ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Konqresə Prezidentin silahların ötürülməsi ilə bağlı səlahiyyətlərinin müddətini (Presidential Drawdown Authority, PDA) 2025-ci ilə qədər uzatmaq xahişi ilə müraciət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Hill” məlumat verir. Müraciət qəbul edilərsə bu, sentyabrın 30-da maliyyə ilinin başa çatmasından sonra Ukraynaya hərbi yardımın göstərilməsi üçün təxminən 5,9 milyard dolları əlçatan etməyə imkan verəcək.
Ağ Ev, maliyyələşmənin davam etdirilməsinin Nümayəndələr Palatasının spikeri Mayk Consonun təklif etdiyi daimi qətnaməyə daxil edilməsini xahiş edib. Bu vəsaitlərin istifadə etmə müddəti bu ayın sonunda başa çatır.
“Presidential Drawdown Authority” çərçivəsində 5,9 milyard dollarımız qalıb. Bu vəsaitin 100 milyon dollar istisna olmaqla, hamısı maliyyə ilinin sonuna kimi istifadə edilməlidir”, - deyə Pentaqonun nümayəndəsi general-mayor Pet Rayder bildirib.
Konqresmen köməkçisi nəşrə bildirib ki, maliyyələşmənin davamı olmadan Bayden administrasiyası oktyabrın 1-dək Ukraynaya 5,8 milyard dollarlıq hərbi yardımın göstərilməsini elan edə, sonra isə ilin qalan hissəsindən avadanlıq göndərmək üçün istifadə edə bilər. Baxmayaraq ki, bu, o qədər də cəlbedici variant deyil.
Onun sözlərinə görə, eyni zamanda 5,8 milyard dolların dərhal ayrılması ilə bağlı müəyyən hüquqi problemlər də yarana bilər. Məsələn, müəyyən komponentlər anbarda mövcud olmasa, bu, açıq-aydın maneəyə çevriləcək.
ABŞ Konqresi tərəfindən 5,8 milyard dollar məbləğində PDA-nın uzadılması qərarının qəbul edilməsi Ağ Evə Ukraynaya ayda bir neçə dəfə kiçik partiyalarla hərbi yardım göndərməyə davam etməyə imkan verəcək.