverici gücə çevrilə bilmir.
Bilmirəm, bəlkə də insan niyə belə olduğunu sorğulamamalı, həqiqətlər üzə çıxdıqdan sonra mistik qata qalxıb hər şeyə qeyri-real çərçivədən baxmalıdır. Belə bir qarışıqlığın mərkəzinə düşmüş insan üçün bunlardan yazmaq da, bunlardan danışmaq da zərurətə çevrilə bilmir. Çünki bunlar artıq düyünlənmiş və istifadəyə yaramayan yumağa oxşayır.
Bəlkə də insanı təsadüflər xoşbəxt etdiyi kimi, həyat da ona diqqət etməyənləri sevir.
Hər nədirsə bir yerdən sonra insan sorğulamaq gücünü də itirir. Taqətdən düşür. Hər şey sanki alatorana bürünür və insan qaldığı yerdə süst düşür. Təslim olur və bu təslimiyyət qarşısında təhlükənin haradan gələcəyi, çıxış qapısının harada olduğu ehtimalları əhəmiyyət dərəcəsinə görə daxili hesablaşmada müzakirəyə çıxarılan ən son məsələlərə çevrilir.
İnsan bu yerdə ayılır və özünün qarışıq labirintin kiçik bir dəhlizinin dibində çökdüyünü görür. Xəyalən qalxdığı yüksəklikdən çıxış qapısının ondan nə qədər uzaqlarda qaldığını görüb özünü ələ salmağa başlayır. Yəni, çıxış qapısına çatmaq üçün imkanların məhdudluğu və artıq sağ qalmağa dair göstərmədiyi səylər insanın özünə olan hörmətin son zərrəsini də dartıb içindən qoparır. Nəhayət, uzun və darıxdırıcı bir canvermə prosesinin içinə düşür. Ölmüş ruhun, ölmüş ümidlərin, ölmüş arzuların, ölmüş düşüncənin, ölmüş beynin sağ qalmış canını arxasınca çəkmək də yorucu və bezdirici işə çevrilir. Artıq itirdiyin xəyallar azadlığı da məhdudlaşdırır, ağrılı həqiqətlərə qarşı müqaviməti zəiflədir.
Halbuki həqiqətlərin hücumları qarşısında həmişə insanın son sığınacaq yeri xəyalları olub. Xəyal dünyası nə qədər genişdirsə, insan o qədər azaddır. Yaxud, xəyal dünyası nə qədər genişdirsə, insan həqiqətlərə qarşı döyüşmək üçün o qədər geniş meydana sahib olur. Xəyalları olmayan insan ağrılarının qarşısına əliyalın çıxır. Bu, intihardır və bütün bunları yazmağa, ifadə etməyə olan ehtiyac taqətdən düşmüş inancların son çırpıntısı, yorğunluqdan gözləri əbədi sakitliyə açılmaq ümidi ilə yumulan arzuların son nəfəsi olmalıdır.
Həqiqətənmi bütün bu şeylərdən sonra həyat özünə yenidən məna qazana bilər? Elə bir tənbəl və cavabını uzun-uzadı gözləməyə dəyməyəcək bir sualdır ki, insan sivişib aradan çıxmaq istəyir. Bəs hara? Bütün məsələ də budur. Yəqin ki, aradan çıxmaq üçün bu labirintin çıxış qapısı yoxdur, axtarmaq lazımdır.