10 Avqust 2023 10:49
21 654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Ramiz Rövşənin məşhur şeirlərindən birini Nəcib Fazil Qısakürəyin adına bağlayırlar. Axırda deyəcəyimi əvvəldə deyim: Nəcib Fazilin bütün külliyatı əlimin altındadır, neçə ildir tədris edirəm, onun elə şeiri yoxdur.

Bu fotonu neçə illər qabaq tvitterdə görmüşdüm, ancaq inanmazdım belə şeyə inanan olsun. Ümumiyyətlə, türk ədəbiyyatındakı şairlərin adına xeyli belə postlar paylaşılır, ən çox da Cemal Süreya, Attilla İlhanın adına, ancaq biləsiniz ki, o şeirlərin çoxunu onlar yazmayıblar, bütün şeirlərindən ibarət külliyatlarında elə mətnlər yoxdur. Həmişə əsas mənbəyə istinad edin, akademik nəşrə. Bu belə.

Keçək ikinci məsələyə. Dünya filologiyasında bədii mətndə təsirlənmənin, plagiatın konkret müəyyənləşmiş sərhədləri, dərəcələri, təyinatı var. Reminisensiya, kriptomneziya və s. Bununla bağlı tədris edilən fundamental monoqrafiyalar var. Dünyada təsirlənmək yox, köhnəni olduğu kimi təkrarlamaq pis sayılır. Böyük tənqidçi Harold Blumun bu mövzuya həsr edilmiş kult kitabı var: “Təsirlənmə əndişəsi”. Bu məsələ bizdəki kimi neqativ amil, ittiham aləti deyil. Açığı, bizdəki estetik gönüqalınlıq arzusunu heç vaxt başa düşməmişəm. Blum təsirlənməni altı mərhələdə izah edir. Bir-bir həmin etapları izah etmək uzun çəkər. Tapıb oxuya bilərsiz. Ümumi şəkildə deyim ki, Blumun fikrincə, hər şair bir yandan bənzərsiz olmağa çalışır, digər tərəfdən isə bunun qeyri-mümkünlüyünü başa düşür və elə bu da kitabın adındakı əndişə halıdır.

Blum təxminən Freydin “Edip kompleksi”ndə olduğu kimi, ənənə, klassika, sələf sayılan şair ilə ondan qopub bənzərsiz olmaq istəyən çağdaş şair arasında bir-birini cəzb edən və itələyən mübarizəni təsvir edir. Belə deyək ki, hər müəllif yazmağa hər şeyin ilkini görən Adəm olmaq iddiası ilə başlayır, ancaq cənnətdə olmadığını, dünyaya qovulduğunu və burda tək olmadığını başa düşür. Beləcə, ənənədə özünə yer eləməklə ondan qopmaq arzusu arasında yırğalanır.

Hətta Eliot belə yazır: "Xam şairlər təqlid edir, bişmiş şairlərsə "oğurlayır"; pis şairlər götürdüklərini zay edirlər, yaxşı şairlərsə götürdüklərini daha yaxşı, daha fərqli şeyə çevirirlər. Yaxşı şair "çırpışdırdığı" şeyi elə unikal şəkildə hissin məngənəsindən keçirir ki, onu əvvəlkindən tamam fərqli şeyə çevirir."
Borxes məşhur "Don Kixot müəllifi Pyer Menar" hekayəsində ümumiyyətlə orijinal mətn yazmağın mümkünlüyünə ironiya edir. Servantesin "Don Kixot" əsərindəki bir abzası olduğu kimi götürən Pyer Menarın diliylə deyir ki, orijinal mövzu ola bilməz, olsa-olsa orijinal kontekst ola bilər. Bilmirəm, deyə bildimmi.


Müəllif: Qismət Rüstəmov