Artıq yaxınlarda görə biləcəyi bir işi yox idi, uzaqlarda azıb qalmışdı – gələcəyin arxa tərəfində... Beynini xatirələrin ilgəyinə ilişdirib özünü irəli getməyə qoymur, quru çörəyi ağzına atıb kövşələyir, bu lənəti damağında yellənən sonuncu dişlərinə çəkir, yedikcə özündə təpər tapıb ömrünü bir qədər də uzadırdı.
Yemək ömrünü uzadan bir lənətə çevrilmişdi, bu lənətə doğulduğu gündən – anasının döşünə şüursuzca, vampir kimi hücum çəkdiyi həmin dəqiqədən bulaşmış, mədəsi ondan sağ qalmağı tələb etməyə başlamışdı.
Heç vaxt ölməyəcəkdi, bunu bilirdi, ümidsizcəsinə bilirdi.
Otağı yarım saat altını üstünə çevirdikdən sonra çarpayının altından tapdığı dolu şüşə onu sevindirmədi, amma içdi, ağzına qədər doldurduğu stəkanı öyüyə-öyüyə birnəfəsə başına çəkdi, dəhşətli ürəkbulanma ilə bir müddət ağzında saxlayıb, ağzına doğru dartılan hülqumunun qabağına verərək mədəsinə ötürdü. Gözləri yaşardı, boğazını ovxaladı, bir dilim xiyar götürüb həvəssiz çeynəməyə başladı.
Yorğunluq ətrafda və həyatında baş verənlərin məntiqi izahını tapmaqdan özünü məhrum etmiş bu adamın başını gicəlləndirir. Mənasını bilmədiyi düşüncələrin içinə yuvarlanır, amma yenə düşünür; anlamsız bir düşüncə, anlamsız sözlər, anlamsız həyat, anlamsız bir adam, anlamlı bir ölüm. Ölüm - xilas ola bilərdi, vaxt varkən ölə bilərdi, özünü öldürmək arzusu baş qaldırır.
Bircə anlıq beynini dumanlandıran bu qərar eyni sürətlə ötüb keçir. Heç sevinməyə vaxt tapmamış...
Külək ağacın çılpaq budaqlarını pəncərəyə çırpır, hardansa özünə yer tapıb sivişərək içəri soxulan diş ağrısının giziltisinə oxşayan nazik soyuq hava boynunu qıdıqlayır. Yerindən tərpənmir, dodaqaltı mızıldanmağa başlayır, lakin yarımçıq saxlayaraq öskürəyə təslim olur. Tanıyırdı, həminki öskürək idi, nə vaxtsa ürəyi qarışıq bütün daxili orqanlarını öyüyərək çəkib çıxararaq döşəməyə tökəcəyi həminki öskürək...
Öskürək hıçqırtıya çevrilir, köpək xaltası kimi boğazına dolanıb boğmağa başlayır...
Artıq gec olmalıydı, nə vaxtsa, nə vaxtsa, lap çoxdan, çox-çox əvvəllərdən ağlamamlıydı, amma ağlayırdı. Ağlamaq ümid olmalıdır, onu ağladan da bu ümid olmalıydı. Ümidi olmayan insan niyə ağlasın? Ağlamamalıdır, ağlaya bilməz. O isə gözləyirdi, hər şeyin yenidən yaxşı olacağını yox, bir gün hər şeyi birdəfəlik unudacağı anı gözləyirdi.
Bu necə bir gözlənti idi, dünyanın harasında gözləyirdi, dünyanın elə bir yeri qalmışdımı ki, orda gözləsin?
Sonuncu hıçqırığını sinəsinin altındakı boşluqda yumrulayıb ürəyinə çırpırdı...
Saqqalını qarışdırdı - əllərini hiss etdi, pəncərəyə çırpılan yağış damlarlarını gördü - gözləri vardı, ayağa qalxıb getmək istədi – ayaqları yerindəydi, başını sinəsinə doğru əyib qulaq asdı, eşitmək istədi, amma ürəyinin döyüntüsünü eşidə bilmədi – hələ yaşayırdı. Sağ idi, bütün bunlar - əllər, ayaqlar, gözlər, ürək onun sağ olmasından xəbər verirdi. Bu, pis əlamət idi, ürəyini yeyib qurtara bilsəydi bunların hamısı yoxa çıxacaqdı, sakitləşəcəkdi, bir də ona mane olmayacaqdı.
Quraq bir xatirə...
Geriyə qanad çırpır, uzaqlaşdıqca kiçilir, balacalaşır, uşaqlaşır, budur çiynində məktəb çantası evə qayıdır, anası qapının kandarında gözləyir, yaxınlaşır, başını tumara uzadır, özünü anasına sıxır, qucağında yumrulanır, sakitləşir, həyəcanı dindikcə yumaq olur, dölə çevrilir, gözəgörünməz olur...
Toxum boyda bir ümid göz qırpır, hələ heç nə bitməyib, yaşamaq olar!
Amma əlləri gözünə sataşır, qırışıb, sürətlə irəli şığıyır, saxlaya bilmir özünü, qanadsız uçur bu dəfə getdiyi yolu qayıdarkən, qapıda onu gözləyən qadın pəncərəyə, çiynindəki çanta nimdaş pencəyə, qanadları hərbçi adyalına çevrilir. Bu əllər, bu ayaqlar, bu gözlər, bu ürək - yaşamaq ağrısı sancır. Bayaq bir əlçim yumaq idi, indi bir iynəyə çevrilib ürəyini eşir.