Səməd Behrəngi və Mikayıl Müşfiq
“Biri var idi, biri yox idi… Ətrafı çəpərlənmiş çayın içində qalıb böyük dənizlərə çıxmağı arzulayan balaca balıqlar var idi . Bu balıqlara hər şey qadağan olunmuşdu . Ən əsası onlara düşünmək yasaqlanmışdı . Bu balaca balıqlar illərdi əsarətdə qalan Vətənin övladları idi. Və düşünən beyinləri idilər . Bu balıqlar zalım ağalara , balıqtutanlara qarşı mübarizə aparırdılar . Bu balıqlar o çəpərləri yıxmaq istəyirdilər . Yeni cığırlar açmaq istəyirdilər… düşünməyin belə yasaqlandığı bir cəmiyyətdə... "
Bu yekə balıqların , balıqtutanların əsarətində qalmış balaca balıqların nağılı idi . Düzdür , bu Səməd Behrənginin " Balaca qara balığın nağılı " hekayəsi deyildi . Amma Behrənginin bu nağıla yerləşdirə bildiyi min illərin nağılı, acısı, faciəsi idi . Ətrafı çəpərlərlənərək ikiyə bölünmüş Vətənin acı taleyinin hekayəsi idi. Bu həm də əsl insanlığın faciəsi idi . Sevmək belə qadağan olmuş böyük ürəklərin , düşünmək qadağası edilən beyinlerin faciəsi idi . Amma bu yasaqlarla dolu ətrafı çəpərlənmiş məmləkətdə bütün qaydaları yıxıb dağıdan balaca balıqlar mütləq doğulurdu .
Təəssüflər olsun ki, bu “ətrafı çəpərlənmiş çayın içində olan balaca, qara balıqlar” çox vaxt eyni zamanda, eyni tarixdə doğulmurdular. Doğulsalar da, birləşə bilmirdilər . Biri ətrafı çəpərlənmiş çayın o sahilinə yaxın üzürdü, digəri bu taya yaxın. Elə Mikayil Müşfiq və Səməd Behrəngi kimi .
Nakam yaşda gedən iki gənc ədib. Sahilləri çəpərlənmiş bir çayın o tay və bu tayında yaşayan, yazan, öyrədən, sevən, sevilən və… öldürülən qələm adamları, milli məfkurənin daşıyıcıları…
Maraqlıdır, yox maraqlı yox, acınacaqlı və təəssüfedici haldır; 1938-ci ildə “qırağı çəpərlənmiş çayın” bu sahilində Mikayıl Müşfiq güllələnir , 1939-cu ildə isə həmin çəpərlənmiş çayın o biri tərəfində Səməd Behrəngi doğulur . Eynən S. Behrənginin “Balaca qara balıqları” kimi. Bu balıqların hərəsi ikiyə bölünmüş çayın ayrı tərəflərində də qalırlar . Böyük dənizlərə varmaq arzularını “ətrafı çəpərlənmiş çayın” köpüklü suyunda boğmağa çalışırlar... Bu çayın – zamanın tərsinə axını onları hec vaxt birləşməyə qoymur. Demək olar , oxşar taleni yaşayan iki nakam ədibin hər ikisi də müəllimdir. İkisi də milli düşüncə , sonsuz sevgi , çırpınan arzuların yolunda qurban gedir. Mikayıl Müşfiq Rusiya imperiyasının çəpərləmələrinə qarşı, Səməd Behrəngi isə İran çəpərləmələrinə qarşı “döyüşür”.
Amma maraqlı olan o faktdır ki, Mikayil Müşfiq proletar hərəkatını tərənnüm edən şeirlər də yazırdı. O, yeni həyatın tərənnümçüsü kimi də xarakterizə olunan şairlərin sırasında möhkəmlənə bilərdi. Bəs niyə "proletar"ların gözü Müşfiqi götürmədi? Onun ölümünə hökm verildi. Çünki Müşfiqin şeirləri onun xalqın düşünən beyni olduğundan xəbər verirdi. Qorxdular Müşfiqdən. Çünki o, millətinin sərvəti olan adət-ənənəyə hörmətlə yanaşmışdı. Xalq onu sevmişdi. Xalqın sevgisini qazananlar öz zamanın hörmətini qazana bilməzdi. Bir çox qələm adamı, ictimai-siyasi fiqur, “oxuma tar”, deyəndə, o, Oxu tar, Səni kim unudar, deməyi bacardı. O, proletarın bərabərlik ideyasını sevirdi. İnanırdı. İnanırdı ki, haçansa ideal cəmiyyət qurulacaq.
Qorxdular. Qorxdular ki, o, inamında yanıldığını bilə bilər. Haçansa bütün bunların yalançı vədlər olduğunu anlayacaq.
Bir faktda da göstərilir ki, Müşfiqi Hüseyn Cavid əfəndiyə görə vurdular. Cavid əfəndi tələbəsi olmuş Müşfiq haqda, “o bir alovdur ki, dilləri özünü qarsayacaq deyibmiş”. Müşfiqi özünün odu-alovu, millətinə olan sevgisi yandırdı. Ruhunda xəyanətkarlıq olmayan Müşfiqə, məhkəmədə Hüseyn Cavidin üzünə durmağı əmr edirlər, o, isə nəinki əfəndisinin üzünə durur, əksinə bu təklifin əvəzində Cavidin əfəndinin əlindən öpüb: - “O, mənim müəllimimdir” - demişdi.
Düzdür, Müşfiq proletar ideyalarını sevdi, amma proletar gerçəklərini sevə bilmədi. Və bu ətrafı çəpərlənmiş çayda böyük dəryalara can atmaq istəyən “balaca balığ"ın da sonu belə gəldi. Mikayıl Müşfiq 1938-ci ildə güllələndi.
Ətrafı çəpərə alınmış çayın o biri sahilində M. Müşfiqin ölümündən sonrakı il Səməd Behrəngi doğuldu. O, şah rejimini sevməmişdi. Çünki, sevəcək bir ideaları olmamışdı. Gözünü açandan gördüyü səfalət və cəhalət onu üsyankar böyütmüşdü. Ətrafı çəpərlənmiş çayda özünün balaca qara balıq kimi hiss edirdi.
S. Behrəngi uşaqlar üçün hekayələr yazırdı. Ancaq içində böyük beyinləri düşündürməyə çalışırdı. O, gözəl müəllim idi. Əsl müəllim. Onu nə qədər sıxsalar da, əsl "müəllimliyini" edirdi. Uşaqlara pulsuz kitab paylayır, onları cəhalətdən çıxarmaga çalışırdı. Buna görə hətta, maaşını da aşağı salırdılar. İran şahının sonuncu arvadı şahbanu Fərəh Pəhləvi göstərirdi ki, Səməd Behrənginin kitablarını uşaqlar üçün böyük tirajla nəşr etdirirlər. Bəs bu ikili oyunu niyə oynayırdılar, maraqlıdı. Bəlkə xalqın sevdiyi u adamın bizimdə sevimlimiz olduğunu deməklə çaşdırıcı siyasət yürüdürdülər? Və sonda Behrəngi ilə bacara bilməyəcəklərini görüb, onu suda boğurlar. Bir "balaca balıgın" taleyi də belə gedir…
"Balaca balığın taleyi necə oldu, heç kim bilmədi. Amma o gecə balaca qızıl balıq böyük dənizi fikirləşməkdən yata bilmədi".
Görək indi hansı "balaca balıq" düşünməyə başladı.
Fidan Səfərli