Millətlərin tarixində önəmli təqvim günləri vardır.
Bəzi günlər isə bir millətlə bağlı olsa da, digərlərinin də dönüm nöqtəsinə çevrilib.
Əgər bu gün xristian və müsəlman təqvimlərinə baxsaq, İsanın və Məhəmmədin bəşər tarixində yeni qapı açdığını görə bilərik.
Bu qapıları bağlayan, növbəti qapını açan isə 1789-cu il fransız inqilabı oldu.
Fransızlar dinlərdən, despotik hakimiyyətlərdən daha üstün olan fərd amilini önə çəkərək hələ də davam edən bir devrimin əsasını qoydular.
Bu devrim fransızlarla yanaşı bütün Avropanı əhatə etdi, eləcə də Şərqdə oyanışa təsir etdi.
Yalnız poqonları Rusiyaya aid olan Mirzə Fətəli Axundzadədə də bu devrimin təsirində olanlardan idi.
Azərbaycan millətinin təqvimində isə ən önəmli tarix 1918-ci ildir.
İlk dəfə bu tarixdə Azərbaycanda, müsəlman şərqində ilk Cümhuriyyət qurulub.
İlk dəfə bu tarixdə Azərbaycan adlı çağdaş, parlamentar idarəçilik sistemi olan, hədəfləri, ideologiyası bəlli olan bir dövlət qurulub.
İlk dəfə bu tarixdə Azərbaycan aydınları, ziyalıları, siyasiləri özlərini rus təbəəsi olmadan açıq ifadə edə biliblər, öz bacarıqlarını, potensiallarını ortaya qoyublar.
Rəsulzadə, Topçubaşov, Nəsib Yusifbəyli, Xoyski kimi insanlar dövlət xadimi kimi özlərini təsdiqlədib, bu gün də məhz o insanların sayəsində müstəqil dövlətimizdə yaşayırıq.
1918-ci il məhz bu faktlara görə tariximizin dönüm nöqtəsidir.
Bu tariximizin üzücü bir tərəfi də olub. 1918-ci ilin mart ayında daşnaklar və bolşeviklər tərəfindən Azərbaycan türklərinin soyqırımına məruz qalması kimi.
Bu soyqırımında əsas məqsəd Bakıda bolşeviklərin güclənməsi, hakimiyyəti əldə saxlamaq istəkləri idi.
Necə ki, aprel ayında buna nail oldular, Bakı Xalq Komissarları Soveti yaradıldı.
Lakin elə Cümhuriyyətin elanından, Batum müqaviləsinin bağlanmasından sonra Nuru paşanın öndərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi, sentyabrın 15-də Bakını azad etməsi mart soyqırımının qisasını almış oldu.
Ona görə də tam əminliklə demək olar ki, martda Bakıda və ölkəmizin digər yerlərində öldürülmüş minlərlə insan həm də Bakının azadlığı uğrunda şəhid düşmüş insanlar sayılmalıdır.
O vaxtlar hələ gənc olan, Bakıda sol qüvvələrə simpatiya bəsləsə də, Pişəvəri gözləri ilə gördüklərini yazırdı:
“Mən 1918-ci ilin martında daşnakların vəhşiliklərini, saysız-hesabsız günahsız adamların, xüsusilə bitərəf iranlıların öldürülüb karvansaraylarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Heç bir əsas və ünvan olmadan yalnız kin və ədavət üzündən daşnakların törətdiyi cinayət hər bir insanın ruhunu sıxıb kədərləndirirdi”.
Ona görə də 1918 tarixi bizim üçün Cümhuriyyət, parlament, azad Bakı, Rəsulzadə, Nəsib bəy, Nuru paşa və adları tarixə düşməyən minlərlə şəhidimizlə bağlı olan şanlı bir ildir.