29 Dekabr 2024 12:06
1 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədri, VI çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- 2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülh danışıqları məsələsində xeyli irəliləyiş baş verdi. Qazaxın 4 kəndi Azərbaycana təhvil verildi, sərhəddin 12 km-lik hissəsində delimitasiya prosesi həyata keçirildi. Sülh mətni üzərində mühüm irəliləyişlər var. Bu halda gələn il üçün proqnozlar nədən ibarətdir?

- Azərbaycan dövlətinin ciddi, səyləri, təzyiqi və uğurlu diplomatiyası ilə Ermənistanla münasibətlərin normallaşması üçün 2024-cü ildə mühüm addımlar atıldı. Xüsusi olaraq Qazax rayonunun Ermənistanın işğalında olan 7 kəndindən 4-ü geri qaytarıldı. Beləliklə, bu istiqamətdə 12 km-dən artıq bir hissədə delimitasiya və demarkasiya prosesindən sonra ilk dəfə olaraq Azərbaycanla Ermənistan arasında sərhəd dirəkləri basdırıldı. Ermənistanın mövcudluğu dövründə dövlət sərhədi olmamışdı. Beləliklə, Ermənistan ilk dəfə olaraq 12 km-lik bir sərhədə malik oldu. Çünki bu ölkənin digər sərhədləri delimitasiya və demarkasiya edilməyib. Amma bundan sonra sərhədlərin dəqiqləşməsi istiqamətində Ermənistan tərəfindən tələb olunan addımlar atılmadı. Erməni tərəfi ən müxtəlif bəhanələrlə bu prosesi uzatmağa başladı. Sərhədlərin dəqiqləşməsinə dair Azərbaycan və Ermənistan tərəfindən komissiya yaradılmasına baxmayaraq, prosesin davam etməsi üçün rəsmi İrəvan konkret mövqe sərgiləmədi.

- Ermənistanla sərhəddin müəyyənləşməməsi gələcək üçün hansısa əsaslar, problemlər yarada bilərmi?

- Bu, Azərbaycan üçün hansısa problemlər yaratmır. Ölkəmiz artıq özünün sərhəd postlarını qurub, kommunikasiya və digər infrastruktur yaradılıb. Ona görə də rəsmi Bakı bu məsələ ilə bağlı hansısa bir narahatlıq yaşamır. Belə bir narahatlığı Ermənistan keçirtməlidir.

- Bir müddət Ermənistan tərəfi sülh sazişinin imzalanacağı konkret tarix açıqlayırdı...

- Nikol Paşinyan və onun komandasının aparıcı üzvləri vaxtaşırı belə bəyanatlar səsləndirirdi. Hətta konkret tarix açıqlayırdılar. Lakin Ermənistan özündən asılı olan məsələləri həll etməkdən müxtəlif bəhanələrlə boyun qaçırmağa çalışır. Azərbaycanın sülhlə bağlı konkret tələbi odur ki, Ermənistan özünün konstitusiyasından ölkəmizə qarşı olan ərazi iddialarını ehtiva edən müddəaları çıxartmalıdır. Eyni zamanda ATƏT-in Minsk Qrupundan İrəvan rəsmi şəkildə imtina etdiyini bəyan etməlidir.

- Bakının bu iki tələbdən başqa əsas şərtləri nədən ibarətdir?

- Azərbaycan Ermənistanla arasında üçüncü qüvvələrin olmasını istəmir. Bu xüsusda Avropa İttifaqının mülki “missiya” adı altında Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə yerləşdirilən müxtəlif ölkələrin kəşfiyyat qrumlarının olması yolverilməzdir. Çünki bu gün Aİ-yə daxil olmayan Kanadanı təmsil edən qruplar belə Ermənistan tərəfindən şərti sərhədə cəmləşdirilib. Məhz bu baxımdan Azərbaycan həmin qrupların şərti sərhəddən çıxarılmasını şərt kimi qoyub. Erməni tərəfi isə bu məsələlər ətrafında manipuliyasiyalar aparır.

- Ermənistanın qeyri-müəyyən davranışlarına səbəb nədir?

- Bu gün Ermənistan daxilində Nikol Paşinyana qarşı olan revanşist qüvvələrin təsirləri az deyil. Eyni zamanda erməni lobbisi və digər kənar təsirlər də bu məsələdə mühüm rol oynayırlar. Rusiyanın da bu xüsusda təsirləri mövcuddur. Cənubi Qafqazda özünə yer axtaran ABŞ da maraqlarını ortaya qoyur. Digər tərəfdən bir neçə siyasi oyunların içərisində yer alan İran da prosesi pozmağa çalışır. Fransa isə davamlı olaraq rəsmi İrəvanı bu və ya digər formada fərqli səmtlərə çəkir. Bütün bunlar isə Ermənistan hakimiyyətinin konkret qərar qəbul etməsinə problemlər yaradır.

- Belə çıxır ki, 2025-ci ildə də sülh sazişinin imzalanması mümkün olmayacaq...

- Azərbaycanın tələb etdiyi məsələlər aradan qalxmasa, sülh sazişini imzalamaq mümkün olmayacaq. Çünki yarımçıq məsələlər ətrafında sülhü əldə etmək real deyil. Ona görə də 2025-ci ildə də sülhlə bağlı ehtimallar azdır.

- Sülhün əldə olunmaması tərəflərə nə vəd edir?

- Ermənistan sülh sazişinə imza atmaq istəmirsə, bu onun problemidir. Azərbaycanın elə bir sıxıntısı yoxdur. Ölkəmiz strateji hədəflərinə çatıb. Bundan sonra Ermənistandan tələb olunan hələ də nəzarətində saxladığı 4 anklav kəndin təhvil verilməsi ilə bağlı olacaq. Bu məsələ də öz həllini tapacaq.

- Dəhlizlə bağlı proqnozlar nədən ibarətdir?

- Ola bilsin ki, 2025-ci ildə Zəngəzur dəhlizi bu və ya digər formada öz həllini tapsın. Bu, istisna edilmir. Sülh sazişi olmasa da tərəflərin ilkin çərçivə sazişinə imza atması mümkündür. Məhz əldə oluna biləcək çərçivə sazişində diplomatik münasibətlərin yaradılması, hər iki ölkədə səfirliklərin açılması, daha sonra digər məsələlərin həllini tapması ehtimalı var. Həmçinin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı addımların atılması mümkündür. Çünki yekun sülh sazişi Ermənistanda böyük təlatümlar yaratmaqla Paşinyanın hakimiyyətdən getməsinə də səbəb ola bilər. 2026-ci ildəki seçkilərdə Paşinyan yenidən böyük üstünlük qazansa, ondan sonra daha cəsarətli addımlar atması ehtimal olunur.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər