18 Mart 2023 20:37
15 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə hindşünaslıq bölümünün əsasını nasist zülmündən qaçıb Türkiyəyə gələn alman professor Valter Ruben (1899-1982) qoyub. Onun Türkiyədə bu sahədə yetişdirdiyi ilk şəxs isə Azərbaycan əsilli Türkiyə alimi Abidin İtildir.

Həsən oğlu Zeynalabidin 2 aprel 1910-cu ildə Bakıda doğulub. Anasının adı Aişə olub. Kiçik yaşlarından valideynlərini itirib. İbtidai və orta məktəbi Bakıda oxuyub. 1928-ci ildə bir çox ailə kimi o da bacıları və yaxın qohumları ilə birgə İrana köçüb. Bir müddət orada qaldıqdan sonra təhsilini davam etdirmək üçün İstanbula gedib. Başda Məhəmmədəmin Rəsulzadə olmaqla bir çox mühacir türklərə kömək edən Türk Ocaqlarının sədri Həmdullah Sübhi Tanrıöver bəyin yardımı ilə Ədirnə Kişi Müəllim Məktəbinə daxil olub.

Bakıdakı diplomu yanında olmadığı üçün buradakı təhsilini 1935-ci ildə bitirib, ardınca Təhsil Nazirliyi onu Urfaya müəllim olaraq göndərib. Bu ərəfələrdə Ankarada qurulan Dil və Tarix-Coğrafiya fakültəsində ali təhsil almaq istəyən Abidin bəy imtahanları qazanaraq bu qurumun ilk tələbələrindən olub.

Türkiyədə universitet islahatlarının başladığı bu dövrlərdə Avropadan müxtəlif səbəblərdən Türkiyəyə gələn professorlara böyük ehtiyac vardı. Bu fakültədə macar türkoloq Rasonyi, Hitler zülmündən qaçan Valter Ruben kimi müəllimlərlə yanaşı, türk alimlərdən Fuad Köprülü, Şövkət Aziz Kansu, Şəmsəddin Günaltay kimi şəxslər dərs deyirdilər. Daha sonra Avropada təhsillərini bitirərək yurda dönən gənc müəllimlər də heyətdə yer aldılar.

Fakültədə yatılı rejimdə fəaliyyət göstərən tələbələrə latın dili də öyrədilirdi. Macar türkoloq türkcə bildiyi halda, digər xarici professorlar tərcüməçi vasitəsilə dərslərini keçirdilər. Mustafa Kamal Atatürkün böyük uzaqgörənliklə qurduğu bu fakültə Türkiyənin ən mühüm elm ocaqlarındandı.

Abidin İtil fakültənin ilk məzunlarından biri olaraq doktoranturaya seçilib, 1 may 1942-ci ildə fakültədə köməkçi vəzifəsinə təyin edilib.

Türkiyə vətəndaşı olduğu üçün Ərzurumda ehtiyat zabit məktəbində xidmət edən Abidin bəy 1944-cü ilin axırlarında fakültədə yenidən işə başlayıb.

23 may 1944-cü ildə “Bhavishyamahapuranam” üzərinə doktorluq işini müdafiə edib, 1945-ci ilin sonundan etibarən fakültədə müdir müavini vəzifəsinə təyin olunub. 1944-cü ildən dosentliklə bağlı elmi işə başlayan Abidin bəy hindşünaslığın qurucusu Valter Rubenin rəhbərliyində çalışmağa başlayıb. Lakin elmi rəhbəri Ruben həmin il Kırşehirdəki toplama düşərgəsinə göndərilib, 16 ay orada saxlanılıb. 1946-cı ildə fakültəyə qayıdan Ruben 1948-ci ilin martında birdəfəlik ayrılaraq Almaniyaya qayıdıb.

Elmi rəhbərindən məhrum qalması ona xüsusi çətinliklər yaratsa da, Abidin bəy 10 aprel 1946-cı ildə dosentlik işini təhvil verib, 19 iyun 1946-cı ildə dosent ünvanını qazanıb.

1946-cı ildə professor Ruben, dosent Fərrux Sanırla birgə Abidin bəy də Konya və Tuz gölü çevrəsində tədqiqat aparıb.

