Bu gün Xorvatiya vətəndaşları daha beş il müddətinə ölkəyə rəhbərlik edəcək prezidenti seçəcəklər.
Teleqraf.com xəbər verir ki, yerli vaxtla saat 07:00-da başlayan səsvermə üçün ölkədə 6650 seçki məntəqəsi açılıb. Səsvermə bu ölkənin vaxtı ilə saat 19:00-a qədər davam edəcək.
Xorvatiya Dövlət Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 3 milyon 762 min 224 vətəndaş səsvermə hüququna malikdir ki, onların da 250 mini xaricdə yaşayır.
Dövlət başçısı postu uğrunda 8 nəfər namizd mübarizə aparır. Seçkinin iki favorit namizdinin - hazırkı prezident Zoran Milanoviç və onun əsas siyasi rəqibi Xorvatiya Demokratik Birlik Partiyasının dəstəklədiyi müstəqil namizəd Draqan Primoranın digər namizədlərə nisbətən öndə olduğu bildirilir. Həmçinin dövlət başçısı vəzifəsi uğrunda mübarizədə “Most” siyasi partiyasının nümayəndəsi Miro Bul, müstəqil namizəd Tomislav Yoniç, “Mozhemo!” sol siyasi partiyasının lideri İvana Kekin və Branka Lozo, "DOMiNO" siyasi partiyasının sədr müavini Mariya Selak Raspudiç və müstəqil namizəd Niko Tokiç Kartelo iştirak edirlər.
Qeyd edək ki, seçkilərin birinci turunda heç bir namizəd səslərin 50%-dən çoxunu toplamazsa, 14 gün sonra ikinci tur keçirilir və birinci turda ən çox səs toplayan iki namizəd iştirak edir.