28 Avqust 2015 12:04
2 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neçə gündü ağlımdan çıxmır “Ardahan kelebekleri...” Yalxı bir təsadüf ucbatından Türkiyə telekanalında gördüm “kelebeklerin son dansını”. Anadolu türkləri kəpənəyə “kelebek” deyirlər, məndən yaxşı bilirsiz.

Ərdəhan Türkiyənin şimal-şərqində bir vilayətdi. Vikipediya deyir, Ərdəhanda qış çox soyuq keçir. Şaxta 30 dərəcəni ötür. Qərbində Qara dənizə yaxın Artvin (bu günlərdə sel basmışdı), cənub-şərqində Ərzurum (Ərzurumun gədiyinə varanda...), cənubunda Qars (Qismətimi Qarsa yaz...), şərqində Gürcüstan dayanıb durur. Türkiyə Cümhuriyyətinin Qafqaza açılan qapısıdı.

Başqalarını bilmirəm, mən indi xəritəyə çox həssasam. Heç demə, taleyimiz xəritələrdəymiş - yaşayışımız orda, iqlimimiz orda, dostumuz-düşmənimiz orda; eynən keçmişimizin və gələcəyimizin də şəkli ordadı. Böyük güclər xalqların taleyini öncə xəritədə cızarlar. Küləklər, soyuqlar, düşmənlər də ordan gələr...
Qışı çox soyuq keçər, amma yazı çiçəkli olar Ərdəhanın. Yağmurunun ardı-arası kəsilməz. Yağar, yağar, yağar... İlin bütün fəsillərində göyü damcılayar. Ancaq yazından-yayından cənnət çıxar. Kəpənəklər də ölməyə ora - Ərdəhana uçub gələr. Cənnət kəpənəklərə qismətmiş.

Bir “Ərdəhan küləyi” ifadəsi də var. Eynən Bakı xəzrisi kimi. Qışın ən soyuq ruzgarı dağlarla əhatələnmiş Ərdəhan ovalığını cənub-qərbdən basar, ona da Ərdəhan küləyi deyərlər.

Bəs kəpənəklər hardan uçub gələr? Bilinməz. Kəpənəklər bura cütləşib ölməkçün səfərə çıxarlar. Ərdəhan cənnətində cütləşib ölməyi seçərlər.

***

Bu yaxınlarda Ucardan bir cavan qadın üç uşağını atıb nöyütlü Bakıya gəldi. Üç övladını qoyub evdən çıxmaq... qadınçun ağlasığmazdı.

Onu şəkildə gördüm. Başqa heç bir arqument gərək deyil, eşitmək də istəmirəm, çünki gözlərimə hədsiz etibarım var. O, Ərdəhan kəpənəyi ola bilmədi. İnsan üçün ölümdən maraqlı nə ola bilər? Olsa-olsa ömür və həyat... O, cütləşmədi və ölmədi. Bəlkə də, cütləşdi və yaşadı. Nöyüt həyat deməkdi!

Azərbaycan qadınının həyatı ən yaxşı halda iki hissədən ibarətdi - sevginin əvvəlini mələksayağı, sonrasını Tükəzban kimi yaşayır. Həyat insanları Əhməd və Tükəzban olmağa zorlayır. Üzrlər, bəlkə, həvəsləndirir deyək? Çox vaxt təslim oluruq, amma çalışırıq təslim aktını gizli imzalayaq.
Ərdəhan kəpənəklərisə rəqs edə-edə ölür. İşıqda!

***

Onların səfər sirrini heç kəs bilməz. Onların sevgi və ölüm duyğusunu heç kəs anlamaz. Onların canatımı kilidli...

Ancaq cütləşdikdən, sürfə qoyduqdan sonra hamının gözü qarşısında son vida rəqsinə başlarlar. Küçələrdə işıq lampalarının boynuna dolana-dolana, yorulub usanana qədər, axır nəfəsəcən, əzanın sonuncu tərpənişinə kimi rəqs eləyər, dans yapar, nəhayət, hər şey bitəndən sonra, axır məqamda - onda ki daha hansısa cüzi hərəkəti eləməyə də heç bir qüvvə qalmır - yerə döşənər, ağappaq mənzərəyə çevrilərlər.

Küçələri yumşaq, bəyaz xalı kimi örtərlər. Heç kəs onları tapdalamaq istəməz. Heç kəs üşüməz. Kəpənək qarı soyuq olmur! Bu, ölüm qarıdı, sevgi qarıdı, isti qardı bu...

...Kəpənək ola bilmədik, barı fil olardıq bu nöyütlü Bakı şəhərində. Zarafatsız.


Müəllif: Qurban Yaquboğlu