28 May 2023 20:39
16 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən əsr Azərbaycanda həm dövlət, həm də millət quruculuğu prosesi ilə yadda qalıb. Öncə milləti, sonra isə dövləti yaratmağa çalışan ictimai-siyasi xadimlər bu mərhələni işğaldan sonra da davam etdiriblər.

Azərbaycanın Osmanlı da daxil olmaqla heç bir dövlətə birləşməsini istəməyən Cümhuriyyət xadimləri qardaş köməyinə rəğmən müstəqil bir dövlət olmaq əzmindən geri çəkilməyiblər. Çünki 1918-ci il tarixi bir şans idi, bir daha bu fürsət ələ keçməyə bilərdi.

Azərbaycan quruldu, Azərbaycan milləti formalaşdı. Hər ikisini bir-birinə bağlı tutmaq üçün mütləq bir ideologiyaya malik olmaq lazımdı. Rəsulzadə bunu Azərbaycançılıq olaraq təqdim etdi. O, çıxışlarında “Azərbaycan vətəndaşları” ifadəsini işlətdi, “Azərbaycanlılara müraciət” kimi səsləndi. Çünki XX əsrin əvvəllərində başlayan turançılıq hərəkatı iflasa uğramışdı, türk xalqları mövcud şərtlər səbəbindən ayrı bir istiqamətdə yürümüşdü. Daha Osmanlı yox idi, cümhuriyyət əsaslarına söykənən Türkiyə qurulmuşdu. Ona görə də sərhədləri dəqiq cızmaq lazımdı. Artıq öz yolu olan Azərbaycan və azərbaycanlılar vardı. Eləcə də Azərbaycançılıq məfkurəsi formalaşmalı idi.

Rəsulzadənin əsərlərində bu mövzuda çox işarələr var. Amma ən konkret maddələrlə 1934-cü ildə çap etdiyi “Şəfibəyçilik” əsərində yazıb. Onun yazısından oxuyaq:

“Azərbaycançılıq demək, istiqlalçılıq deməkdir. O istiqlalçılıq ki, tarixin ən böyük müəssisəsi olan milliyyətin dövlət olmaq üzrə müzəffər yürüyüşü deməkdir. Azərbaycançılıq demək, böyük türk irqinə mənsub bir millətin istiqlalını qazanmaq üzrə başladılmış şanlı bir mücadilədir”.

Yəni Azərbaycan millətinin dövlət olmaq uğrunda apardığı istiqlal mücadiləsinin adıdır.

“Azərbaycançılıq eyni zamanda bir hürriyyət və mədəniyyət hərəkatıdır ki, onun ən bariz sifəti xalqçılıq və milli hakimiyyət əsasına bağlılıqdır”.

Yəni rus işğalından qurtulan Azərbaycanın artıq milli hökumət tərəfindən idarə edilməsi, milli dövlətinin olması və formalaşan millətinin özünəməxsus mədəni hərəkatının varlığı deməkdir.

Rəsulzadə daha sonra əsərində azərbaycançılığa qarşı olan, bu müqəddəs hərəkatı məhv etməyə çalışan böyük düşmənin adını da çəkib: “Ona əvvəlcə Rusiya imperiyası deyərdilər, indi isə Sovet İttifaqı”. Ona görə də ardınca davam edir: “Azərbaycançılıq bu istismara, bu istilaya – qırmızı imperializmə qarşı vuruşan bir qüvvətdir”.

Rəsulzadəyə görə tarixin ən haqlı mübarizəsini həyata keçirən bu cərəyanın təmsilçisi Azərbaycanda Müsavat Xalq Firqəsidir: “Azərbaycanda cərəyan edən milli mücadilə bu firqənin bayrağı altında davam edir”.

Şübhəsiz ki, burada Rəsulzadənin təvazökarlıq etməyə haqqı yoxdu. Çünki onun qurduğu firqə Azərbaycanın istiqlalının qazanılmasında, yaşadılmasında ən böyük xidməti göstərmişdi. Digər partiyalar Osmanlıya ilhaq düşüncəsində olduğu zamanlarda Müsavat mütləq formada müstəqillik tərəfdarı oldu. 1920-ci ildə Rəsulzadənin çap etdiyi “Azərbaycan təşəkkülündə Müsavat” kitabında bu proses detallı şəkildə yazılıb.

İşğaldan sonra da ən çox zülmə, sürgünə məruz qalanlar da müsavatçılar oldu. Ən əsası 70 illik Azərbaycan mühacirət tarixi əsasən Rəsulzadə və Müsavatın adı ilə bağlıdır. Sovet Azərbaycanında 1920-1930-cu illərdə mətbuatda məhz Cümhuriyyətə “Müsavat dövrü” kimi hücum edilməsi də bununla bağlı idi. Ona görə də Rəsulzadə yazırdı: “Bugünkü işğalçı rusluğun təmsilçisi kommunistlik, azərbaycançılığın təmsilçisi müsavatçılıqdır”.

Şübhəsiz ki, Rəsulzadənin təqdim etdiyi Azərbaycançılıq ideologiyası sırf bir partiya fəaliyyəti ilə sərhədlənmiş düşüncə sistemi deyildi. Daha üst bir qavram idi ki, onun qurduğu partiya bu prosesin əsas hərəkətverici qüvvəsi idi. Ümumilikdə isə Azərbaycançılıq Azərbaycan uğrunda yola çıxan, onun müstəqilliyini yaşadan hər kəsi ehtiva edən bir anlayışdı.

Bu gün azərbaycançılığımızın da 105 yaşı olur.

106-cı ildönümünün Xankəndidə keçirilməsi arzusu ilə.


Müəllif: Dilqəm Əhməd