3 Avqust 2022 21:57
11 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 dekabr 1927-ci il. Bu tarixə qədər Ankara məhkəmələrində divara vurulan lövhələrdə “vəkil bəylər” ifadəsi yer alırdı. Təbliğatlarda müraciətlər kişilərə ünvanlanırdı. Ağır məhkəmə proseslərindən mülki davalara qədər hər məsələ ilə kişi vəkillər məşğul olurdu.

Xülasə, Ankarada vəkil bəyliyi hökmrandı, qanun-qayda onlardan soruşulurdu. Ta ki qeyd etdiyimiz tarixi gün çatana qədər. Həmin gün Türkiyənin ilk qadın vəkili məhkəmə prosesinə çıxmışdı. Sürəyya Ağaoğlu. Şuşada doğulan, İstanbulda hüquq oxuyan və ilk qadın vəkil namını qazanan şəxs.

Mövzu boşanma idi. Ankara İkinci Hüquq Məhkəməsində Sürəyya xanım məsləkdaşı Hüseyn Fevzi bəylə birgə qadının vəkili idi. Hər iki vəkil ailə sirlərinin mühafizə edilməsi üçün məhkəmənin gizli keçirilməsini tələb etmişdi. Bu tələbləri yerinə yetirilmişdi. Çünki məhkəmə salonu olduqca qələbəlik idi. Bu insan seli məlum boşanma davasını izləməyə gəlməmişdilər. Onlar məhz ilk qadın vəkili kürsüdə görmək, onun addımlarını izləmək istəmişdilər. Amma bu tarixi an onlara qismət olmamış, konfidensiallığın qorunması üçün salondan çıxarılmışdılar.

Əhməd bəy Ağaoğlunun qızı olsa da, üç xanım tələbə ilə hüquq fakultəsində qızların təhsil almasını bacarsa da, ilk işi olduğu üçün Sürəyya xanım da həmin gün çox həyəcanlı olmuşdu. Tarixi günün şahidi olan “Milliyyət” qəzetinin müxbiri o günü belə təsvir etmişdi: “Sürəyya xanım yorğun deyildi. Yalnız rəsmi qiyafətini dəyişdirməsi uzun vaxt aldı. Sürəyya xanım dostlarına “Əlbisəmi dəyişdirməyim bir az gec oldu, deyilmi? Nə də olsa, biz qadınıq, gecikirik” deyərək gülürdü.

O əsnada Sürəyya xanımın bir dostu “Vəkil bəylərə” xitablı təbliğatı, “vəkil bəylərdən başqası girə bilməz” şəklindəki lövhəni göstərərək dedi: “Sürəyya xanım, görürsünüzmü, sizin vəkil olmağınıza görə bütün bunların dəyişməsi lazım gələcək”. Vəkil dostunun dediyi düz çıxdı. 26 dekabr 1927-ci il Ankarada bəyliyin son günü oldu.


Müəllif: Dilqəm Əhməd