Türkoloq Mehdi Gəncəli və Azad Ağaoğlu tərəfindən hazırlanan və ADA Universitetinin nəşr etdiyi “Azərbaycan” qəzetinin xüsusi seçilmiş 10 sayının transliterasiyasını maraqla oxudum.
Təkcə bu 10 sayda olan tarixi bilgilər haqqında kifayət qədər yazmaq mümkündür. Amma gündəlik həyatın tarixinə də marağı olan biri kimi o zamankı elanlar diqqətimi çəkdi. Xüsusən də həkimlərin elanları.
Qəzetin 4 oktyabr 1918-ci il tarixli sayında Hacıbəyov qardaşlarının teatr qrupu tərəfindən “Mikado” teatrında “Arşın mal alan” əsərinin oynanılacağı ilə bağlı elan verilib.
Elanda diqqətçəkən nöqtə biletlərin türk zabitlərinə 75 faizlə satılacağı, əsgərlər üçün ayrılan yerlərin isə ödənişsiz olacağı qeydidir.
Xüsusi olaraq da bu cümlə verilib: “Birinci cǝrgǝ sandalyaları ǝziz qonaqlarımız olan türk zabitanına vǝ hökumǝt mǝmurlarına hǝsr etdiyimizǝ görǝ, hǝman cǝrgǝ biletlǝri satılmayacaqdır”.
Qəzetin 8 noyabr 1918-ci il tarixli sayında “Azǝrbaycan müharibǝsindǝ can fǝda edǝn şühǝdanın ailǝsi mǝnfǝǝtinǝ” cümləsi ilə başlayan elan yerləşdirilib.
Belə ki, oktyabrın 26-da Türkiyə ədiblərindən Şəmsəddin Sami bəyin “Gaveyi-ahǝngǝr” əsərinin Azǝrbaycan Hökumǝtinin Teatrosunda (keçmiş Mayılov) oynanılacağı, Üzeyir Hacıbəyli və qardaşlarının, eləcə də aktyorların bimuzd və təmənnasız şəkildə çalışacağı qeyd olunub.
Yığılan pulun şəhid ailələrinin mənfəəti üçün xərclənəcəyi bildirilib. Hacıbəyli qardaşlarının bu addımı o dövrdə Azərbaycanın istiqlaliyyəti uğrunda şəhid olanlara ehtiramlarının bir göstəricisi idi.
Qəzetdəki elanlarda diqqətçəkən həkimlərin təklif etdiyi xidmətlərdir. Adətən, bu elanlarda xaricdə təhsil alan həkimlər oxuduqları universitetləri qeyd ediblər. Məsələn, daxiliyyə və əsəb xəstəliklərini müalicə edən doktor Rza bəy Sultanovun Paris darülfünununda oxuduğunu görürük. Həkimlərin əksəriyyəti isə qeyri-türk millətlərin nümayəndələri olublar.
Məsələn, S.M.İtkin öz xidmətini bu şəkildə təqdim edib: “Dişlǝrin ağrısız çǝkilmǝsi, tǝzǝ üsul ilǝ farfor vǝ qızıl dişlǝr qondarılması”.
Mama-feldşer M.K.Markoviç isə bu şəkildə elan yerləşdirib: “Hamilǝ vǝ azad olmuş qadınları qǝbul edir. Bǝdǝnǝ dǝrman vurur vǝ masaj ediyor”. Berlin Darülfünunu doktoru İ.S.Kopilyoviçin daxiliyyǝ vǝ ǝsǝbiyyǝ naxoşluqlarını qəbul etdiyini oxuyuruq.
Qəzetdə xüsusi müsəlman təvəllüdxanası (doğum evi) elanı da maraqlıdır. Elana görə: “Gövhǝr xanım Qazızadǝ Vǝzi-hǝml edǝnlǝr hǝr bir vaxt, gǝlǝn xǝstǝlǝr isǝ hǝr gün sǝhǝr saat 10-dan 2-yǝ gibi qǝbul edilirlǝr.
