Dünən DEM Partiyasının millət vəkilləri Sırrı Sürəyya Öndər və Pərvin Buldan 4.5 ildən sonra PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanla görüşüb.
Teleqraf.com xəbər verir ki, Türkiyə parlamentinin üzvləri bu gün görüşlə bağlı açıqlama veriblər.
Açıqlamada Öcalanın aşağıdakı mesajları çatdırılıb:
- Türk-kürd qardaşlığının yenidən möhkəmləndirilməsi bütün xalqlar üçün tarixi məsuliyyət olmaqla yanaşı, taleyüklü əhəmiyyət və aktuallığa çevrilib.
- Prosesin uğur qazanması üçün Türkiyədə bütün siyasi dairələrin dar və dövri hesablamalara qapılmadan təşəbbüs göstərməsi, konstruktiv hərəkət etməsi və müsbət töhfələr verməsi vacibdir. Bu töhfələrin ən mühüm zəminlərindən biri də şübhəsiz ki, Türkiyə Böyük Millət Məclisi (parlament) olacaq.
- Cənab Baxçalı və cənab Ərdoğan tərəfindən gücləndirilmiş yeni paradiqmaya lazımi müsbət töhfə vermək səlahiyyəti və qətiyyətinə sahibəm.
- Nümayəndə heyəti bu yanaşmanı həm dövlət, həm də siyasi dairələrlə bölüşəcək. Bunların işığında mən lazımi müsbət addımı atmağa və çağırış etməyə hazıram.
- Bütün bu səylər həm ölkəni layiq olduğu səviyyəyə çatdıracaq, həm də demokratik transformasiya üçün çox dəyərli bələdçi olacaq.
- Türkiyə və bölgə üçün sülh, demokratiya və qardaşlıq dövrüdür.
Xatırladaq ki, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı oktyabrda Öcalanı PKK-nın buraxıldığı və tərksilah edildiyini açıqlamağa, terrorçu fəaliyyətdən siyasətə keçməyə çağırmışdı. MHP liderinin fikrincə, Öcalan bunları edərsə, həbsdən azad edilməsi məsələsinə baxıla bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baxçalının bu təklifini dəstəkləyib.