3 İyul 2019 22:50
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda siyasi şərhçilərin ən çox yanıldıqları ölkə qardaş Türkiyədir.

Baxmayaraq ki, Türkiyə siyasəti həyatımıza birbaşa təsir edir, siyasi fiqurları daha yaxından tanıyırıq, mətbuatını rahat şəkildə izləyirik.

Son İstanbul bələdiyyə seçkiləri də göstərdi ki, ölkəmizdəki siyasi şərhçilər, əslində, Türkiyə siyasətinin dərinliklərini görmür, bəziləri öz maraqları çərçivəsindən çıxış edir, bəziləri isə görmək istədikləri nəticələri həqiqət kimi qəbul etdirməyə çalışırlar. İmamoğlu isə bütün bunların üstündən xətt çəkdi.

Əslində, şərhçilərimizi qınamaq da düzgün deyil.

Məsələn, haradan insanın ağlına gələ bilərdi ki, prezidentlik üsul-idarəsinə ən radikal mövqe sərgiləyən MHP sədri Dövlət Bahçeli 180 dərəcə dönərək prosesin ən qızğın müdafiəçisi olacaq.

Ağlımıza gəlməzdi ki, fətullahçıların Türkiyə ordusunun “kozmik oda”sına girməsinə səbəb olan, qondarma Ergenekon davasında “dövlət bağırsaqlarını təmizləyir” deyən Bülənd Arınç yenidən yüksək vəzifəyə dəvət ediləcək.

Düşünməzdik ki, dövlət başçısının hər dediyinə “bəçeşm” deyib yerinə yetirən Abdullah Gül, Əhməd Davudoğlu kimi şəxslər üsyan bayrağı qaldıracaq, yeni partiya qurmaq üçün fəaliyyətə keçəcəklər.

O da ağlımıza gəlməzdi ki, vətənə xəyanətlə suçlanan kürdlərin HDP partiyası Çin işgəncəsinə məruz qalan uyğur türklərinin müdafiəsi üçün parlamentə təqdim edilən sənədə “hə” deyəcək, millətçi MHP bitərəf qalacaq, iqtidardakı AKP isə rədd edəcək.

Siyahını istədiyimiz qədər uzada bilərik.

Bu baxımdan siyasi şərhçilərimizi də anlamaq mümkündür.
*
Biz Türkiyə siyasətini dərk etmədiyimiz üçün İmamoğlunun erməni və rumlara təşəkkür etməsini anlamırıq. Halbuki, Türkiyənin özündə bu məsələ hava, su kimi təbiidir. Çünki Bakıdakı azərbaycanlı hesab edir ki, onun erməniyə qarşı olan münasibəti ilə İstanbuldakı türkün erməniyə qarşı münasibəti eyni olmalıdır. Əksi düşünülə bilməz, təklif də edilə bilməz. Amma həmin azərbaycanlı ömrü boyu Bakıda yunanlara qarşı mənfi münasibətdə olmayıb, yunanı özünə düşmən elan etməyib. Halbuki, Türkiyədə də Yunanıstan dövlətinə, millətinə baxış bizdəki kimi deyil.

Və ya biz anlamırıq ki, ərəblərə görə Misirlə düşmən olan Türkiyə dövləti uyğur türklərinə görə Çinlə düşmən olmur, əksinə, yüksək səviyyədə münasibətlər qurulur. Əgər məsələ insan haqlarıdırsa, uyğurlar ərəblərdən daha çox əziyyət çəkir. Əgər məsələ dövlət maraqlarıdırsa, Misir, Suriya kimi dövlətlərlə münasibətlər niyə bu vəziyyətdədir?

Haqlı olaraq yazılır ki, Türkiyə bir tərəfdən Suriya ilə müharibə aparır, digər tərəfdən ən çox suriyalını qoruyan, maaş verən ölkədir.

Haqlı olaraq yazılır ki, Türkiyə Suriyada Rusiya ilə əks cəbhədədir, amma Rusiyadan silah alır.

Haqlı olaraq yazılır ki, Türkiyə NATO çərçivəsində ABŞ-ın ən yaxın müttəfiqidir, amma hazırda ABŞ-la üz-üzə gəlib.

Bu baxımdan Türk elini tanımaq üçün öncə Bahçelini anlamaq lazımdır.

Türk elini tanımaq mümkün olsa da, Bahçelini anlamaq hələ ki heç bir türkə nəsib olmayıb.


Müəllif: Dilqəm Əhməd