Prezident, Ali Baş Komandan İlham Əliyev noyabrın 20-də Ağdamın düşmən işğalından azad edilməsini xalqa xəbər verdi. Bu dəfəki xəbər həm də onunla əlamətdar idi ki, Azərbaycan daha bir rayonu bir güllə belə atmadan azad edirdi. Bəli, məhz Ali Baş Komandanın strateji uzaqgörənliyi sayəsində dövlətimiz elə bir mərhələyə yetişib ki, işğalçı düşmən işğal etdiyi torpaqlardan könüllü şəkildə, suyu süzülə-süzülə çəkilib gedir.
Prezidentin Ağdamla bağlı xalqa müraciətində həm də bir sıra məsələlərə növbəti dəfə aydınlıq gətirildi. Ona görə növbəti dəfə deyirik ki, insanlarımızın bəziləri bəzən gərəksiz yerə suallarla çıxış edir, sonra onlara öz ağıllarınca cavab verib ictimai rəyi çaşdırmağa çalışırlar. Ona görə də ölkə başçısının belə çıxışları bütün qaranlıqlara işıq saçır.
Bu dəfə də elə oldu. Özəlliklə də Ermənistanın boş iddialarına aydınlıq gətirildi. İşğalçı ölkənin işğal altındakı torpaqlarda guya 90 min yerli əhalinin yaşamasıyla bağlı uydurmasını cənab Prezident əldə olan tutarlı bilgilərə əsaslanaraq yalanladı. O, bir daha qeyd etdi ki, Ermənistanın işğalı altındakı torpaqlarda ən çoxu 60-65 min nəfər yaşamaqda olub.
Bu arada qeyd edək ki, onların da hamısı Azərbaycan vətəndaşı olan ermənilər deyil. Bu şəxslərin bir qismi Ermənistanın illərdir boş qalan torpaqlarımızı məskunlaşdırmaq üçün xaricdən boş vədlərlə aldadıb gətirdiyi sakinlərdir. Təbii ki, indi başlarına gələnləri gördükdən sonra onlar çətin ki, Azərbaycan torpaqlarında qalıb yaşamaq istəyəcəklər.
Daha bir önəmli məsələ də Prezidentin Ağdam-Xankəndi-Şuşa yoluyla bağlı dedikləridir. Ölkə başçısı qeyd etdi ki, indi bu yolun istifadəsi mümkün olmasa da müəyyən müddət sonra onun da açılması baş tutacaq. Bəllidir ki, hazırda Xankəndi şəhərində ermənilər qalmaqdadır. Onların təhlükəsizliyini Rusiya sülhməramlıları təmin edir. Bəlli bir dövrdən sonra xalqlar arasında etimad bərpa ediləcək, vasitəçiyə ehtiyac qalmayacaq və bütün problemlər məhz Azərbaycan dövləti və onun qanunları əsasında həllini tapacaq. İndi isə təbii ki, bütün məsələlərin bir anda həll edilməsi mümkün deyil. Heç dünya təcrübəsində də belə bir hal olmayıb ki, savaşan tərəflərin arasındakı düşmən münasibətləri bir anın içində yerini dostluğa versin…
Qeyd edək ki, Ağdamın işğaldan dinc yolla azad edilməsi noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq gerçəkləşdirildi. Bunun ardınca noyabrın 25-də Kəlbəcər tam olaraq dinc yolla işğalçılardan azad ediləcək. Dekabrın 1-də isə işğalçılar Laçın rayonunu tərk edəcək. Bununla da Azərbaycan Respublikasının Ermənistanla sərhədində tam olaraq dövlətimizin nəzarəti təmin ediləcək.
Buna qədərsə Azərbaycan ordusu torpaqlarımızı döyüşlə azad edərək Azərbaycan-İran sərhədinin uzun illərdir Ermənistanın nəzarətində olan 132 km-lik hissəsinə nəzarəti bərpa etmişdi.
Yerdə qalan bütün ərazilərdən Ermənistan silahlı qüvvələri tam olaraq çıxdıqdan sonra Azərbaycan bütün torpaqlarımızın abadlaşdırılması üçün böyük həcmli proqramlar həyata keçirəcək.
Ağdamın işğaldan azad edilməsi fonunda bir daha dönüb geriyə baxanda anlayırıq ki, Prezident İlham Əliyev məhz belə əlverişli nəticə üçün ötən illərdə təmkinli davranıb. Məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan həm düşmənə, həm də onun hamilərinə öz hərbi qüdrətini göstərdi. Eyni zamanda Ermənistanı bu vaxtadək danışıqlar masasında olmayan, Azərbaycan üçün əlverişli şərtlərlə kapitulyasiyaya məcbur etdi. Hər kəs xatırlar ki, illər öncə, Azərbaycan hələ zəif olduğu dönəmlərdə şərtləri diktə edən tərəf Ermənistan və onun ağaları idi. İndi isə dövran dəyişib. Azərbaycan özünə gəlib, hər anlamda qüdrətini artırıb, dünya dövlətləri sırasında layiqli yerini tutub və diktə edən tərəfə çevrilib.
Güclü olmaq, diktə edən tərəfə çevrilmək isə o deməkdir ki, bir güllə atmadan, bir nəfər belə qurban vermədən düşməni dizə gətirirsən. İlham Əliyev indiki mərhələdə məhz bunu həyata keçirməkdədir.
Tam beş gün sonra Prezident İlham Əliyev Kəlbəcərin, ondan da beş gün sonra Laçının uzun müddətli düşmən işğalından xilas edilməsini açıqlayıb xalqımızı təbrik edəcək.
Yeri gəlmişkən, bu gün Milli Məclisdə Prezident, Ali Baş Komandan İlham Əliyevə “Xilaskar” adı verilməsi üçün təklif səsləndirilib. Şəxsən mən vətəndaş olaraq bu təklifə ikiəlli səs verirəm. İlham Əliyev doğrudan da xilaskardır və bu ad rəsmiləşdirilməlidir.