Tǝvǝllüdxanada ǝmǝliyyati-cǝrrahiyyǝ (aperatsiya) icra edilib doktor stasionar konsultasiya yapır. Feldşeritsa-mama Vasserman çiçǝk döyür, yara bağlayır vǝ iynǝ vurur”.
Doktor S.İ.Zaqs isə yerləşdirdiyi elanda zöhrǝvi, dǝri vǝ sifilis naxoşluqlarını qǝbul etdiyini bildirib.
Diş həkimi elanlarının çoxluğu maraq doğrurur. Elan yerləşdirən həkimlər əsasən ağrısız diş çəkdiklərini və qızıl qapaq qoyduqlarını bildiriblər. Görünür, dişə qızıl qapaq qoydurmaq adəti o dövrdə dəb imiş.
Qəzetdə türkiyəli həkimlərin də elanları var.
Məsələn: “İstanbul Tibbiyyǝsi müǝllim müavinlǝrindǝn doktor Rǝşid Sürǝyya Daxiliyyǝ vǝ zöhrǝviyyǝ, “916” vǝ “606” müalicǝlǝrinǝ naxoşları qǝbul ediyor”.
Qəzetdə “Pyerin qadınlara mǝxsus bǝrbǝr dükanı” elanı da diqqətçəkicidir.
“Azərbaycan” qəzetinin Cümhuriyyətin bir illiyi münasibətilə çıxan özəl sayında avtomobil elanı yerləşdirilib: “7 yerli, kareti qoz ağacından “Panar Elisar” fabrikası avtomobili 40-60 güclü, ucuz satılır. Xahiş edǝnlǝr: Bazarnı küçǝdǝ numero 6, İbrahimofun mağazasına müraciǝt edǝ bilǝrlǝr”.
Ən maraqlı elanlardan biri qəzetin 20 avqust 1919-cu il tarixli sayında verilən 3 cüt pəhləvanın yarışıdır:
“Çaharşǝnbǝ günü ağustosun 20-dǝ 1919-cu ildǝ indiyǝdǝk görünmǝmiş mübarizǝ günü. Mǝşhur sportsmen Pyotr Nikalayeviç Yelizarof tǝrǝfindǝn mükǝmmǝl surǝtdǝ vücuda gǝtirilmiş Fransa gülǝş cahan pǝhlǝvanı namı vǝ Azǝrbaycan fǝxri-şǝrfi vǝ 30000 manat mükafat. 1-nci: Tǝzǝ varid olmuş pǝhlǝvan “Sibirya ayısı” adı qazanmış Buvolof – Makarof, 2-nci: Qırmızı maska – Kalişeviç, 3-ncü: Tǝzǝ varid olmuş Polşa pǝhlǝvanı Kriçitof – Staroşvili. Tamaşa başlanacaq axşam saat 8 tamamda. Pǝhlǝvanların çıxışı 11-in yarısında. Mübarizǝ Yelizarofun tǝhti-nǝzarǝtindǝ olacaqdır”.
Qəzetdə itən sənədlərlə bağlı elanlar yerləşdirmə ənənəsi də davam edib. Məsələn: “Keçǝn mart faciǝsindǝ tǝxminǝn otuz il bundan ǝqdǝm İdareyi-Ruhaniyyǝdǝn aldığım atestadım mǝhv vǝ tǝlǝf olduğunu elan ediyorum. İrǝvan ǝhli: Axund Hacı Molla İsmayıl Mǝhǝmmǝdhǝsǝn oğlu Axundzadǝ”.
Qəzetin tamamı transliterasiya edildikdən sonra daha maraqlı elanları görəcəyimiz şübhəsizdir. Bu elanlar dövrün məişət həyatının öyrənilməsi baxımından əhəmiyyət kəsb edir.