Dosent olmasına baxmayaraq Abidin bəy hindşünaslıq kimi çətin bir sahədə yetərli bilikləri əldə etmək üçün Hindistana getməyi qərara alıb. 5 avqust 1948-ci ildə dekanlığa müraciət edərək Hindistana göndərilməsini və ya sanskrit dili mütəxəssisi yanında çalışmasını istəyib. Lakin fakültə maddi imkansızlıq səbəbindən onun bu arzusunu yerinə yetirməyib, əksinə dərs yükünü də çoxaldıb. Belə ki, azsaylı mütəxəssislərdən olduğu üçün Abidin İtil 1953-1956-cı illərdə bu şəraitdə çalışıb:

Həftədə iki saat Hind ədəbiyyatı tarixi

Həftədə iki saat Hind fəlsəfəsi

Həftədə iki saat Hind dinləri tarixi

Həftədə 4 saat sanskrit qrammatikası dərsi.

Tələbəsi Kemal Çağdaş 7 fevral 1956-cı ildə doktorluq işini müdafiə etdikdən sonra dərs yükü qismən azalıb.

Nəhayət, Abidin bəyin Hindistan arzusu gerçəkləşib. 25 dekabr 1958-ci ildə o, Hindistandakı Poona Universitetinin Bhandarkar Oriental Research İnstitute-də bir il məsləyi ilə bağlı tədqiqatlar aparıb. 1971-ci ildə 4 ay Almaniyanın Vürzburq şəhərindəki Julius Maximilian Universitetində çalışıb.

Abidin bəy 30 dekabr 1963-cü ildə professor ünvanını qazanıb, 1 noyabr 1975-ci ildə təqaüdə çıxıb. 1976-cı ildə fakültədə onunla vida mərasimi keçirilib.

Abidin bəy eyni fakültənin alman dili bölümündən məzun olan Afifə xanımla 1940-cı ildə evlənib. Afifə xanım Qazi Təhsil İnstitutundan təqaüdə çıxıb. Övladları olmayıb.

Bir çox elmi konfranslara qatılan Abidin bəy fakültənin hindşünaslıq bölümünün və fakültənin Doğu Dilləri və Ədəbiyyatları Araşdırma İnstitutunun sədri olub və bu institutun çıxardığı jurnalı idarə edib. O, Türkiyədə indi də fəaliyyət göstərən Türk Kültürünü Araşdırma İnstitutunun da qurucusu və ilk sədri olub.

Həyatının 45 ilini keçirdiyi Ankaradan İstanbula köçən Abidin bəy xəstəlik səbəbindən 8 noyabr 1980-ci ildə vəfat edib.

Abidin bəy alman, ingilis, fars və rus dillərini bilib. Sahəsi üzrə müxtəlif əsərlər yazmaqla yanaşı “Türk Ensiklopediyası”na da 14 maddə yazıb. Vəfatından sonra qurucusu olduğu Türk Kültürünü Araşdırma İnstitutunun “Türk Kültürü” dərgisində həmkarı Şerif Baştav geniş məqalə yazıb. Eləcə də digər həmkarı, onun kimi Türkiyəyə kənardan gələn tatar əsilli Əhməd Temir də qısa başsağlığı mətni qələmə alıb. Bizim də bu məqalədə yararlandığımız bütün bilgilər Şərif bəyin yazısından götürülüb.

Baştav məqaləsində 4 illik universitet həyatında Abidin bəylə yoldaşlıq etdiyini, iki ay bir evdə yaşadıqlarını, İtilin çalışqan, zəkalı, qabiliyyətli bir şəxs olduğunu bildirib. Zarafatcıl, musiqiyə və idmana marağı olduğunu da əlavə edib. Hətta fakültənin futbol taqımında da yer alıb.

Abidin İtil ustadı Valter Rubenin “Buddizm tarixi” kitabını türk dilinə çevirib, “Sanskrit klavuzu” və hindşünaslıqla bağlı bir neçə əsər ərsəyə gətirib.

İtil Azərbaycan mühacirləri ilə də əlaqədə olub. Məsələn, “Ulus” qəzetindəki xəbərdən məlum olur ki, Azərbaycan Kültür Dərnəyinin 27 yanvar 1952-ci ildə keçirilən illik qurultayında Abidin bəy nəzarət-təftiş heyətində yer alıb.


Müəllif: Dilqəm Əhməd