Hadisə baş verən andan hər birimiz kədər içindəyik. Qara qutular hələ açılmasa da, heyət üzvləri və sərnişinlərin ifadələri əsasında, təyyarənin qalıqlarına baxanda və digər əldə etdiyimiz məlumatlar bizə birmənalı şəkildə deməyə əsas verir ki, təyyarəmizə qeyri-qanuni müdaxilə olub.
Teleqraf.com xəbər verir ki, bu sözləri "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.
"Təyyarə güclü zədə alıb, təyyarəni idarə edən sistemlər sıradan çıxarılıb. Nədənsə ilkin olaraq bəzi yerlərdə bizim təyyarəni qəbul etməyiblər. Ekipaj təyyarənin qəzaya uğraması ilə bağlı Qrozni və Mahaçqala hava limanlarına siqnal göndərsə də, onları qəbul etməyiblər. Sonra da faciə baş verib. Günahkarlar tapılacaq və cəzalandırılacaq.
Azərbaycan pilotları yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirərək, təyyarəni təhlükəsiz şəkildə idarə ediblər. Bu hadisə, həmçinin, Azərbaycanın pilot hazırlığının və aviasiya təhlükəsizliyinin yüksək standartlara uyğunluğunu göstərir. Ölkəmizdə formalaşmış bu ənənələr illərdir qorunur və inkişaf etdirilir", - o deyib.